• cümə, 19 Aprel, 07:55
  • Baku Bakı 13°C

“Arif Hacılının özünə dedim ki...”

04.12.14 13:48 1019
“Arif Hacılının özünə dedim ki...”
Müsavat Partiyası başqanlığına keçmiş namizəd, növbədənkənar qurultaya hazırlıq üzrə təşəbbüs qrupunun rəhbəri Qubad İbadoğlunun APA-ya müsahibəsi
- Müsavat Partiyasının sentyabrın 27-də keçirilmiş qurultayı ilə bağlı gözləntiniz nədən ibarət idi?

- Gözləyirdik ki, Müsavat Partiyası başqaları üçün nümunə olacaq, azad, ədalətli bir seçki keçirəcək, bundan da Müsavat Partiyası qazanacaq. Çalışırdım ki, bu qurultayda partiya cəmiyyətə bir neçə nümunə versin. Məsələn, inzibati resurslardan sui-istifadəni qadağan edən qaydalar hazırlansın, Müsavat Partiyasının İcra Aparatı seçkiyə qarışmasın. Həm də gözləntimiz o idi ki, keçmiş başqan İsa Qəmbər bu prosesdə tərəf olmasın, sona qədər özünün bitərəfliyini qoruyaraq seçkinin ədalətli başa çatmasına nail olsun. Təəssüf ki, bunlar baş vermədi. Platformamı müdafiə edən tərəfdarlarımın da gözləntisi o idi ki, onların namizədi başqan seçiləcək və növbəti dövr üçün həm partiyanın idarəçiliyində, həm də kursunda müəyyən dəyişikliklər apararaq partiyanı daha da gücləndirəcəyik. Platformamız başqanlığa əsas namizədlərdən olan Arif Hacılının platformasından kəskin fərqlənirdi, onun platformasında növbəti dövr üçün partiyanın fəaliyyətində, idarəçiliyində, kursunda hər hansı dəyişiklik nəzərdə tutulmurdu. Bizim platformamızda isə partiyanın daha sivil, daha şəffaf idarə edilməsi, mübarizədə yeni metodlardan istifadə etməklə partiyanın gücləndirilməsi, yeni dövrdə gənclərin aparıcı qüvvəyə çevrilməsi, partiyanın xalqla bütünləşməsi nəzərdə tutulmuşdu. Həm də ictimaiyyətdə gözlənti var idi və biz bundan istifadə edərək partiyaya yeni nəfəs, yeni qüvvə cəlb etmək niyyətində idik.
- Əgər qurultaya hazırlıq prosesində şəffaflıq, ədalət prinsipi pozulmuşdusa, niyə qurultaya qədər hər şey barədə açıq danışmırdınız və bunu ictimailəşdirmirdiniz?

- Danışırdım, sadəcə, bağlı qapılar arxasında danışırdım. Biz intensiv şəkildə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarını keçirirdik. Mən müəyyən məsələləri mətbuata da çıxarırdım. Məsələn, inzibati resurslardan sui-istifadə hallarına yol verilməməsi, Təşkilat Komitəsinin düzgün formalaşdırılması ilə bağlı arqumentlərimi səsləndirmişdim. Təşkilat Komitəsinin toplantısında bir namizədin xeyrinə təmsilçiliyin təmin olunduğunu bildirirdim. Təşkilat Komitəsinin toplantıları çox gərgin keçirdi, demək olar ki, toplantılarda səsvermədə iştirak etmirdim. Bununla da Təşkilat Komitəsinə bir növ etirazımı ifadə edirdim. Hətta son iclasların birində Təşkilat Komitəsinin üzvü olan Mustafa Hacıbəyli bu komitənin legitimliyi məsələsini müzakirəyə çıxarmağı təklif etmişdi. Demişdi ki, burada oturan bəzi şəxslər Təşkilat Komitəsinin legitimliyini qəbul etmirlər...
Amma qurultaydan öncə hesab edirdik ki, bu istiqamətdə kifayət qədər işlər görülüb və yəqin ki, qurultayda bütün bunların üzərindən xətt çəkilməyəcək. Ona görə də düşünürdük ki, bu məsələləri bütövlükdə ictimailəşdirməyə ehtiyac yoxdur. Həm də zamanımız yox idi ki, həm seçicilərə platformamızı çatdıraq, həm də izah edək ki, hansı problemlərimiz, çətinliklərimiz var. İki işi bir yerdə görmək səslərimizin bir qisminin itirilməsinə gətirib çıxarardı.
- Bütün bunlardan sonra bir siyasətçi kimi qurultay gününə qədər niyə hesablaya, proqnozlaşdıra bilmədiniz ki, bu şərtlərdə qalib gələ bilməyəcəksiniz?

