“Çarli Çaplin, Barış Manço, Koko Şanel olmaq istəyirəm” - Fotolar
Türkiyədən Özcan
Denizin yeni "İkinci şans” filmindən başlayaraq, "Muhteşem Yüzyıl Kösem”, "O
hayat benim” kimi reytinqli seriallara, bir çox tanınan qida məhsullarının və içkilərin
reklamlarına, hətta aparıcı olaraq 2 TV kanalından təklif alsa da, heç birini qəbul
etməyib. Reytinq yox, sənət dərdində olduğunu deyir. "15 dəqiqəlik məşhurlar”dan
olmaq istəmir. Çarli Çaplin, Barış Manço, Koko Şanel olmaq, onlar kimi tarixdə
silinməyən izlər qoymaqdır hədəfi. Müsahibimiz aktrisa, radio aparıcısı, yazar,
ssenarist Gülay Hüseynovadır. Qeyd edək ki, Gülay hazırda Türkiyədə yaşayır və
orada film analizi dərsləri alır. Eyni zamanda "Xəzər TV”də yayımlanan "28
iyun” serialının ssenarisini yazır.
- Gülay xanım, necə oldu, serial üçün ssenari
yazmaq qərarına gəldiniz? Təklifmi gəldi?
- Sözün düzü, bu
təklif mənə "P.S. Zaten boyun da küçüktü…”dən sonra gəlmişdi. Hansı ki, həmin
vaxtlar mən, ümumiyyətlə, ssenari yazmaq haqqında düşünmürdüm. Daha sonra
İstanbula köçməyim, kitabın Türkiyədə də çap olunması ilə başlayan imza günlərim
səbəbi ilə bu təklif bir müddət mənim tərəfimdən təxirə salındı. Çünki eyni
zamanda, həm bir reklam şirkətində media direktoru vəzifəsində çalışıb reklam mətnləri
yazdığıma, həm də həftənin 3 günü Akademik Sinema təhsili aldığıma görə ssenari
üçün vaxtım yox idi. Türkiyədə aldığım "Ssenari”, "Yaradıcı drama və yazarlıq”
dərs proqramlarım tam bitdikdən sonra, nəhayət ki, həm zehni, həm də fiziki
olaraq, özümü ssenari yazmağa hazır hiss etdim və Xəzər TV-nin təklifini dəyərləndirdim.
Və təsadüfdən, elə iyun ayında "28 İyun” serialı üçün müqaviləmizi imzaladıq.
- Roman müəllifisiniz. Romanmı yazmaq daha çətindir,
yoxsa serial üçün ssenari? Fərq nədədir?
- Ssenari! Hətta
müqayisə edilməyəcək dərəcədə bu iki iş bir-birindən fərqlənir. Çünki mənim 2
aya yazdığım ilk kitabım "P.S. Zaten boyun da küçüktü…” word (vörd) proqram
formatı ilə, hardasa, 120 səhifə idi ki, bu da kitab ölçüsündə 256 səhifə
edirdi. Amma həftəlik 80 dəqiqəlik serial isə, təsdiqlənən beynəlxalq ssenari
formatını örnək götürərək desək, həftəyə ən az 80 səhifəlik bölüm yazmaq deməkdir.
Qısacası, hazırda özümü həftəyə bir kitab yazıram kimi hiss edirəm. Həftələrlə
evdən çıxmayıb, gündə 20-21 saat yazdığım olur bəzən... İş kimi yanaşıb ciddi
displinlə çalışıram. Xəstələnməmək üçün özümü qoruyuram, yeməyimə diqqət edirəm.
Çünki serial komanda işidir; heç kim mənim sağalmağımı gözləyə bilməz, gözləməməlidirlər
də. Hər həftənin çərşənbə axşamı saat 22:00-da yeni bölüm efirə getməlidir, vəssalam.
