AZE | RUS | ENG |

“Ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən” - Örnək

“Ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən” - Örnək
Zaur Cəfərov: Əgər bu gün gücünü kiməsə göstərirsənsə, sabah səndən güclüsü qarşına çıxacaq

"Hərdən bizə müraciət edən tələbələr deyir ki, fitneslə məşğul olmaq istəyirəm. Amma həmin adam heç fitnesin nə olduğunu bilmir. Çünki fitnes sözü bizdə bir qədər yanlış qəbul edilib. Əslində, hər kəsin idmana öz baxış bucağı var. Kimsə arıqlamaq, digəri kökəlmək, yaxud formaya düşmək, başqa biri isə təngnəfəsliyi aradan qaldırmaq üçün idmanla məşğul olur. Bütün bunların hamısı bizim məşğul olduğumuz idmanda cəmlənib. Bu mənada əsas məsələ nə istədiyini bilməkdir. Problemin nə olduğunu demək çox önəmlidir ki, biz həmin problemə uyğun məşqlər keçə bilək”.
 
Bu sözləri bizimlə söhbətində ağırlıq qaldırma üzrə dördqat dünya, üçqat Avropa, on bir qat respublika çempionu Zaur Cəfərov söylədi. O, hazırda idman ustası və fitnes üzrə təlimatçı-məşqçi olaraq fəaliyyət göstərir. Həmsöhbətim deyir ki, idmana gəlməzdən əvvəl fiziki hazırlıqla məşğul olub. Daha sonra isə ağırlıq qaldırmağa başlayıb: "1997-ci ildən, yəni 15 yaşımdan bəri idmanla məşğulam. Əvvəlcə həvəskar, 3-4 il sonra isə professional idmanla məşğul olmağa başladım. Peşəkar idmançı olaraq ilk uğurumu 2007-ci ildə respublika çempionu olmaqla qazanmışam. Həmin vaxt 205 kq çəki dərəcəsində ağırlıq qaldırmışdım. Daha sonra yığmanın heyətinə cəlb olundum və beynəlxalq yarışlarda iştirak etməyə başladım”.
 

 
Zaur Cəfərov deyir ki, peşəkar müəllim seçimi insanın həyatında çox şeyi dəyişə bilər: "Özüm bu günə qədər bir çox müəllimlərlə işləmişəm. Hazırda öz zalımda tələbələrimə məşq keçirəm. Düzdür, ağırlıqqaldırma idmanın bir qədər çətin növü hesab olunur. Ona görə də bu sahədə qalmaq göründüyü qədər asan deyil. Çünki zədələnmə halları çox olur. Bundan başqa, qida, yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır. Yeganə idman növüdür ki, sənin hər zaman rəqibin var və bu rəqib ştanqdır. Əsas məsələ düzgün müəllim seçimidir. Gənclərə də tövsiyəm odur ki, peşəkar müəllimlərə müraciət etsinlər. Bununla yanaşı, idmançı gərək hər şeydən əvvəl səbirli olmağı bacarsın. Çünki ağırlıq qaldırma insandan sözün bütün mənalarında böyük güc tələb edir. Ona görə də yeməyə, istirahətə, yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır. Bu, bir növ atla tısbağanın yarışına bənzəyir. At tez bir zamanda qaçıb yorulsa da, tısbağa uzun müddət öz yoluna davam edir. Səbir, dözüm idmanın bu növünün əsas fəlsəfəsini təşkil edir. Elə zədələr var ki, ömürlük olur. Əsas məsələ özünü bu zədələrdən qorumaqdır”.
 

 
İdman ustası deyir ki, hər kəs özünə uyğun idman növünü seçməlidir: "Biz tələbə qəbul edərkən müəyyən yoxlamalar edirik. Əgər o, bu imtahandan keçə bilirsə, deməli, potensialı var. Ailələr çox nadir hallarda uşaqlarını bu idman növünə istiqamətləndirir. Çünki valideynlər haqlı olaraq hər zaman öz övladlarını qorumağa çalışır. Onlar düşünür ki, övladları bu idman növü ilə məşğul olsa, tez bir zamanda zədə alacaq və ona görə də bir qədər tərəddüd edirlər. Mən özüm iki il evdən gizli olaraq bu idman növü ilə məşğul olmuşam. Həmin vaxt məşq zalları pullu idi. Ona görə də mənə hazırlığa getməyim üçün verilən pulları idmana verirdim, dərslərimi isə özüm oxuyurdum. Bir dəfə müəllimim evə zəng vurub demişdi ki, övladınız dərsə gəlmir. Ondan sonra evdəkilərə bunu deməli oldum. İlk dəfə eşidəndə çox təəccüblənmişdilər. Valideynlərim idmanla məşğul olduğumu biləndə məni çox danladılar. Deyirdilər ki, idman mənə görə deyil. Buna baxmayaraq, mən öz yoluma davam etdim. İndi onlar mənimlə fəxr edirlər. Atamın dəstəyi mənim üçün çox vacibdir. Yarışlara qatılmağımda da atamın mənə maddi və mənəvi dəstəyi çox olub”.
 