- Əslində biz bu variantları hesablayırdıq və müxtəlif variantlar müzakirə olunurdu. Əvvəldən bilirdik ki, seçkidə Arif Hacılı ilə deyil, İsa Qəmbərlə yarışmaq məcburiyyətində qalacağıq. Müxtəlif variantlarda yanaşmamız var idi. Bir yanaşmamız ondan ibarət idi ki, qurultayda seçkiyə qatılmayaq. İkinci yanaşmamız ondan ibarət idi ki, seçkiyə qatılsaq da, öz təbliğatımızı açıq şəkildə aparaq və hamı bilsin ki, bu seçkidə bizim əsas rəqibimiz kimdir. Üçüncü yanaşma ondan ibarət idi ki, seçkiyə qatılaq, amma seçkiyə bir az qalmış prosesdən çəkilək, çünki nəticələr əvvəlcədən bəlli idi. Amma təbliğatımız gözlədiyimizdən də yüksək nəticələr verdi, kifayət qədər böyük dəstək qazandıq. Xüsusən Bakı şəhərinin rayonlarının, əraziləri işğal olunmuş rayonların müsavatçıları birmənalı şəkildə bizi dəstəkləyirdilər. Regionlarda xeyli böyük dəstəyimiz var idi. Bizim hesablamalara görə, həqiqətən qurultayda böyük fərqlə qalib çıxmalı idik. Sadəcə, bəzi şeylər qurultaya bir neçə gün qalmış və qurultay günü baş verdi, bunlar da səsvermənin nəticələrinə təsir göstərdi. Göründüyü kimi, yalnız 2 səs fərqi ilə Arif Hacılı lazım olan baryeri keçə bildi.
- Qarşı tərəf belə arqument səsləndirir ki, o qədər insanın kabinələrdə səs verməsi texniki baxımdan mümkün deyildi, Qubad İbadoğlunun bunun seçkilərin nəticəsinə təsir göstərdiyini söyləməsi əsassızdır.

- Təşkilat Komitəsinin toplantısında artıq səslənmişdi ki, 20 kabinə olacaq. Hesablamışdıq ki, 1 seçicinin səs verməsi üçün nə qədər vaxt tələb olunur. Apardığımız hesablamalara görə, səsvermə üçün 3 saat vaxt lazım idi. Həqiqətən səsvermə sistemli, səliqəli təşkil edilsəydi, bütün qurultay nümayəndələrinin kabinələrdə səs verməsi təmin edilə bilərdi. Ola bilərdi ki, səsvermə 1 saat gec başa çatsın, amma ən azı bu istiqamətdə müzakirələr açılmazdı. Həm də çəkilişlər göstərir ki, kabinələrdə iki-iki səs vermə halları olub. Kabinədən kənarda qurultay nümayəndələrinin səs verməsi zamanı məsləhətləşmələr, müəyyən təsir və təzyiqlər də qeydə alınıb.
Bütün bunları əvvəlcədən hesablamışdıq, amma qurultay günü baş verənləri nəzarətdə saxlamaq o qədər də asan deyildi. Birincisi, böyük tədbir idi, ikincisi, biz artıq qurultaya gələndə bəlli oldu ki, partiyanın İcra Aparatının Təşkilat şöbəsinin müdiri Söhrab Məhərrəmov qurultay keçiriləcək Mədəniyyət Evinin qarşısında xüsusən regionlardan gələnləri saxlayır, İsa Qəmbərin adından deyir verir ki, onun seçimi Arif Hacılıdır, onlar da Arif Hacılıya səs versinlər. Həmin insanların içərisində elələri var idi ki, İsa Qəmbəri illərdir görməmişdilər, elələri də var idi ki, ümumiyyətlə, İsa Qəmbəri birinci dəfə qurultayda görürdülər. Çünki partiyada rayonlarla mərkəz arasında intensiv əlaqə yox idi, İsa Qəmbərin regionlara çıxış imkanları məhdud idi, belə böyük tərkibdə tədbiri partiya 6 il əvvəl keçirmişdi. Həm də nəzərə almaq lazımdır ki, söhbət 21 il partiya başqanı olan bir şəxsin adından deyilmiş sözün İcra Aparatının Təşkilat şöbəsinin müdiri tərəfindən çatdırılmasından, müəyyən seçicilərin bunu partiya tapşırığı kimi qəbul etməsindən gedirdi.
- Buna həmin gün etiraz etdiniz?

- Yerində etiraz bildirildi, hətta onu oradan kənarlaşdıranlar da oldu. Həmin gün Vurğun Əyyub özü İsa Qəmbərə dedi ki, göstəriş verin, o adamı oradan yığışdırsınlar, çünki adınızdan istifadə edərək seçicilərin iradəsinə təsir göstərir. Digər tərəfdən, qurultay elə təşkil olunmuşdu ki, başqalarının çıxış edib, fikir bildirmək imkanları yox idi. Yalnız namizədlər çıxış edə bildilər və namizədlərin çıxışları ətrafında heç bir müzakirə getmədi. Bəlkə də müzakirələr olsaydı, kimsə çıxıb o iradları deyəcəkdi. Bu da məqsədli şəkildə təşkil olunmuşdu. Biz də namizəd olaraq hər halda nəzərə alırdıq ki, qurultay ictimai diqqətdə olan məsələdir və çalışırdıq ki, öz platformamız və gələcək planlarımız barədə danışaq. Bu baxımdan da belə məsələlərə vaxt ayırmadıq. Həmin gün düşünmürdük ki, bu məsələlər son nəticədə səsverməyə təsir edə bilər. Əslində bəlkə də səslər arasında böyük fərq yaransaydı, heç bu məsələləri müzakirə etməyə də ehtiyac qalmazdı. Amma nəzərə almaq lazımdır ki, bu məqsədlə İsa Qəmbərin adından 50 adama söz deyilibsə, həmin insanların 5-i bunu icra edibsə, bu, kifayət edir ki, artıq həmin faktı səsverməsinin nəticələrinə təsir etmiş fakt kimi dəyərləndirək.
- Pozuntular qurultayda İsa Qəmbərə çatdırılanda onun reaksiyası necə olub?

- Bunu hər halda Vurğun Əyyubdan soruşmaq yaxşı olar. İsa Qəmbərin əvvəldən belə yanaşmaları var idi ki, belə xırda məsələlərlə məşğul olmayaq.
- Qurultaydan sonra baş verənlərin, sizin və tərəfdarlarınızın apardığı mübarizənin son nəticədə Müsavat Partiyasını zəiflətdiyi qənaəti yaranıb.

- Bunun səbəblərini partiyanın hazırkı idarəçiliyini həyata keçirən qurumlarda və şəxslərdə axtarmaq lazımdır. Qurultaya qədər Müsavat İsa Qəmbərin idarəçiliyində, eyni zamanda ona olan sevgi və onun xarizması əsasında başqa cür idarə olunurdu. Qurultaya qədər partiyada baş verənlərin müəyyən qismi ilə razılaşmayanlar bunu İsa Qəmbərə güzəştə gedirdilər. Amma qurultaydan sonra partiyada yeni bir dövr başlayıb və insanlar əvvəlki kimi Nizamnamə pozuntuları ilə partiyanın idarə edilməsi ilə razılaşmırlar, partiyanın əvvəlki siyasi kursunun dəyişdirilməsini, yeniləşdirilməsini, mövcud potensialdan daha səmərəli istifadə edilməsini istəyirlər. Belə fikirdə olanların sayının çox olması və bir mövqedən çıxış etmələri fonunda təbii ki, Müsavat Partiyasında qarşı tərəfin düşünüb daha dürüst, daha düzgün qərarlar verməsi həmin insanlar üçün çox əhəmiyyətli bir mesaj olardı . Ən azı partiyanın idarəçiliyində müəyyən dərəcədə dəyişikliklər baş verməli idi. Lakin əks xətt götürüldü və fərqli düşünən insanların cəzalandırılması kursu seçildi.
- Əgər əsas məqsədiniz Müsavat Partiyasına başqan olmaq yox, partiyanın demokratikləşməsi, yeniləşməsi, daha da güclənməsi idisə, niyə tərəfdarlarınızla birlikdə partiyada qurultaylararası dövrdə əsas qərarverici orqan olan, kursunu müəyyənləşdirən Məclisdə təmsil olunmadınız? Axı bu halda partiyanı idarə etmək, icraedici funksiyanı yerinə yetirən başqana, digər qurumların fəaliyyətinə nəzarət etmək, həm də tərəfdarlarınızın partiyadan uzaqlaşdırılması prosesinin qarşısını almaq imkanları qazanacaqdınız? Bunun müqabilində bu gün apardığınız mübarizənin mahiyyəti, adı nədir?..

- Mübarizəmizi çox sadə, çox sivil yanaşma ilə izah etmək olar. Əvvəla, hər bir namizədin öz platforması var. Mənim üçün əhəmiyyətli olan odur ki, platformamın reallaşdırılması mənim ilarəçiliyimlə, rəhbərliyimlə mümkündür, yoxsa yox. O şərtlərlə mümkün deyildi. O vaxt mümkün olardı ki, biz Məclisə təkliflərimizi veririk, Məclis həmin təklifləri müzakirə edir, hesab edir ki, bunlar məqbuldur və bu təkliflərin reallaşdırılması ilə bağlı qərar qəbul edir. O ərəfədə də yalnız bəyan etmədik ki, partiyanın seçkili və təyinatlı strukturlarında təmsil olunmayacağıq. Bunu deməklə yanaşı, partiyanın işinin yenidən qurulması və gücləndirilməsi ilə bağlı təkliflərimizi təqdim etdik ki, Məclisdə müzakirə olunsun. Bu, dialoq, polemika üçün çox konstruktiv bir yanaşma idi. Qarşı tərəf isə tək bizim qurultaya qədər və qurultayda baş verən pozuntularla bağlı arayışımıza münasibətdə deyil, hətta partiyanın gələcəyi üçün çox əhəmiyyətli təkliflər paketinə münasibətdə də eyni mövqedən çıxış edib, hər ikisini inkar etmək yolunu tutdu. O prosesə nominal şəkildə cəlb olunmağımızın partiyanın yenilənməsi, güclənməsi üçün qarşıya qoyduğumuz hədəflərə heç bir əhəmiyyətli təsiri olmayacaqdı. Təkliflərimizin əsas hissəsi partiyanın potensialından yaxşı istifadə etmək üçün analitik mərkəzin yaradılması, partiyanın gələcəyi ilə bağlı proqram və konsepsiyaların işlənməsi üçün komissiyaların formalaşdırılması idi. Eyni zamanda partiyanın 2015-ci il üçün fəaliyyət planının, 2015-2018-ci il üçün strateji planlarımızın işlənilməsinə yönələn təkliflər idi. Bu təkliflərimizi normal qarşılamaqla partiyanın əsasən intellektuallardan və gənclərdən ibarət narazı kəsimini prosesə cəlb etmək üçün imkanlar yaranardı və partiya bundan daha çox qazana bilərdi. Lakin partiyanın Məclisində bizim fəaliyyətimizi pisləyən, partiyadan çıxarılmağımıza dair çağırışların əksə olunduğu bəyanatları müzakirəyə çıxardılar. Hətta sonuncu müşavirədə barışıq üçün təkliflər paketini təqdim etdim. Amma aldığımız mesaj o oldu ki, iki yol var: Birinci yol odur ki, partiyada bir küncə çəkilin, bizə mane olmayın. İkinci yol da odur ki, partiyadan gedin. Əslində bu, barışıq yox, partiyanın idarə edilməsindən, gələcək siyasətindən kənarlaşdırılmağımız üçün təqdim edilən variantlar idi. Partiya üzvlərinin böyük əksəriyyəti belə mesajlar gözləmirdilər və ciddi şəkildə məyus oldular. Son istefalar da bununla əlaqədardır.
- Ümumiyyətlə, sizə qurultaydan sonra Məclis sədrliyi təklif olunmuşdu?
- Mənə qurultaydan dərhal sonra Məclis sədrliyi təklif olunmuşdu. Bu günlərdə də Məclisə rəhbərlik və idarə etməklə bağlı müzakirə olub. Əvvəla, mən Məclis üzvü deyiləm, Məclis sədri Məclis üzvləri arasından seçilməlidir. İkincisi, mənim partiyada apardığım mübarizənin məqsədi partiyada hansısa vəzifə tutmaq, hansısa mənafe əldə etməkdən ibarət deyil. Mən həm partiyanın idarəçiliyinin Nizamnaməyə uyğun aparılmasını, partiyadakı mövcud kursun, siyasətin yeniləşməsini nəzərdə tutan barışıq naminə təkliflər paketinə, həm də partiyanın işinin yenidən qurulması və gücləndirilməsi ilə bağlı tövsiyələr paketinə malikəm. Hər ikisini də partiyaya təqdim etmişəm. Mənim üçün əsas odur ki, partiyanın işində bunlar nəzərə alınsın.
- Bir an təsəvvür edək ki, siz qurultaydan sonra nəticələrlə razılaşmısınız, Məclis sədrisiniz, bu orqana kifayət qədər tərəfdarlarınız seçilir, səsverməyə təsir etmək üçün kifayət qədər imkanlarınız var. Belə olan halda da təkliflərinizi müzakirəyə çıxara bilərdiniz, sizə kim mane olacaqdı? Bu baxımdan bu gün geriyə baxanda seçdiyiniz yolun, taktika və strategiyanın özünüz və partiya üçün uğurlu olmadığını görürsünüzmü?

