• şənbə, 20 Aprel, 09:52
  • Baku Bakı 14°C

“Arif Hacılı öz açıqlaması ilə Müsavat Partiyasına balta vurur”

26.07.13 09:34 1930
“Arif Hacılı öz açıqlaması ilə Müsavat Partiyasına balta vurur”
Müxalifətin prezident seçkilərinə hazırlığı, Milli Şura daxilində fikir ayrılığı, Müsavat funksionerlərinin ittihamları, Rəsul Quliyevin təhqir olunması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırıb.
- Azərbaycanda oktyabr ayında növbəti prezident seçkiləri keçiriləcək. Müxalifətin bu prosesə hazırlığı hansı səviyyədədir?
- Təəssüflər olsun ki, seçkiyə çox az müddət qalsa da hələlik ölkədə seçki ab-havası duyulmur. Bunun obyektiv və subyektiv səbəbləri var. Həm yay mövsümüdür, həm ramazan ayıdır və sair. Bugünkü durumun siyasi kökləri də kifayət qədər dərindir və hazırkı ölgün durumu şərtləndirir. Lakin siyasi partiyalar öz çərçivələrində seçkiyə hazırlaşmaq məcburiyyətindədirlər. O cümlədən də Vətəndaş və İnkişaf Partiyası. Çalışırıq ki, partiyanın seçkidə qarşısına çıxacaq işlərə hazırlaşaq. Seçkinin siyasi, ideoloji, təşkilati və maliyyə hazırlıqlarını indidən görək. Hazırda seçki müddəti qısaldılaraq iki ay səviyyəsinə endirilib. Ona görə də faktiki olaraq, qanunlar nöqteyi-nəzərindən ölkədə geniş seçki kampaniyası aparmaq mümkün deyil. Biz də qanunların imkan verdiyi şərtlər daxilində seçkilərə hazırlığı davam etdiririk. Məndə olan məlumata görə seçki qərargahı olan digər siyasi partiyalar da daxildə öz imkanları çərçivəsində bu prosesə hazırlaşırlar.
- Partiyalarla yanaşı, özlərini demokratik qüvvələr kimi qələmə verən bir neçə şəxs tərəfindən təsis olunan Milli Şura da seçkiyə hazırlaşır. Bu məqsədlə artıq onlar özlərinin vahid namizədini də müəyyənləşdiriblər. Lakin seçkiyə yaxınlaşdıqca, müxalifətin vahid namizədini seçən partiya funksionerləri arasında ciddi fikir ayrılığı özünü göstərməkdədir. Siz bunları nə ilə əlaqələndirirsiniz?
- Əvvəla qeyd edim ki, Milli Şuranı müxalifət liderləri yaratmayıblar. Sadəcə oradakı təşkilat rəhbərləri Kremlin layihəsində iştirak etmək barədə qərar qəbul ediblər. Onları bir araya gətirən Rusiyanın ssenarisi əsasında reallaşan bu layihənin rejissorudur. Həmin şəxs isə Rüstəm İbrahimbəyovdur. Milli Şuradakı partiya funksionerləri arasında dərin ixtilafların yaranmasına gəlincə, bu da məlum məsələdir. Çünki həmin qüvvələr, fərdlər arasında səmimi münasibətlər mövcud deyil. Hətta onlar arasında bir-birinə düşmənçilik münasibəti bəsləyənlər də var. Diqqət yetirsək görərik ki, 1993-cü ildən bu yana gələn xeyli narazılıqlar mövcuddur onlar arasında. Orada təmsil olunan 6 şəxsdən 3-ü Əbülfəz Elçibəy, 3-ü isə Heydər Əliyev komandasının üzvləri olublar. Ötən 20 il müddətində müxtəlif siyasi mərhələlərdə onların qarşıdurması da, bir-birinə ünvanladıqları ağır ittihamları da olub. Bu gün ortaya çıxan ixtilafların kökləri dərin olduğu qədər həm də başa düşüləndir. Belə ki oradakı bir sıra şəxslər bu seçkilərdən özlərinin maraqlarının təmin olunması üçün yararlanmaq istəyirlər. Onların məhz Rusiya layihəsinə qoşulmanın səbəbi də budur. Bəlli qüvvələr Azərbaycanda vəziyyətin qarışması, ümumilikdə nəyin bahasına olursa olsun bu hakimiyyətin dəyişməsini istəyirlər. İstənilən şərtlər daxilində, hətta bəzi hallarda ölkəyə qayıdış, hakimiyyətdən heyif almaq, prosesdən dvident götürmək naminə bu işə qol qoyurlar. Başqa bir qrup isə hadisələrə tamamilə fərqli baxır. Bunlar İsa Qəmbər, Mirmahmud Mirəlioğlu kimi adamlardır. Onlar Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, bu prosesə qatılmaq fikrindədirlər. Göründüyü kimi onların fikirləri fərqli olsa da həmin qrupdan özlərinin partiya maraqlarını təmin etmək istəyirlər. Fikir ayrılığı, ixtilaflar əvvəldən gəldiyi kimi bugünkü şərtlər daxilində daha da dərinləşib.
- Bu günlərdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı parlamentin sabiq spikeri Rəsul Quliyev barədə açıqlama yayıb. Həmin açıqlamada R.Quliyevin ünvanına bir sıra ittihamlar səsləndirilib. Onun 1992-ci ildə ictimai rəydə arzuolunmaz şəxs, baş mafioz olduğu bildirilib. Sizcə Milli Şuraya dəstək verən iki şəxsin seçki ərəfəsində bir-birinə qarşı kəskin ittihamlar səsləndirməsinə səbəb nədir?
- Bu, partiyaların məhəlli maraqlarından irəli gələn qarşıdurmadır. Məsələ burasındadır ki, Rəsul Quliyev bu prosesdə tək iştirak etmir. Milli Şuranın daxilində R.Quliyevin təmsil etdiyi qrup seçkiyə Rüstəm İbrahimbəyovun namizədliyi ilə gedilməsinin tərəfdarıdırlar. Əks təqdirdə seçkiyi boykot etməyi qərarlaşdırıblar. Amma Müsavat Partiyasının bu seçkidən çıxarları fərqlidir. Çünki Müsavat Partiyası seçki dönəmindən sonra öz taleyində gərgin bir mərhələyə qədəm qoyacaq. 20 ilə yaxın müddət ərzində siyasi təşkilata rəhbərlik etmiş İsa Qəmbər artıq partiya başqanı kimi qala bilməyəcək. Müsavat rəhbərliyi bunun yaxşı fərqindədir. Ona görə də bu seçkidən uğurla çıxmağı qarşısına məqsəd qoyub. Digər tərəfdən, onlar başa düşürlər ki, yaxın keçmişdə 2008-ci ilin boykot taktikası var. Əgər bu dəfə də seçkilərə qatılmasalar, 2008-dən 2013-cü ilə kimi hansı aqibəti yaşayıblarsa, bundan 2018-ci ilə kimi də eyni aqibəti yaşamağa məhkum olacaqlar. Bu səbəbdən də partiya maraqlarından çıxış edərək, Milli Şuradakı boykot tərəfdarlarının mövqeyini vururlar. Gələcəkdə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, hansı ki bu ehtimal kifayət qədər yüksəkdir, Müsavat Partiyası şərtlər daxilində seçkiyə qatılmaq niyyətindədir. Ona görə də yaxın günlərdə bu ixtilafın daha da dərinləşməsinin şahidi olacağıq.
- A.Hacılı öz açıqlamasında bildirib ki, R.Quliyev mərhum prezident Heydər Əliyevi Ayaz Mütəllibova, A.Mütəllibovu Əbülfəz Elçibəyə, Ə.Elçibəyi yenidən H.Əliyevə, H.Əliyevi İsa Qəmbərə, İ.Qəmbəri isə sonradan başqalarına satan buqələmundur. Əgər həqiqətən R.Quliyev bu xarakterə malik şəxsdirsə, o zaman nəyə görə əvvəllər Müsavat Partiyası onunla tərəfdaşlıq edib?
- Tamamilə haqlı sualdır. Dünən bir araya gəlməyi qərar vermiş şəxslərin “palan içi tökmələri” və guya bu barədə məlumatlar onlarda indi formalaşıb kimi görüntü yaratmaları, yalnız özlərinə ziyandır. Mən onların daxili işlərinə müdaxilə etmək istəmirəm. Bunu onlar kənar təsir kimi qiymətləndirə bilərlər və ixtilafları səngiyər. Mənə elə gəlir ki, bu ixtilaflara bir az da dəstək vermək lazımdır. Çünki Milli Şura Rusiya layihəsidir və orada Azərbaycan dövlətini təhdid altına salan bir qruplaşma toplanıb. Onların məqsədi Azərbaycanı Avrasiya İttifaqına aparmaqdır. Bu səbəbdən onlar arasında ixtilaflar nə qədər dərinləşsə, bir o qədər Azərbaycan vətəndaşları, dövlətçiliyi üçün xeyirlidir. Ona görə də bu ixtilaflara girmədən hesab edirəm ki, konkret olaraq həmin açıqlamada Rəsul Quliyevin ünvanına səsləndirilən fikirlər Müsavat Partiyasının ziyanınadır. Böyük bir təcrübəyə malik olan Müsavat Partiyası əgər doğrudan da Rəsul Quliyev haqqında belə məlumatlara malik olubsa, nəyə görə 2003-cü ildə müxalifətin birliyini pozaraq ona baş nazir vəzifəsini söz veriblər? Yaxud, nəyə görə onunla birgə 2005-ci ildə seçki bloku formalaşdırır, 2008-ci ildə digər proseslərə qatılır, 2013-cü ildə isə Milli Şuranın təsis edilməsində iştirak edirdilər? Yəni, açıqlamadakı fikirlərlə Müsavat Partiyası özünə balta vurmuş olur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər