Arif Hacılıdan yeni Rəsul Quliyev açıqlaması

Arif Hacılıdan yeni Rəsul Quliyev açıqlaması

Təfsilat
01 Avqust 2013, 15:57 703
“Rəsul Quliyevin şəxsiyyətini xarakterizə etmək mənim işim deyil. Bu, Açıq Cəmiyyət Partiyası üzvlərinin problemidir və onlar bu barədə düşünməlidirlər”.

Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.

O, Acıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin son günlər Müsavat Partiyasına qarşı səsləndirdiyi ittihamlara, Müsavat və Rəsul Quliyev arasında qarşılıqlı ittihamlara münasibət bildirib. A. Hacılı qeyd edib ki, Müsavat Partiyasının R. Quliyev və ya onun partiyası ilə hansısa problemləri mövcud deyil: “Biz sadəcə Rəsul Quliyevin bir neçə il ərzində Müsavat Partiyasına, onun liderlərinə qarşı apardığı ardıcıl siyasətə zaman-zaman cavab veririk. Son aylar ərzində Rəsul Quliyevin Müsavat və onun liderləri əleyhinə, yürütdüyü siyasət əleyhinə ittihamları, hətta Müsavatın tarixi ilə bağlı çoxsaylı açıqlamaları olub. Bütün bu açıqlamalara öz “facebook” səhifəmdə on cümlə ilə cavab vermişəm. Yəqin ki, mənim bu cavabıma verilən cavabları da toplasaq, bir kitab alınar. Bu adamlar mənim on cümləmə yəqin ki, bir kitaba yerləşəcək həcmdə cavab veriblər. Cavabları da kifayət qədər əsassızdır. Mövqeləri sabit deyil. Mənim cavabımdan sonra qarşı tərəfin isterikalı və çılğın açıqlamaları göstərir ki, biz düzgün mövqe tutmuşuq və hədəfi düz nişan almışıq”.

A. Hacılı indiki şəraitdə daha məsuliyyətli qərarların qəbul edilməsinin zəruriliyini vurğulayıb: “Məsuliyyətsiz mövqelər, cəmiyyətin azməlumatlı hissəsini çaşdırmaq cəhdləri ortaya çıxanda biz bir neçə cümlə ilə müəyyən məsələlərə aydınlıq gətiririk ki, belə bir hal baş verməsin”.