“Ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən” - Örnək
"Hərdən
bizə müraciət edən tələbələr deyir ki, fitneslə məşğul olmaq istəyirəm. Amma
həmin adam heç fitnesin nə olduğunu bilmir. Çünki fitnes sözü bizdə bir qədər
yanlış qəbul edilib. Əslində, hər kəsin idmana öz baxış bucağı var. Kimsə
arıqlamaq, digəri kökəlmək, yaxud formaya düşmək, başqa biri isə təngnəfəsliyi
aradan qaldırmaq üçün idmanla məşğul olur. Bütün bunların hamısı bizim məşğul
olduğumuz idmanda cəmlənib. Bu mənada əsas məsələ nə istədiyini bilməkdir.
Problemin nə olduğunu demək çox önəmlidir ki, biz həmin problemə uyğun məşqlər
keçə bilək”.
Bu
sözləri bizimlə söhbətində ağırlıq
qaldırma üzrə dördqat dünya, üçqat Avropa, on bir qat respublika çempionu Zaur
Cəfərov söylədi. O, hazırda idman ustası və fitnes üzrə təlimatçı-məşqçi
olaraq fəaliyyət göstərir. Həmsöhbətim deyir ki, idmana gəlməzdən əvvəl fiziki
hazırlıqla məşğul olub. Daha sonra isə ağırlıq qaldırmağa başlayıb: "1997-ci
ildən, yəni 15 yaşımdan bəri idmanla məşğulam. Əvvəlcə həvəskar, 3-4 il sonra
isə professional idmanla məşğul olmağa başladım. Peşəkar idmançı olaraq ilk
uğurumu 2007-ci ildə respublika çempionu olmaqla qazanmışam. Həmin vaxt 205 kq
çəki dərəcəsində ağırlıq qaldırmışdım. Daha sonra yığmanın heyətinə cəlb
olundum və beynəlxalq yarışlarda iştirak etməyə başladım”.
Zaur
Cəfərov deyir ki, peşəkar müəllim seçimi insanın həyatında çox şeyi dəyişə
bilər: "Özüm bu günə qədər bir çox müəllimlərlə işləmişəm. Hazırda öz zalımda
tələbələrimə məşq keçirəm. Düzdür, ağırlıqqaldırma idmanın bir qədər çətin növü
hesab olunur. Ona görə də bu sahədə qalmaq göründüyü qədər asan deyil. Çünki
zədələnmə halları çox olur. Bundan başqa, qida, yuxu rejiminə xüsusi diqqət
yetirmək lazımdır. Yeganə idman növüdür ki, sənin hər zaman rəqibin var və bu
rəqib ştanqdır. Əsas məsələ düzgün müəllim seçimidir. Gənclərə də tövsiyəm odur
ki, peşəkar müəllimlərə müraciət etsinlər. Bununla yanaşı, idmançı gərək hər şeydən
əvvəl səbirli olmağı bacarsın. Çünki ağırlıq qaldırma insandan sözün bütün mənalarında
böyük güc tələb edir. Ona görə də yeməyə, istirahətə, yuxu rejiminə xüsusi
diqqət yetirmək lazımdır. Bu, bir növ atla tısbağanın yarışına bənzəyir. At tez
bir zamanda qaçıb yorulsa da, tısbağa uzun müddət öz yoluna davam edir. Səbir,
dözüm idmanın bu növünün əsas fəlsəfəsini təşkil edir. Elə zədələr var ki,
ömürlük olur. Əsas məsələ özünü bu zədələrdən qorumaqdır”.
İdman
ustası deyir ki, hər kəs özünə uyğun idman növünü seçməlidir: "Biz tələbə qəbul
edərkən müəyyən yoxlamalar edirik. Əgər o, bu imtahandan keçə bilirsə, deməli,
potensialı var. Ailələr çox nadir hallarda uşaqlarını bu idman növünə
istiqamətləndirir. Çünki valideynlər haqlı olaraq hər zaman öz övladlarını
qorumağa çalışır. Onlar düşünür ki, övladları bu idman növü ilə məşğul olsa,
tez bir zamanda zədə alacaq və ona görə də bir qədər tərəddüd edirlər. Mən özüm
iki il evdən gizli olaraq bu idman növü ilə məşğul olmuşam. Həmin vaxt məşq
zalları pullu idi. Ona görə də mənə hazırlığa getməyim üçün verilən pulları
idmana verirdim, dərslərimi isə özüm oxuyurdum. Bir dəfə müəllimim evə zəng
vurub demişdi ki, övladınız dərsə gəlmir. Ondan sonra evdəkilərə bunu deməli
oldum. İlk dəfə eşidəndə çox təəccüblənmişdilər. Valideynlərim idmanla məşğul
olduğumu biləndə məni çox danladılar. Deyirdilər ki, idman mənə görə deyil.
Buna baxmayaraq, mən öz yoluma davam etdim. İndi onlar mənimlə fəxr edirlər.
Atamın dəstəyi mənim üçün çox vacibdir. Yarışlara qatılmağımda da atamın mənə
maddi və mənəvi dəstəyi çox olub”.
Həmsöhbətim
deyir ki, idmanın bu növünə qəbul adətən 15 yaşdan başlayır. Amma istisna
hallar da var: "Elə uşaqlar var ki, 12 yaşı olmasına baxmayaraq, 21
yaşındakılardan daha güclüdür. Peşəkar müəllimlə çalışmaq həm də ona görə
önəmlidir ki, gəncləri düzgün istiqamətə yönəldə bilsin. Çünki uşaq yaşlarda
idmanın bu növünə öyrəşmək daha asandır. Gec başlayan idmançının zədə alma
riski də yüksək olur. Ağırlıqqaldırma üzrə federasiyada müəyyən normativlər
var. Müəyyən çəkinin öhdəsindən gələ bilənlər idman ustası adını qazanır. Daha
sonra Əməkdar idman ustası adına və Prezidentin fəxri fərmanına layiq görülürlər.
