• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

Arif Hacılıdan Əli Kərimliyə sətiraltı mesajlar

25.06.15 11:03 1370
Arif Hacılıdan Əli Kərimliyə sətiraltı mesajlar
Müsavat Partiyasının sədri Arif Hacılının bu günlərdə keçirdiyi mətbuat konfransı bir sıra məqamlarla yadda qalıb. Əvvəlcə partiyanın müəyyən məbləğ qarşılığında saxta vəsiqə satması qalmaqalından danışan A.Hacılı məsələni araşdıracaqlarını deyib. Daha sonra isə parlament seçkiləri barədə fikirlərini bölüşən partiya sədri seçkilərdə həm eks-başqan İsa Qəmbərin, həm də özünün namizədliyinin veriləcəyini açıqlayıb: “İstər mənim, istərsə də sabiq başqan İsa Qəmbərin seçkilərdə iştirakı ilə bağlı müzakirələr aparılır. Bir neçə dairə var ki, namizədliyimizin həmin dairələrdən verilməsi ilə bağlı düşünürük”.
Bundan sonra mövzunun istiqamətini bir qədər dəyişərək digər müxalifət partiyalarını tənqid etməyə başlayan A.Hacılı öz partiyalarını onlara nümunə çəkib: “Müsavat Partiyasının qurultayında bir nəfərin iki dəfədən artıq başqan seçilməməsi müddəasına əməl olundu. Mən digər müxalif partiyaları da bu müddəanı tətbiq etməyə çağırıram”.
O, Milli Şura və AXCP-yə işarə edərək, onların Rusiya qəzetlərinə bir cür, Qərb mediasına isə başqa cür müsahibə verdiklərini vurğulayıb: “Heç kim hesab etməsin ki, belə oyunbazlığı görən yoxdur”. Heç kimə sirr deyil ki, A.Hacılının belə deməsi birbaşa AXCP rəhbərliyinin vurulmasına hesablanıb. A.Hacılı çəkinmədən Müsavatı demokratik partiya adlandırır və digər müxalif partiyaları da ondan nümunə götürməyə çağırır - qurultayın nə dərəcədə obyektiv keçirildiyi hələ də sual altında ola-ola və o səbəbdən yaranan söz-söhbətlər indiyə qədər səngiməsə belə. Yeni başqan AXCP bostanını daşlamaqla həm də Əli Kərimliyə konkret mesajlar göndərir. Bu çıxışla onun ikili oyunlar qurduğunu faş edir, hər tərəfə özünü və siyasətini bir cür təqdim etdiyini hamının diqqətinə çatdırır. Bu yolla həm də Kərimli-Həsənli birliyinin xalqı aldatdığını, konkret istiqamətlərinin olmadığını vurğulayır, onların pul gələn tərəfə qaçdıqlarını xatırladır. Çünki Milli Şuranın Rusiya layihəsi olub hazırda Qərbdən dəstək gözlədiyi də çoxdan məlumdur. Faktiki olaraq bu təşkilat özünün deyil, sponsorların tələb və istəyi, planı əsasında hərəkət edir.
Onu da deyək ki, A.Hacılının belə açıqlaması birmənalı qarşılanmır. Çünki bunun təkcə A.Hacılının mövqeyi olduğu inandırıcı deyil. Artıq cəmiyyətdə belə fikir formalaşıb ki, əgər bu sözü A.Hacılı deyirsə, deməli, əslində həmin fikir İ.Qəmbərə məxsusdur. Çünki yeni başqanın İ.Qəmbərin iradəsindən kənar heç nə etmədiyi çoxdan faş olub. Ən xırda məsələlərdə belə yeni başqanın müstəqil heç bir fikir bildirmədiyini və icazəsiz qərar vermədiyini hamı bilir. Onun elementar başsaglığını belə sələfindən “copy-paste” etdiyini xatırladaq. Belə ki, yeni başqan A.Hacılının nüfuzunu daha da aşağı salan məqamlardan biri bu il martın 30-da 31 Mart - Soyqırımı günü ilə bağlı Azərbaycan xalqına müraciəti olub. Çünki həmin başsağlığı ilə bağlı şok detallar məlum olub. Yəni aşkarlanıb ki, hazırkı başqanın müraciəti eks başqandan “copy-paste” edilib. Məhz həmin mətn iki il öncə, 2013-cü ilin 30 martında İsa Qəmbərin adından yayımlanıbmış. Bu il həmin müraciət “copy-paste” edilərkən yazıya o qədər əhəmiyyətsiz yanaşıblar ki, orada buraxılmış qrammatik səhvlər də olduğu kimi qalıb. Bunu görən ictimaiyyət ironiya ilə mətnin əvvəlində başqanın adının dəyişilməsinin unudulmamasına sevinib. Bu fakt həm də Müsavatdakı və yeni başqandakı səriştəsizliyin zirvəsi hesab olunur. Bu qalmaqaldan sonra A.Hacılının taleyüklü məsələlərdə necə davranacağı narahatlıq yaratmağa başlayıb.
Bu kimi faktlarla başqanlıq postuna formal olaraq gətirildiyi aşkar olunan və adı yalnız sənədlərdə rəsmiləşdirilən başqanın sonuncu çıxışının da tapşırıq olduğu şübhə doğurmur. Məsələnin mahiyyəti odur ki, yalnız indiki başqan deyil, eks-başqan da rəqib partiyanın liderinə qarşı hücuma keçib və onun vurulması hədəflənib. Çünki qarşıdan parlament seçkiləri gəlir. Belə vaxtlarda isə heç kim rəqibinin olmağını və mübarizənin çətinləşməsini təbii ki, istəmir. Ona görə də belə başa düşülür ki, A.Hacılının açıqlaması İ.Qəmbərin yeni strategiyası və seçkilər uğrunda mübarizəsidir. O, Ə.Kərimlinin qeyri-demokrat olduğunu və avtoritarlıq nümayiş etdirdiyini xalqın yadına salmaqla rəqibini daha da nüfuzdan salmaq, öz reytinqini isə qaldırmağa cəhd edir. Yəni faktiki olaraq Müsavat başqanları AXCP sədrini postundan getməyə çağırırlar. Ona xəbərdarlıq edirlər ki, parlament seçkiləri ərəfəsində özünü müxalifət lideri kimi təqdim etməsinə imkan verməyəcəklər. Bunun isə susqunluqla qarşılanmayacağı şübhəsizdir. Onsuz da son günlər bu iki partiya arasında münasibətlər yenidən pisləşib və müxtəlif mövzularda deyişmələr başlayıb. Ona görə də çılğın və səbirsiz, həmçinin Müsavatı pisləməyə fürsət axtaran Ə.Kərimli və dəstəsinin bu fikirlərə laqeyd qalmayacağı şübhə doğurmur. Bu isə o deməkdir ki, növbəti Müsavat – AXCP savaşına şahidlik edəcəyik.
H.Əsgər
banner

Oxşar Xəbərlər