Arif Hacılı

Arif Hacılı "siyasi mühacir"lərə satmaq məqsədilə Almaniyaya 72 ədəd "diplom" aparıb

Təfsilat
11 Dekabr 2019, 11:25 113
Ortada digər maraqlı məqamlar da var, necə deyərlər, "mühacir bizneslərini" təkmilləşdirən fırıldaqçı Müsavat Partiyasının "liderləri" yeni-yeni "ideyalarla" çıxışlar edirlər. Buna misal kimi, Müsavat başqanı "moşennik" Arif Hacılının bu ilin yayında Almaniyaya etdiyi səfərini xatırlaya bilərik.
Trend-in məlumatına görə, bunu siyasi psixoloq Həmid Abdullayev Müsavat Partiyasının sədri Arif Hacılının Frankfurt səfərinin pərdəarxası məqamları barədə danışarkən deyib. Onun sözlərinə görə, A.Hacılının Almaniya səfəri ilə bağlı bir sıra sabiq müsavatçılar onun "biznes layihəsini" ifşa edən faktlarla bir-birindən ilginc məlumatlar səsləndirmişdilər:
"Məsələn, bəlli olmuşdu ki, Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün, daha doğru desək, bu tarixi faktdan sui-istifadə edərək, qazanc əldə etmək məqsədilə Frankfurt şəhərinə səfər etdi. Məhz keçmiş müsavatçılar da belə fikirdə idilər ki, A.Hacılının Almaniyaya getməsində məqsəd heç də tarixi AXC-nin yubiley tədbiri olmayıb. Bəlli olub ki, Müsavat başqanı ölkədən gedərkən özü ilə Avropada saxta "siyasi mühacir" statusu almaq istəyən şəxslərə satmaq niyyəti ilə 72 ədəd Müsavat "Diplom"u da aparıbmış. Nəticədə siyasi partiyasının maraqlarını bir kənara ataraq, bazar maraqlarını güdən və Müsavat adından saxta diplom alverini reallaşdıran Hacılı 72 ədəd diplomun hərəsini 500 avroya sataraq ümumilikdə şəxsi büdcəsinə 36 min avro əlavə etmiş olub. Nəzərə alsaq ki, həmin diplomlar sadə karton kağızdan hazırlanıb və onların hazırlanma xərcləri ümumilikdə maksimum 100 AZN-dən artıq da deyil, bu zaman rəqəmlər arasındakı fərqləri sadə gözlə də görmək mümkündür".
Daha sonra H.Abdullayev müsavatçı mənbəyə istinadən əlavə edib ki, bu bazardan əldə edilən gəlirin bir hissəsi Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb.
Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.