Bizdə normativlər o qədər yüksək səviyyədə təşkil olunub ki, Avropa
çempionatının normativlərinə uyğundur. Digər idman növlərindən fərqli olaraq 65
yaşa qədər ağırlıqqaldırma ilə məşğul ola bilərsən. Məsələn, bizdə 52 yaşında
dünya çempionluğunu qazananlar var. Bunun dəfələrlə şahidi olmuşuq”.
Dünya
çempionu deyir ki, insan gərək qolunun gücünə arxalanmasın: "Bəzən kimsə
idmanla məşğul olub öz qolunun gücünü başqalarına göstərməyə çalışır. Bunun
dəfələrlə şahidi olmuşuq. Mən bunu düzgün hesab etmirəm. Bizim əsas məqsədimiz
bayrağımızı göyə qaldırmaqdır. Əgər kimsə qoluna güvənirsə, səhnəyə çıxa bilər.
Bir şeyi bilmək lazımdır ki, səndən daha güclüləri həmişə var. Təkəbbürlü olmaq
lazım deyil. Əgər bu gün sən gücünü kiməsə göstərirsənsə, sabah səndən güclüsü
qarşına çıxacaq. Bəzən kimsə dünya çempionu olandan sonra hay salır ki, mən
çempionam. Başa düşmür ki, ondan əvvəl də bu ada layiq görülən idmançılar olub.
Təəssüf ki, belələri ilə çox rastlaşırıq. Önəmli olan ağılla gücü
birləşdirməkdir. İnsan yalnız bu halda güclü ola bilər. Ağlı olmayan insan öz
gücünü düzgün yerə istiqamətləndirə bilməz”.
Həmsöhbətim
söylədi ki, idmanda fiziki sağlamlıq qədər psixoloji sağlamlıq da önəmlidir:
"İnsan qarşısına məqsəd qoymalı və bu məqsədə doğru irəliləməlidir. Müəyyən
çətinliklər hər zaman qaçılmazdır. Önəmli olan məqsədə çatana qədər öz yolundan
dönməməkdir. Qarşıya çıxan əngəlləri problem kimi deyil, düşdüyün vəziyyət kimi
qarşılamaq lazımdır. Bir zədəyə görə illərlə məşq etməyən idmançılar var.
Əslində, idmançılar iki cür olur, bütün günü məşq edənlər və onları
televiziyadan izləyənlər. Zədədən sonra idmançının motivasiyası çox önəmlidir.
Burada mən yenə də müəllimin rolunu qeyd etmək istərdim. Çünki müəllimlərin
üzərinə çox şey düşür. Müəllim öz şagirdini istiqamətləndirməyi bacarmalıdır. Bu
elə bir haldır ki, təkbaşına vəziyyətdən çıxmaq çətin olur. Mənim də başıma
belə hallar gəlib. Bir dəfə iki qabırğam sınmışdı. Amma bunu özüm də
bilməmişəm. Evə gələndə gördüm ki, nəfəs alanda çətinlik çəkirəm. Kişilər
adətən, öz zəifliklərini və ağrılarını deməkdən çəkinirlər. Rentgendən sonra
məlum oldu ki, bir həftə əvvəl qabırğalarım çatlayıb. Elə o halda da məşqlərə
davam edirdim. Əgər mən bunu tələbələrimə hiss etdirsəydim, onlar qorxa
bilərdi. Standart zədələr hamıda olur. Əgər ağrıya dözməyi bacarırsansa, qalib
gələcəksən. Ağrının keçməyini gözləyirsənsə, qalib ola bilməzsən. Bütün bu
çətinlikləri gözə ala bilən insan uğur qazana bilər. Bəzən deyirlər ki,
filankəs dünya çempionu oldu. Bu, asan məsələ deyil. Necə ki, uşaq dünyaya
gələndə hamı sevinir. Amma çəkilən əziyyətləri heç kim bilmir”.
Z.Cəfərov
qeyd etdi ki, gələn ilin iyun ayında İrlandiyaya Avropa çempionatına
yollanacaqlar. Məşqlərə isə indidən başlayıblar: "8 ay ərzində yarışa
hazırlaşacağıq. Amma qıraqdan baxana bu çox sadə gələ bilər. Mən tələbələrimə
zədələndiyimi desəm, bu onların da psixoloji sağlamlığına zərər vura bilər.
Bəzən ata və anaların savadsızlığı uşaqları bədbəxt edir. Adi bir səbəbə görə
uşağı idmandan uzaqlaşdıran var. İlk dəfə sevindiyim çəki 135 kilo olub. Ən
yüksək göstəricim isə 275 kilo. Dünya rekordu 310 kq-dır. Məqsədim bu rekordu
yeniləməkdir. Amerikada olarkən bir qədər zəiflədim. Saat fərqi, düzgün
qidalana bilmədiyimə görə çəkim aşağı düşdü. Yol uzaq idi, yarışa bir gün
qalmış viza məsələsində problem çıxdı. Biz ora çatdığımız günün səhəri yarış
idi. Növbəti dünya çempionatı isə gələn ilin noyabr ayında olacaq. İdmanın bu
növündə idmançının ən böyük uğuru göstərdiyi nəticədir. Nəticə qazandığın
medaldan daha önəmlidir”.
Şəbnəm Mehdizadə