- Hesab edirəm ki, seçdiyimiz yol ardıcıl və sistemli olub, bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik. Sizin dediklərinizi reallaşdırmaq imkanları məhdud idi. Əvvəla, Məclis seçkilərində əsas üstünlük qarşı tərəfin nümayəndələrinə verilmişdi. Eyni zamanda biz tərəfdən Məclisə seçilənlərin bir qismi Məclisin legitimliyini tanımırdı, çünki Məclis özü qurultayda seçilsə də, seçilənlər qurultay tərəfindən təsdiq olunmamışdı. Qurultay növbəti günə keçirilmişdi və qurultay tərəfindən belə bir səlahiyyət Məclisə də verilməmişdi ki, qurultaydan sonra yığışacaq Məclis yeni Məclis üzvlərinin səlahiyyətlərini təsdiq etsin. Məclisin qeyri-legitim imici formalaşmışdı, bu istiqamətdə müzakirə və mübahisə gedirdi. Belə bir ərəfədə mən qeyri-legitim olduğu iddia edilən bir struktura rəhbərlik etməyə başlasam, bu taktiki yanaşma nə dərəcədə doğru olardı? Məclislə bağlı təklifləri biz dəyərləndirirdik, bu, yalnız mənim şəxsi qərarlarım deyildi. Hər halda bunun əleyhinə də kifayət qədər arqumentlər var idi ki, həmin təkliflərə razılaşmağımız nələrə gətirib çıxara və hansı fəsadlar verə bilər. İkincisi, Məclis partiyanın idarəçiliyində o qədər də əhəmiyyətli rol oynamır. Məclis 3 ayda bir dəfə toplanan strukturdur. Məclisin qərarları partiyanın Divanı və İcra Aparatı tərəfindən yerinə yetirilir. Bu gün əgər bu qurumlar öz işlərini lazım olan tələblərlə qurmurlarsa, partiya Nizamnamə pozuntuları ilə idarə olunursa və partiyanın daxili demokratiya sahəsində çətinlikləri varsa, bundan istifadə edənlər cəzalandırılırsa, düşünmürdüm ki, Məclis sədri məsələsi nəticədə daha yaxşı perspektivlərə gətirib çıxara bilərdi. Ən yaxşı yanaşma onda idi ki, tövsiyələr, təkliflər dəyərləndirilir, müraciətimiz Mərkəzi-Nəzarət Təftiş Komissiyasında daha obyektiv araşdırılır və bu proses özü də bir dialoq, polemika mövzusuna, formatına çevrilir, hər iki tərəfindən potensialından daha yaxşı istifadə etmək imkanını yaradır.
Müsavat Partiyasında baş verənlər göstərdi ki, Azərbaycanda siyasi partiyaların idarə edilməsində çox ciddi qüsurlar var. Çünki partiyaların özünün daxilində demokratik mühit lazım olan səviyyədə formalaşmayıb. Bunu mən tək Müsavat üçün demirəm, düşünürəm ki, bu, digər partiyalar üçün də dərs olmalıdır.
- Qubad bəy, fakt budur ki, hazırda kifayət qədər nüfuzlu tərəfdarlarınız partiyadan istefa verir, eyni zamanda “Azərbaycan Demokratiya və Rifah Hərəkatı” yaratmısınız və partiyadan daha çox kənara toplaşmaq meyli hiss olunur. Razılaşırsınızmı ki, sizin gücünüz partiyada azalır?