 
Həmsöhbətim deyir ki, idmanın bu növünə qəbul adətən 15 yaşdan başlayır. Amma istisna hallar da var: "Elə uşaqlar var ki, 12 yaşı olmasına baxmayaraq, 21 yaşındakılardan daha güclüdür. Peşəkar müəllimlə çalışmaq həm də ona görə önəmlidir ki, gəncləri düzgün istiqamətə yönəldə bilsin. Çünki uşaq yaşlarda idmanın bu növünə öyrəşmək daha asandır. Gec başlayan idmançının zədə alma riski də yüksək olur. Ağırlıqqaldırma üzrə federasiyada müəyyən normativlər var. Müəyyən çəkinin öhdəsindən gələ bilənlər idman ustası adını qazanır. Daha sonra Əməkdar idman ustası adına və Prezidentin fəxri fərmanına layiq görülürlər. Bizdə normativlər o qədər yüksək səviyyədə təşkil olunub ki, Avropa çempionatının normativlərinə uyğundur. Digər idman növlərindən fərqli olaraq 65 yaşa qədər ağırlıqqaldırma ilə məşğul ola bilərsən. Məsələn, bizdə 52 yaşında dünya çempionluğunu qazananlar var. Bunun dəfələrlə şahidi olmuşuq”.
 

 
Dünya çempionu deyir ki, insan gərək qolunun gücünə arxalanmasın: "Bəzən kimsə idmanla məşğul olub öz qolunun gücünü başqalarına göstərməyə çalışır. Bunun dəfələrlə şahidi olmuşuq. Mən bunu düzgün hesab etmirəm. Bizim əsas məqsədimiz bayrağımızı göyə qaldırmaqdır. Əgər kimsə qoluna güvənirsə, səhnəyə çıxa bilər. Bir şeyi bilmək lazımdır ki, səndən daha güclüləri həmişə var. Təkəbbürlü olmaq lazım deyil. Əgər bu gün sən gücünü kiməsə göstərirsənsə, sabah səndən güclüsü qarşına çıxacaq. Bəzən kimsə dünya çempionu olandan sonra hay salır ki, mən çempionam. Başa düşmür ki, ondan əvvəl də bu ada layiq görülən idmançılar olub. Təəssüf ki, belələri ilə çox rastlaşırıq. Önəmli olan ağılla gücü birləşdirməkdir. İnsan yalnız bu halda güclü ola bilər. Ağlı olmayan insan öz gücünü düzgün yerə istiqamətləndirə bilməz”.
 

 
Həmsöhbətim söylədi ki, idmanda fiziki sağlamlıq qədər psixoloji sağlamlıq da önəmlidir: "İnsan qarşısına məqsəd qoymalı və bu məqsədə doğru irəliləməlidir. Müəyyən çətinliklər hər zaman qaçılmazdır. Önəmli olan məqsədə çatana qədər öz yolundan dönməməkdir. Qarşıya çıxan əngəlləri problem kimi deyil, düşdüyün vəziyyət kimi qarşılamaq lazımdır. Bir zədəyə görə illərlə məşq etməyən idmançılar var. Əslində, idmançılar iki cür olur, bütün günü məşq edənlər və onları televiziyadan izləyənlər. Zədədən sonra idmançının motivasiyası çox önəmlidir. Burada mən yenə də müəllimin rolunu qeyd etmək istərdim. Çünki müəllimlərin üzərinə çox şey düşür. Müəllim öz şagirdini istiqamətləndirməyi bacarmalıdır. Bu elə bir haldır ki, təkbaşına vəziyyətdən çıxmaq çətin olur. Mənim də başıma belə hallar gəlib. Bir dəfə iki qabırğam sınmışdı. Amma bunu özüm də bilməmişəm. Evə gələndə gördüm ki, nəfəs alanda çətinlik çəkirəm. Kişilər adətən, öz zəifliklərini və ağrılarını deməkdən çəkinirlər. Rentgendən sonra məlum oldu ki, bir həftə əvvəl qabırğalarım çatlayıb. Elə o halda da məşqlərə davam edirdim. Əgər mən bunu tələbələrimə hiss etdirsəydim, onlar qorxa bilərdi. Standart zədələr hamıda olur. Əgər ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən. Ağrının keçməyini gözləyirsənsə, qalib ola bilməzsən. Bütün bu çətinlikləri gözə ala bilən insan uğur qazana bilər. Bəzən deyirlər ki, filankəs dünya çempionu oldu. Bu, asan məsələ deyil. Necə ki, uşaq dünyaya gələndə hamı sevinir. Amma çəkilən əziyyətləri heç kim bilmir”.
 

 
Z.Cəfərov qeyd etdi ki, gələn ilin iyun ayında İrlandiyaya Avropa çempionatına yollanacaqlar. Məşqlərə isə indidən başlayıblar: "8 ay ərzində yarışa hazırlaşacağıq. Amma qıraqdan baxana bu çox sadə gələ bilər. Mən tələbələrimə zədələndiyimi desəm, bu onların da psixoloji sağlamlığına zərər vura bilər. Bəzən ata və anaların savadsızlığı uşaqları bədbəxt edir. Adi bir səbəbə görə uşağı idmandan uzaqlaşdıran var. İlk dəfə sevindiyim çəki 135 kilo olub. Ən yüksək göstəricim isə 275 kilo. Dünya rekordu 310 kq-dır. Məqsədim bu rekordu yeniləməkdir. Amerikada olarkən bir qədər zəiflədim. Saat fərqi, düzgün qidalana bilmədiyimə görə çəkim aşağı düşdü. Yol uzaq idi, yarışa bir gün qalmış viza məsələsində problem çıxdı. Biz ora çatdığımız günün səhəri yarış idi. Növbəti dünya çempionatı isə gələn ilin noyabr ayında olacaq. İdmanın bu növündə idmançının ən böyük uğuru göstərdiyi nəticədir. Nəticə qazandığın medaldan daha önəmlidir”. 
 
Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157