Kitab yazanda isə belə olmuram. Ruhumu, beynimi və zamanımı bütünlüklə azad
edirəm. Fərdi məhsul olduğu üçün idarəetmə tamamən məndə olur. Bariz nümunə
olaraq da, ikinci kitabımın üzərində 2 ildən çox çalışdığımı deyə bilərəm. Çünki
hələ də mətbəəyə təhvil verməmişəm. Komanda işinin bir başqa tərəfi də budur
ki, serial ssenarisi, kitab kimi yazarın öncədən düşünüb planlaşdırdığı kimi
olmur, adətən. Aktyorlar canlandırdıqları obraza, obrazlar isə ssenariyə
istiqamət verir. Bəzən kiçik hesab etdiyim rolu canlandıran aktyorda elə gözəl
performans görürəm ki, böyük məmnuniyyətlə, obrazın səhnələrini çoxaldaraq, ön
plana çəkirəm. Bəzən də önəmli hesab etdiyim obrazdan da zəif aktyor oyunu
görüncə, o məşhur şeirdə deyildiyi kimi, "sınıb qol-qanadım yanıma düşür”. Və məcbur
həmin obraz üçün yeni bir həyat yolu düşünməyə başlayıram. Qısacası, hamıya
daşıya biləcəyi qədər yük verməyə çalışıram ki, hər kəs məmnun qalsın. Əlbəttə
ki, bu fikir "28 İyun” kimi sıfırdan yazılan orijinal ssenarilərə şamil edilir.
Hər hansı bir əsəri ekranlaşdıranda və ya artıq ekranlaşdırılmış bir işi
kopyalayanda bu incəliklər nəzərə alınmır.
- Həftələrlə evdən çıxmayıb, gündə 20-21 saat
yazdığınızı deyirsiniz. Azadlığa meylli birisi kimi bu cür həyat sizin üçün çətin deyil
ki?
- Hətta ifadə etməyəcəyim
qədər çətindir, həftələrlə bir yerdə əyləşib notbuk qucağımda fasiləsiz yazmaq.
Peşmançılıq keçirməmək üçün də özümü mükafatlandırıram. Hər bölüm sonu ya
kinoya, ya teatra, ya da gəzməyə gedirəm. Belə motivasiyalarım olmasa, dözülməz
olar çünki... (gülür – L.M.).
- Azərbaycanda dram janrındakı seriallar o qədər də
reytinqli olmur. Azərbaycan tamaşaçıları daha çox komediya janrındakı filmi
sevirlər. Sizcə, sizin ssenaristi olduğunuz "28 iyun” serialı nə dərəcədə
reytinq qazanacaq?
- Serialın
sifarişçisi olan Xəzər TV məndən dram janrı istəyəndə, sözün düzü, bir az tərəddüd
etmişdim. Çünki mənim xarakterim də, qələmim də tamamilə romantik komediya tərzindədir.
Amma "Qızıl qələm” mükafatlı bir yazarın janrdan qorxub geri çəkilmək kimi bir lüksü,
əlbəttə, olmadığına görə, özümü bir də dram janrında sınamaq istədim. Çünki bu,
hər şeydən əvvəl mənim özümə maraqlı və həyəcanlı gəlirdi. İki şeyə inanaraq da
yola çıxdım. Birincisi, təhsilini aldığım akademik ssenari texnikası, ikincisi,
xərçəng bürcünün xarakterimdə daşıdığım duyğusal özəllikləri. Reytinqə gəlincə,
mən bu serialı, 2016 ssenari texnikası ilə yazdığım üçün "Türkiyədə çəkilsə,
100 faiz reytinq qazanar!” dediyim halda, Azərbaycan üçün bu sözləri deyə
bilmirəm. Çünki təəssüf ki, Azərbaycan tamaşaçısı düşünmək istəmir. Əksəriyyət
insanın "komediya” anlayışı qadın paltarı geyinən kişidən, "dram” anlayışı isə
kəndirdən ibarətdir. Azərbaycanda öz rol aldığım seriallar da daxil olmaqla,
bir çoxu kəndirlə başlayır. Sanki mütləq kimsə özünü asmalıdır ki, tamaşaçılar
bu insanın dərdli olduğuna inansınlar. Mənim imzam olan işlərdə isə nə belə
"komediya”, nə də belə "dram” yoxdur, olmayacaq da! Çünki düşüncələrimi dəyişə
bilmərəm və yanlış hesab etdiyim şeyləri də insanlara təbliğ etmərəm. Anormal şeylər
gündəmə gəldikcə normallaşır. Televiziya, cəmiyyətin düşüncələrini istiqamətləndirən,
hətta bir çox halda insanların həyatını idarə edən güclü vasitədir. 27 yaşımda əlimdə
belə böyük bir imkan varsa, niyə də dəyərləndirməyim? Sona qədər doğrularıma
inanıram və inandırmağa da çalışacağam. Çünki reytinq dərdində deyiləm; sənət və
sağlam şüurlu cəmiyyət dərdindəyəm. Tərcümeyi-halımda adı keçəcək işlərə
olduqca diqqət edirəm. Nə vaxtsa adıma heykəl ucaldılacağına əmin olduğum üçün
indidən o heykələ layiq olmağa çalışıram (gülür – L.M.).