- İndiki halda bu və ya başqa taktikanın daha doğru olub-olmadığını dəyərləndirmək o qədər də asan deyil. Başqa mübarizə metodu seçsəydik, bəlkə bu, daha çox tərəfdarlarımızın partiyadan getməsinə səbəb olacaqdı. Ən azı belə dəyərləndirmə olacaqdı ki, elə Qubad İbadoğlunun istədiyi partiyada vəzifə tutmaq idi və ona da nail oldu, indi də bizim heç bir şərtlərlə partiyada fəaliyyətimizi davam etdirməyə marağımız qalmır. Bizim tərəfdarlarımızın çox böyük qismi intellektual kəsimin nümayəndələridir və biz istəyirik ki, müəyyən ictimai debatlar, diskussiyalar üçün bizim bir fəaliyyət formatımız olsun. Bunun yolunu həm demokratiya, həm də rifah üçün bir hərəkatın yaradılmasında gördük. İndiki halda partiyadan çıxarılanlar da, istefa verənlər də bir hərəkatda birləşmək imkanı qazanırlar.
- Hərəkatın qarşısında bir siyasi məqsəd də görünür. Bəyanatınızdan belə nəticəyə gəlmək olur ki, bu hərəkat seçkilərdə də iştirak edə bilər. Çünki dəyişikliklərdən danışırsınız və bu, siyasətsiz mümkün ola bilməz.

- Biz siyasi təşkilat deyil, ictimai təşkilat yaratmışıq və siyasi fəaliyyətimizi Müsavat Partiyasında davam etdiririk. Ümumiyyətlə, siyasi proseslərə, seçki prosesinə qoşulmaqla bağlı qərar yoxdur və qarşımıza belə bir hədəf də qoymamışıq. Biz hələ Təşkilat Komitəsi yaradacağıq ki, hərəkatın təsis konfransını keçirək. Orada hərəkatın idarəetmə orqanları seçiləcək və bundan sonra artıq qərarların verilməsi kollegial şəkildə həmin strukturlara həvalə olunacaq. Bu hərəkat Azərbaycanda demokratik dəyişikliklərə də töhfə verməlidir. Demokratik dəyişikliklər yalnız siyasi partiyaların deyil, bütövlükdə vətəndaş cəmiyyətinin hədəflərindən biridir. Hərəkatda təmsil olunanlar yalnız Müsavat Partiyasına üzv olanlar, partiyadan çıxarılanlar və ya istefa verənlər deyil. Digər siyasi partiyaların üzvləri, müstəqil şəxslər də hərəkata üzv ola bilər.
- Yəni, bir sözlə ifadə etmək olar ki, bu hərəkat Qubad İbadoğlu və tərəfdarlarının gələcəkdə hansısa partiya yaratmaq niyyətindən xəbər vermir və bu, sadəcə, ictimai təşkilatdır...

- Yəni, indiki şərtlər çərçivəsində biz bir ictimai təşkilat yaratmışıq.
- Bəs şərtlər dəyişsə?..

- Hər halda, biz çalışırıq ki, həmişə qərarlarımızı mövcud şəraitə və eyni zamanda şərtlərə uyğun olaraq verək. Hazırkı şərtlərdə hesab etmişik ki, hərəkat daha məqbul bir variantdır və bu variantın reallaşdırılması üçün çalışırıq. Bizim siyasi fəaliyyətimiz və məqsədlərimiz Müsavat Partiyası ilə bağlıdır. Siyasi proseslərdə təmsil olunduğumuz partiyalar vasitəsilə təmsil olunmaq imkanımız var.
- İndiki məqamda bu hərəkatın yaradılması Müsavat Partiyasının zəifləməsinə xidmət etmir ki? Sizin yeni bir hərəkat yaratmağınız Müsavat Partiyasında təmsil olunan və sizi qurultayda dəstəkləyən üzvlərin partiyadan istefa verib, sizin hərəkata qoşulmasına zəmin yaratmırmı?

- Əvvəla, Müsavat Partiyası ilə hərəkatı müqayisə etmək düzgün deyil, çünki biri siyasi, biri isə ictimai təşkilatdır. Biz yalnız bu yönümlü ictimai təşkilatlarla rəqabətə girə bilərik. Bizim Müsavat Partiyası və digər siyasi partiyalarla rəqabətə girmək niyyətimiz yoxdur. Çünki bizim siyasi iddiamız yoxdur. Müsavat Partiyasından və digər siyasi partiyalardan da təbii ki, bizə qoşulanlar olacaq və artıq təmsilçiliklə bağlı müraciətlər gəlir. Üzvlər arasında ola bilər ki, bir partiyanın üzvü olanların sayı digərlərindən çox olsun, çünki bu hərəkatın yaradılmasına təşəbbüs göstərənlərin böyük əksəriyyəti hazırda Müsavat Partiyasının üzvləridirlər. Yəni, mən düşünmürəm ki, bu, Müsavat Partiyasının zəifləməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, biz özümüz bundan sonra da partiyanın güclənməsi üçün fəaliyyətimizi davam etdirəcəyik.
- Müsavat başqanı Arif Hacılının dəvəti ilə aranızda görüş baş tutub. Sonuncu müşavirədə çıxış edən Arif Hacılı ilə sizi görüşə dəvət edən Arif Hacılı arasında bir fərq hiss etdinizmi? Yəni, Arif Hacılının yanaşması dəyişmişdi?

- Arif Hacılının sonuncu müşavirədəki çıxışı ilə bizim müzakirə etdiyimiz məsələlər arasında kifayət qədər sıx əlaqə var idi. Yanaşmalarda elə bir fərqlər ortalığa çıxmırdı. Yenə də mövcud xəttin davam etdirilməsi, partiyada müəyyən müzakirələrdə iştirak edən, öz mövqeyini açıq şəkildə bəyan edən şəxslərin cəzalandırılması ilə bağlı prosesin davam edəcəyini mən artıq bilirdim. Görüşdə də bunu isbatlayan yanaşmanı gördüm. Əslində, hazırda üzdə olan bu xətdir. Partiyada bu prosesin idarə olunması, hazırkı vəziyyətin dəyişdirilməsi üçün bir resept təqdim olunub. O da bundan ibarətdir ki, partiyanın hazırkı rəhbərliyinin fəaliyyətindən narazı olan fəal üzvləri cəzalandırmaqla digərlərini sakitləşdirmək xətti indiki vəziyyətin daha da böyüməsinə gətirib çıxaran bir yanaşmadır. Bu günlərdə Arif Hacılı tərəfindən barışıq mesajı səsləndirilib. Mən görüşdə Arif Hacılıya təklif etdim ki, barışıq üçün ilk növbədə öz ailə üzvlərinə müraciət etsin. İlk növbədə onların bizə qarşı apardığı kampaniyaya son qoyulmalıdır. Çünki onlar bu kampaniyanın ən aktiv idarəçiləridir.
- Bir sözlə, görüşün nəticəsindən razı qalmadınız?

- Mən görüşə gedəndə xüsusi gözləntilərim yox idi. Arif Hacılı ilə indiyə qədər də görüşmüşdük, sadəcə olaraq, müzakirə imkanlarımız olmamışdı. İndiki halda qarşılıqlı fikirlərimizi bölüşdük. Mən bu görüşü faydalı hesab edirəm. Çünki ən azı bizim fikirlərimizi bir-birimizə çatdırmaq baxımından bu görüş əhəmiyyətli idi ki, bu istiqamətdə həm də arqumentlərlə müzakirə açdıq.
- Partiyadan çıxarılan tərəfdarlarınızla bağlı müzakirə apardınız?

- Bəli, müzakirə mövzularından biri də partiyadan çıxarılanlarla bağlı oldu. Onların gətirdiyi əsaslarla bizim əks arqumentlərimiz həqiqətin müəyyənləşdirilməsinə xidmət edirdi. Yəni, bu istiqamətdə hesab etmirəm ki, müzakirələr bitəcək. Bundan sonra da belə məsləhətləşmələr mümkün olacaq.
- Arif Hacılı partiyadan çıxarılan tərəfdarlarınızla bağlı sizə nə dedi? Müşavirədə və mətbuata deyilənlər təkrar olundu?

- Arif Hacılı ilə hansısa sövdələşmə və ya mübadilə üçün getməmişdim. Mən sadəcə olaraq, onu bilmək istəyirdim ki, arqumentlər nə dərəcədə əsaslıdır ki, bu adamlar Müsavatdan çıxarılıb. O da öz tərəfindən əsaslandırdı ki, nəyə görə bu üsul və metodlarla partiyanı idarə etməyə üstünlük verilir. Arif Hacılının özünə də dedim ki, bu, yanlış yanaşmadır və partiyanı birləşdirməyə deyil, bölməyə xidmət edir.
- İsa Qəmbərin Müsavatdakı statusunu necə görürsünüz?

- Hər halda indiki statusu partiyanın güclənməsinə və inkişafına xidmət etmir. İsa Qəmbər özü müəyyənləşdirməlidir ki, hansı statusda bu prosesə daha çox töhfə verə bilər. Hazırkı statusda İsa Qəmbər partiyanın bir tərəfinin müdafiəçisi və demək olar ki, o tərəfin ideyalarının müəllifi rolunda çıxış edir. Hesab edirəm ki, bu status Müsavat Partiyasının maraqları baxımından İsa Qəmbərə yaraşmır. Hər halda İsa Qəmbər qurultay yanaşmasını ortaya qoyub və sıravi Məclis üzvü olsa da, Müsavatın müşavirələrində və digər toplantılarında da görünür ki, onun statusu sıravi Məclis üzvlərindən kifayət qədər yüksəkdir.
- Sizcə, partiyadakı proseslər bu şəkildə davam edərsə, partiya rəhbərliyi siyasətini dəyişməzsə, Müsavatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının taleyi gözləyirmi? Yəni, parçalanmalar baş verə bilərmi?

- Müsavat Partiyasını tərk etmək niyyətində deyilik. Partiyanın güclənməsində maraqlıyıq və Müsavatın parçalanması ilə bağlı heç bir ideyaya, layihəyə dəstək vermək niyyətində deyilik. Hesab edirik ki, partiyada prosesləri nəzarətə götürüb, idarəçiliyi Nizamnaməyə uyğunlaşdırıb, eyni zamanda daxili demokratiyanın imkanlarını artırıb, Müsavatı bu təhlükədən çıxarmaq imkanları var. Biz partiyada müzakirəmizi davam etdirəcəyik.
- Narazıların yaratdığı işçi qrupunda növbədənkənar qurultayın çağırılması məqsədilə təşəbbüs qrupu yaradılıb. Növbədənkənar qurultayla bağlı konkret addımlar nə vaxt atılacaq?

- Növbədənkənar qurultay hədəfimizdir. Fraksiya məsələsi isə həmin hədəfə çatmaq üçün bizim istifadə etdiyimiz vasitələrdən biridir. Növbədənkənar qurultay məsələsi gündəmdədir. Biz partiya daxilində prosesləri izləyirik, bununla bağlı müəyyən tədbirlər hazırlayıb, fəaliyyətə başlamaq niyyətindəyik. Sadəcə olaraq, bizi bu istiqamətdə düşündürən məsələ ondan ibarətdir ki, bəziləri Müsavatda fəaliyyətlərini davam etdirmək istəmirlər və istefa verirlər. Bu istefaların bəziləri haqqında mətbuatın məlumatı var, bəziləri barədə isə yoxdur. Ancaq biz çalışırıq ki, bu prosesi dayandıraq. Növbəti ildən öz resurslarımızı müəyyənləşdirib, növbədənkənar qurultayla bağlı fəaliyyətimizi genişləndirəcəyik.
banner

Oxşar Xəbərlər