AZE | RUS | ENG |

Ağrılar sevdalısı

Ağrılar sevdalısı
Həə, əziz oxucu! Bir az vaxtını alıb bu günə kimi də sağ qalıb qalmamasından xəbəri olmayan, öz qəbrinə qısılan Əlisəmid Kürdən danışacağam. Deyəsən, tanımadın axı... Kür Əlsəmidi deyirəm də, alnının qırışından taleyin suvarı keçən, el-obası qan tər içində olan, bu şəhərdə bütün dilənçiləri tanıyan, qolları üstündə can verən, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmidi...
 
...Demək, yay aylarıdı... Günlərin bir günü özü ilə döyüşə-döyüşə ölümünə doğru gedən bu şərablar Tanrısı ilə bu şəhərdə qəfil rastlaşırıq. Üzündəki qırışlara salam verirəm... Nə başını ağrıdım... Stolu, stulu özümüzə tabe edib bir ağacın kölgəsinə bürünürük... Baxıram, qarşımdakı bu səhra adamına, tənhalıq aşiqinə... Yenə barmaqları saçlarında qaçışır, Allah boyda susqunluq ağuşunda dərin-dərin nəfəs alır... mənsə bu an eləcə Məmməd Arazı xatırlayıram; içində dünya müharibəsi, çölündə qurtula bilmədiyi sükut... Amma bir fərq var idi ki, onun sükutu təbiətin hökmü idi, önümdəki bu şərablar Tanrısının sükutu isə öz xarakterinin hökmü... 
Qayıdıram, müşahidəmi davam etdirməyə... gözləri havaya dikilib, qarşısındakı çay dolu stəkan da "Sonrası, sonrası nə ola, ola..." – deyib, ürəyi yana-yana qurbanlıq quzu tək bir ovcuna sığınıb.
 
...və özümü daha da toplayıb, yolumu taleyindən salıram bu susan köynəkli çovğunun. Başlayıram sükuta güllə ata-ata, xəfif-xəfif, oğrun-oğrun addımlaya-addımlaya ad günü keçirməyən həbsxanaların, 2400 kilometrlik həsrətin, köhnə divar saatında kəfgirdə yellənən qızın yanından keçməyə...
Bircə onu görürəm ki, hər sual verdikcə suallarımın əlindən tutub, gözündən öpüb gedir lap ömrünün unutduğu fəsillərinə.
Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm...
 
Zaman keçir... çay üşüyür... Daha sual da vermirəm... Elə bil ömrü bu saat bitəcək, eləcə ara vermədən özü danışır. Gah həyatdan, gah ömürdən... gah da şeirdən... gözləri qızarır, dodağı səyriyir, nəfəsi təngiyir... siqaretlərin naləsi ərşə qalxır... və birdən dediyi bir neçə cümlənin içindən bir söz çınqıl daş kimi gözümə düşür; "Bax, gör nə deyirəm, ay Emil. Bilirsən, hazırkı çağımızda Salam Sarvan da şairdi, Ramiz Rövşən də, Rüstəm Behrudi də... Amma mən onları taleyimlə yemişəm, taleyimlə!"
 
Aman Tanrım!!! Qəfil gözlərim titrəyir..."Taleyimlə yemişəm" – bu sözün enerjisindən özümü bir canavar dişində hiss edirəm bu taleyi canavar adamın qarşısında... Bəli, taleyi canavar adam!
...Əlisəmid Kür şəhər-şəhər, içki-içki, dilənçi-dilənçi, şeir-şeir, yalquzaq-yalquzaq azan səsində öz taleyinə təslim olmağı bacardı, öz taleyinə uduzmağı bacardı amma taleyi yenə qələbə çala bilmədi ki, bilmədi bu qəribə və bir az da qərib adamın.
...Həə, əziz oxucu ! Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir. Heç bəlkə özünün də xəbəri yoxdu. Çünki o dünyanın əqrəbləri itmiş saatıdır... Ehh, nə bilim e... Görsən, bircə deyərsən ki – niyə dəyişmədin Cəfərin oğlu?!.
 
Emil Rasimoğlu
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946