- Türkiyədə yaşadığınızdan serialın çəkilişlərinə
qatıla bilmirsiniz. Yaradıcı heyət sizin əziyyət çəkərək yazdığınız ssenarinin
"əvəzini” verə bilir?
- Bəli, məcburən,
müasir texnologiyanın yeniliklərindən faydalanırıq. Yazıram və İnternetlə göndərirəm;
sonra yazdığıma televizorda baxıram. Az əvvəl də qeyd etdiyim kimi, serial
komanda işi olduğuna görə, hər cür sürprizlərlə qarşılaşmaq mümkündür. Və əlbəttə
ki, bu sürprizlər arasında xoşa gələnlər varsa, xoşa gəlməyənlər də olur mütləq.
Bölümdən razı qalanda daha da həvəslə yazıram. Razı qalmayanda da hirsimin
soyumağını gözləyirəm ki, neqativ enerjim yazımın keyfiyyətinə təsir göstərməsin.
- Serialın "28 İyun” adlanması sizin ideyanızdır yəqin.
Maraqlıdır, 28 iyun həm də sizin doğum gününüzdür...
- Mənim üçün
layihə adı, ən az layihənin özü qədər önəm daşıyır hər zaman. Düşünürəm ki, adı
elə seçmək lazımdır ki, 10 il keçsə də, həmin ad deyiləndə insanlar heç nə ilə
səhv salmasınlar. "P.S. Zaten boyun da küçüktü…” adına həftələrlə düşünərək qərar
versəm də, "28 İyun”u bir neçə saniyədə beynimdə təsdiqlədim. Sırf doğum günüm
olduğuna görə, yaradıcılığımda da bu tarixin iz qoymağını istədim. Serialın mənə
aid hissəsi hələ ki, sadəcə adıdır. Ssenariyə gəlincə isə serial, 28 iyun
2006-cı il tarixində üç insanın həyatının tamamilə dəyişməsi ilə başlayır. Biri
doğum gününü qeyd edən balaca Kamran, digəri sui-qəsd nəticəsində ovda vurulan
Azər, üçüncüsü isə Azərin ölümündə günahlandırılaraq həbs edilən gənc həkim
Aysel. Hekayə eyni tarixdə həyat yolları dəyişən 3 insandan yola çıxaraq irəliləyir.
- Bir az da romanınızdan danışaq. "P.S.Zaten boyun
da küçüktü...” Azərbaycanda da, Türkiyədə
də uğur qazandı. İkinci romanınıza başlamamısınız?
- İnanın hətta "28
İyun”dan əvvəl üçüncü romanıma başlamışdım. Və 2016-cı ilin payızına ikinci
kitabımı nəşr etdirməyi qətiyyətlə düşünürdüm. Kitab hazırdır, amma mən son
qeydlərimi etmək üçün vaxt ayıra bilmirəm ki, sakit beyinlə əvvəldən oxuyum,
düzəlişlərimi edib bitirim və nəşriyyata təhvil verim. Həftəlik 80 dəqiqəlik
serial ssenarisi yazmaq insanın bütün şəxsi və sosial həyatını dondururmuş. Çünki
bir ürəyim və bir beynim var, onları da hələ ki, "28 İyun”a qoymuşam.
- "P.S.Zaten boyun da küçüktü...”nü filmə çevirmək təklifi almamısınız?
- Film təkliflərini
elə kitab çıxan vaxtlardan alırdım və görüşmələr hələ də davam etməkdədir. Amma
yəqin ki, "28 İyun” serialının finalını etdikdən sonra "P.S. Zaten boyun da küçüktü...”
filmi ilə ciddi məşğul ola bilərəm. Digər tərəfdən, məsələ belədir ki, ikinci
kitabım birincinin davamıdır. Yəni bir ehtimalıma görə də, 2 kitab = 1 film ola
bilər. İstənilən halda, ikinci kitabın nəşrindən sonra qəti qərara gələcəyəm.
- Artıq bir ilə yaxındır Türkiyədəsiniz. Filmə çəkilmək
kimi təklif almamısınız?
- İnandırım sizi
ki, Türkiyədən bu qədər təklif aldığı halda, sırf ssenarini bəyənmədiyi üçün
"yox” deyən tək azərbaycanlı aktrisa, yəqin ki, özüməm. Bu bir il ərzində Özcan
Denizin yeni "İkinci şans” filmindən başlayaraq, "Muhteşem Yüzyıl Kösem”, "O
hayat benim” kimi kifayət qədər reytinqli seriallara, eləcə də bir çox tanınan
qida məhsullarının və içkilərin reklamlarına, hətta aparıcı olaraq 2 TV kanalına
təklif almışam. Amma dediyim kimi, həqiqətən, reytinq dərdində yox, sənət dərdindəyəm.
Populyar olmaq hədsiz asandır çünki. Necə ki, hazırda gənclər endirimdə 2-3 şalvar-köynək
alıb fashion blogger, 3-5 yüngül video çəkərək də sosial media fenomeni
olurlar. "Enter” düyməsi çıxandan heç kim özünə əziyyət vermək istəmir. Hamı
istəyir tez bir zamanda "ulduz” olsun və olurlar da. Çox sevdiyim Barış
Mançonun gözəl bir sözü var idi: "2000-ci illərdə hər kəs çok ünlü olacaq, amma
sadəcə 15 dəqiqəlik”. Doğrudan da, indi belədir vəziyyət. Mən isə şəraitin
yaratdığı "15 dəqiqəlik məşhurlar”dan olmaq istəmirəm. Mən Çarli Çaplin, Barış
Manço, Koko Şanel olmaq istəyirəm. Tarixdə silinməyən izlər qoymaqdır hədəfim.
- Bizə bir neçə ay əvvəl verdiyiniz müsahibədə demişdiniz
ki, "aktrisa kimi oynamasam, həyat enerjim sönər, əsəblərim pozular, mən ola
bilmərəm”. Hazırda aktrisa kimi hansısa səhnədə özünüzü ifadə edə bilirsiniz,
yoxsa, enerjinizi "28 İyun” serialı ilə çıxarırsınız?
- Hələ də elə düşünürəm.
Çünki yaradıcılığımda qazandığım bütün uğurlarımı sırf yaxşı aktrisa olmaq üçün
etmişəm. Necə ki, səsimi düzgün idarə edə bilmək üçün radio aparıcısı oldum,
arzuladığım rolu oynaya bilmək üçün yazar oldum, kameranın bir də arxasını öyrənmək
üçün ssenarist oldum, rejissorluq təhsili aldım. Hamısı zəncirvari şəkildə
bir-biri ilə bağlıdır. İşin kökündə isə aktrisalıq dayanır, təbii ki... Yaxın
zamanda "28 İyun” serialında kiçik sürprizlər də gözlənilir, yeri gəlmişkən.
- Facebook paylaşımınızdan başa düşdük ki, "Acun
Medya”ya getmisiniz. Maraqlı təklif var?
- "Acun Medya”
ilə danışıqlarımız davam etməkdədir. Şərtlərdə razılaşa bilsək, maraqlı olacaq.
- Hazırda Sinematekdə film analizi dərsləri
alırsınız. Təhsilinizi başa vurduqdan sonra vətənə dönmək fikriniz var?
- Məsələ
burasındadır ki, mən Azərbaycana yerləşmədiyim üçün Türkiyəyə köçdüm. Aktrisa
olaraq, 4 serial, 5 film, bir o qədər də reklamların əsas rollarını
canlandırdım. DJ olaraq, aparıcısı olduğum radio proqram
ölkənin ən reytinqli səhər şousu idi. Yazdığım kitab 2015 bestselleri olub
"Qızıl qələm” mükafatına layiq görüldü. Mən Azərbaycanda edə biləcəyim hər şeyin
ən yaxşısını etdim və yaradıcılığımı zirvədə stoplayaraq İstanbula köçdüm.
Kiçik dənizin böyük balığı olmaqdansa, böyük dənizin böyük balığı olmağı
seçdim.
Lalə MUSAQIZI