• cümə, 26 Aprel, 00:42
  • Baku Bakı 16°C

“Arif Hacılı qrupuna itaət etməyənlərə düşmən gözü ilə baxılırdı”

05.02.15 06:45 2125
“Arif Hacılı qrupuna itaət etməyənlərə düşmən gözü ilə baxılırdı”
Müsavat Partiyasının daxilindəki çəkişmələr davam etməkdədir. Partiyanın son qurultayından sonra baş verənlər təşkilatı parçalanmaq həddinə çatdırıb. Qubad İbadoğlu və digər namizədlər seçkinin nəticələrini tanımır, Arif Hacılı və tərəfdarları isə narazılara qarşı repressiyalara başlayıblar. Partiyadakı mühitdən narazılıq edənlər haqqında növbə ilə ölçü götürülür. Əks cəbhə faktiki olaraq susdurulur. Bu gərginlik və mübahisələr vaxtilə Müsavat Partiyasında təmsil olunmuş şəxslər tərəfindən də diqqətlə izlənilməkdədir. Onlardan biri də 1996-2002-ci illərdə Müsavat Partiyası Sumqayıt təşkilatında aktiv siyasi fəaliyyəti ilə də seçilən Qabil Rzayevdir. 2003-cü ildən İsveçrədə yaşayan Q.Rzayev köhnə müsavatçı kimi partiyada cərəyan edən hadisələr, qurultaydan sonrakı narazılıqlar, başqan Arif Hacılıya qarşı çıxanların cəzalandırılması, partiya daxilində yeni təşkilatların yaradılması və digər hadisələrlə bağlı fikirlərini bölüşüb.
- Qabil bəy, siz vaxtilə Müsavatın Sumqayıt şəhər təşkilatının rəhbərliyində təmsil olunmusunuz. Sonralar siyasi fəaliyyətdən uzaqlaşmağınıza səbəb nə oldu?
- Müsavat Partiyası sıralarını 2002-ci ildən tərk etmişəm. Buna səbəb o idi ki, mən, Azərbaycanda siyasi partiya formasında qalib gəlmənin qeyri-mümkün olduğunu bilirdim. Müsavat həmin vaxt ölkənin ən populyar partiyası idi. Bir çox insanlar sadəlövhcəsinə İsa Qəmbərin prezident olacağına inanırdılar. Belə bir vaxtda Müsavatı tərk elədim və indiki Ümid Partiyasının quruculuğunda yaxından iştirak etdim. 2002-2003-cü illəri əhatə edən bu dövrdə həmin partiyanın təşkilat məsələləri üzrə müavini oldum. Ümid Partiyasına gəlməkdə məqsədim bu idi ki, bu partiya sədrinin millət vəkili olmağından istifadə edərək, təməlindən öz əlimizlə qurduğumuz partiya qismində siyasi gedişatı real axına istiqamətləndirək. Lakin bunu reallaşdıra bilmədik. Müsavatdan çıxmağımın digər səbəbləri partiya rəhbərliyinin heç bir ciddi iş görmədən sadə üzvlərə, - “Biz tezliklə hakimiyyətə gələcəyik” – kimi yalançı vədlər verməsi idi. Partiya rəhbərliyi belə vədlərlə müvəqqəti bir daşqınlıq yaradır, Məhəmməd Əmin Rəsulzadənin bizlərə miras olaraq qoyduğu milli məfkurədən uzaqlaşır, avropalıların xoşuna getmək üçün liberallaşırdılar. Ən önəmlisi isə o zaman da Müsavat Partiyası daxilində çox çirkin şəkildə qruplararası savaş gedirdi. Amma çox təəssüf ki, başqan İsa Qəmbər bu qruplararası savaşlarda hər zaman tərəf kimi çıxış edirdi. O, hər zaman haqlının deyil, güclünün tərəfində dayanırdı. Sumqayıt təşkilatında da Arif Hacılının qrupu İkram İsrafil və Fəxrəddin Abbasın simasında hakim idi. Elə bir atmosfer yaratmışdılar ki, Arif Hacılı qrupuna itaət etməyənlərə düşmən gözü ilə baxılırdı. Bu barədə mən bir dəfə təşkilatımızın digər üzvü ilə birlikdə İsa Qəmbərin yanında olduq. O, bizim şikayətimiz üzərinə çox əsəbiləşdi.
- Müsavat Partiyasının 10 ilə yaxın bir müddətdə gecikdirilən son qurultayı ötən ilin sentyabr ayında keçirilsə də daha çox narazılıqlarla yadda qaldı. Sizin həmin qurultay, orada baş verənlərlə bağlı mövqeyiniz necədir? Son qurultaydakı seçkini necə qiymətləndirirsiniz?
- Son qurultay öz düşüncələrimdə məni bir daha haqlı çıxardı. Ortaya çıxdı ki, bu Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin deyil, İsa Qəmbərin Müsavatıdır. Bəlli oldu ki, İsa Qəmbər yandaşlarıyla birlikdə milli ideologiyamızı axıra qədər xərcləyib, partiyadakıların beyinlərində və ruhlarında mənəvi dəyərləri tamamilə yox edib. Müsavatın son qurultayında İsa Qəmbərin dəstəyi ilə demokratiyaya göz görəsi təcavüz edildi. Partiyada çoxluq susduruldu. Onsuz da mən demokratiyanın bu qədər ayaqlar altına atılmağında İsa Qəmbər və Arif Hacılının çox gizli planlarının olduğundan şübhələnirdim. Qubad İbadoğlu başda olmaqla, açıq-aşkar durumu dərk edən səmimi müsavatçılara qarşı siyasi soyqırımı baş verdi.
- Müsavat başqanlığına iddialı olan, bununla bağlı qurultaydakı seçkilərdə öz namizədliyini irəli sürən Q.İbadoğlu, Səxavət Əlisoy seçkilərdə kütləvi saxtakarlığın və pozuntu hallarının müşahidə edildiyini bildirirlər. Siz onların bu fikirləri ilə razılaşırsınızmı, bu barədə mövqeyiniz necədir?
- Qubad bəylə mən Bakı fizika-riyaziyyat təmayüllü internat məktəbinin məzunlarıyıq. Qubad bəy məndən bir il öncə bu məktəbi qurtarıb. O, bizim məktəbimizdə dərin zəkası, əxlaq və milli düşüncəsinə görə hər kəs tərəfindən sevilirdi. Səxavət bəyi isə mən Müsavatın Sumqayıt təşkilatından tanıyıram. Onunla sonuncu dəfə 2003-cü ildə Sumqayıtdan Bakıya Müsavatın seçki qərargahının qarşısına yardıma gələrkən görüşmüşük. Səxavət bəy həqiqi müsavatçı, sözün düzünü deyən, çox dürüst bir insandır. Hər iki insan Məhəmməd Əmin Rəsulzadə müsavatçılarıdır. Məhz bu səbəbdən də İsa Qəmbər və Arif Hacılı Müsavatda lokomotiv rolunu oynaya biləcək bu insanların nəinki partiya rəhbərliyinə gəlmələrinə, heç partiyada qalmalarına da razı ola bilməzlər.
- Müsavatın yeni başqanı Arif Hacılının legitimliyini şübhə altına alanların, fərqli düşüncə sahiblərinin partiyadan kənarlaşdırılması, bununla onların cəzalandırılması nə dərəcədə düzgündür? Sizcə, nə üçün yeni başqan və komandası fərqli fikrə qarşı bu qədər dözümsüzdülər?
- Bundan əvvəl dediyim fikirlərdə bu sualın cavabını da tapmaq mümkündür. İsa Qəmbər- Arif Hacılı ittifaqı daim nəzarətdə saxlaya, idarə edə biləcəkləri bir partiya istəyirlər. Az olsun, bizim olsun prinsipi ilə yanaşmadır bu. Əslində, bununla İsa-Arif birliyinə qarşı olanlar üçün tarixi fürsət ortaya çıxıb. Qubad bəy arxasınca gedən yoldaşlarına davasını düzgün izah etməli, xaricə səfərlərini bir müddət təxirə salaraq, rayon-rayon, kənd-kənd gəzib mübarizəsinin məqsədini, əsas hədəflərini sadə müsavatçılara anlatmalıdır. Tərəfdarlarını yumruq kimi bir araya gətirdikdən sonra ADR Hərəkatını Məhəmməd Əmin Rəsulzadə Müsavatına döndərmək işinə baxmalıdır. Partiyanın da adını Milli Musavat qoymalıdır.
- Son vaxtlar ard-arda Müsavatdan istefalar olur. Ömürlərinin böyük bir hissəsini bu partiyanın quruculuğuna həsr edənlər təşkilat ilə yollarını ayırırlar. Siz bunu Müsavat üçün itki sayırsınızmı?
- Əgər istefa edənlər bunu davalarına, mübarizələrinə bağlayırlarsa, o zaman həmin insanlar Qubad bəyin yanına gedərək, həqiqi Müsavatı yenidən canlandıra bilərlər. Şəxsi siyasi ambisiyalarına görə partiyanı tərk edənlər hər iki tərəf üçün heç bir siyasi əhəmiyyət daşımır. Bu, o deməkdir ki, bundan sonra kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməlidir.
- Müsavatda baş verən hadisələrə münasibət bildirərkən keçmiş başqan İ.Qəmbər xələfi A.Hacılını müdafiə edən mövqe sərgilədi. Sizcə, İ.Qəmbərin narazıların fikirlərinə əhəmiyyət vermədən A.Hacılını dəstəkləməsi nə dərəcədə ədalətli idi?
- İsa Qəmbər 1992-ci ildə ədalətli şəkildə Müsavatı bərpa etmədi ki, indi də son hadisələrlə bağlı ədalətli davransın.
- Yaşananları nəzərə alsaq, bu partiyanın gələcəyini necə görürsünüz? Sizcə A.Hacılı istefaların, narazılıqların, daxili çəkişmələrin qarşısını alaraq partiyanı parçalanmadan xilas edə biləcəkmi?
- Müsavat Partiyası defakto iki yerə bölünüb. Əqidəli müsavatçılar ya partiyadan qovulublar, ya da bezdirilərək istefa ediblər. İsa Qəmbər və Arif Hacılının partiyası çoxdan Müsavat olmaqdan çıxıb. Heç olmasa indi hadisələr hər kəsin görə biləcəyi səviyyədə ortaya çıxdı. İndi söz həqiqi əqidəli müsavatçılardadır. Hər kəs bayrağımızın üç rənginə hörmət edəcək, Məhəmmədəmini təhrif etməyəcək, milli-dini dəyərlərimizi inkar edərək tək cağdaşlığı önə çıxarmayacaqdır. Belə bir düşüncə ilə Qubad bəy yaxın silahdaşlarıyla Milli Müsavat Partiyasını elan edə bilər. Beləliklə Müsavat ideologiyamızı xilas etmə şansı yaranar. İsa Qəmbər və Arif Hacılı Azərbaycan siyasi orbitindən çıxmış durumdadırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər