• cümə axşamı, 18 aprel, 10:40
  • Baku Bakı 12°C

Arıçını bal tutmağa vadar edəcək qərar

08.10.18 16:20 2018
Arıçını bal tutmağa vadar edəcək qərar
Balı sağlamlığımız üçün olduqca faydalı, dadlı məhsullardandır. Hətta, bir çox xəstəliklərin müalicəsində də baldan istifadə edilir. Bu qədər xeyirli bir məhsulun necə ərsəyə gəldiyini, hansı çətinliklərdən keçərək bizim ağzımızı dadlandırdığını bilmək maraqlı olardı. Bu işdə arıçıların rolu böyükdür. Arıçılıq xalqımızın lap qədimdən məşğul olduğu peşə sahələrindən biridir. Hazırda bölgələrdə bu işlə məşğul olan, ailəsini, sırf bu işdən qazandığı vəsaitlə dolandıranlar çoxdur. Əlbəttə, bu iş necə çətin və əziyyətli olduğu da şəksizdir. Çünki bütün günü arıların içərisində olmaq, onlara qulluq etmək, bal hazır olduqdan sonra onu süzmək asan deyil. Çox təəssüf ki, bu sahəyə də haram qatanlar var. Bəzi işbazlar bazara saxta bal çıxardaraq, əsl zəhmətkeşlərin əməyini heçə endirir. Bala olan inamı öldürürlər. Belələri ilə mübarizə aparmaq və arıçılıq sahəsini inkişaf etdirmək üçün dövlət səviyyəsində tədbirlər görülür. Belə ki, Azərbaycanda noyabrın ortalarından etibarən arıçılıq təsərrüfatı olan şəxslərə, arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılacaq. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək: "Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək. Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, subsidiyalar bu ildən başlayaraq, 5 il ərzində veriləcək. Bu müddət daha sonra artırıla da bilər. V.Hüseynov əlavə edib ki, oktyabrın ortalarından başlayaraq, Kənd Təsərrüfatı Nazirliyində yaradılmış xüsusi komissiya bölgələr üzrə arı ailələrinin pasportlaşdırılmasına başlayacaq və hər arı ailəsinə identifikasiya kodu veriləcək. Bunun əsasında ilk dəfə olaraq, Azərbaycandakı arı ailələrinin dəqiq statistikası aparılacaq: "İndi arı ailələrinin sayı ilə bağlı müxtəlif rəqəmlər var. Bəziləri Azərbaycanda 300 min, bəziləri isə 360 min arı ailəsinin olduğunu deyirlər. Amma tam qeydiyyat aparıldıqdan sonra onların sayı dəqiqləşdiriləcək”.
V.Hüseynov qeyd edib ki, subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır: "Arıçılar məhsul yığımında arının balını tam olaraq götürürlər. Bu halda, arılar qida problemi ilə üzləşdiyindən, mart-aprel ayında artıq arı ailələrinin çoxu məhv olur. Buna görə də, dövlət subsidiya verir ki, arının balını özünə saxlasınlar, arı ailələri ölməsin”.
V.Hüseynov əlavə edib ki, subsidiyaların verilməsi arıçılıq məhsullarının ixrac imkanlarını genişləndirə bilər. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə həmsöhbət olub, atılan addımın növbəti mərhələdə arıçılığın inkişafına necə təsir edəcəyini, hansı effektlərin əldə olunacağını öyrənməyə çalışdıq.

"Şəfa” bal markasının yaradıcısı Osman Kazımov özü mühəndis olsa da, babasının və atasının peşəsini davam etdirir. Hazırda istehsal etdikləri balın satış işi ilə məşğul olur. Osman deyir ki, arıçılara subsidiyaların verilməsi bu sahənin inkişafı üçün olduqca yaxşıdır: "Subsidiyaların verilməsi ilk növbədə, arıçılara maddi olaraq dəstək deməkdir. Bu addım arıçıların işə olan sevgisini artıracaq. Çünki hazırda bu işlə məşğul olan sahibkarların bir çoxu mənfəət əldə etmək üçün arıları saxlayır. Bundan başqa, daha çox qazanc üçün arı pətəklərinin sayı artırılacaqdır. Həmçinin, bu addım bazarda saxta balın azalmasına da səbəb olacaq. Çünki bəzi dələduzlar pətəkləri az olduğundan, məhsulu da az istehsal edirlər, amma tərkibinə başqa maddələr qataraq, satışa çıxarırlar. Bu da insanlarda bala olan inamı qırır. Onlara, hətta, təmiz bal da təklif etsək, almırlar. Düşünürəm ki, arı ailələrinin pasportlaşması bu problemin həlli üçün əhəmiyyətli olacaq”. Həmsöhbətim bildirdi ki, atılan addım iqtisadi baxımdan da əlverişlidir: "Səhv etmirəmsə, hazırda bala olan ehtiyacımız 180 tondur, yerli istehsal bunun yalnız 150 tonunu təmin edə bilir. Qalan 30 tonu xaricdən alırıq. Bu da valyutanın ölkədən çıxmasına səbəb olur. Amma qeyd edilən bu addımlar atıldığı zaman, yerli istehsal nəinki özünü təmin etməklə kifayətlənər, hətta, ixrac potensialını da genişləndirər. Yəni subsidiyaların verilməsi ilə arıçılar saxladıqların arı ailələrinin sayını artırmaqda maraqlı olacaqlar ki, bu da növbəti il üçün daha çox bal istehsalı deməkdir. Bazarda məhsulun çox olması, onun aşağı qiymətə satılmasına da şərait yaradacaq”.
O. Kazımov bu sahə ilə bağlı bəzi fikirlərini də bizimlə bölüşdü: "İlk olaraq ölkəmizdə fəaliyyət göstərən bal laboratoriyalarının sayını artırmaq, saxta balları bazardan xaric etmək lazımdır. Həmçinin tez-tez arıxanalarda yoxlanışlar keçirilməli, arıçılar məhsulları ilə bağlı mütəmadi olaraq hesabat verməlidirlər. Digər bir təklifim isə sığorta ilə bağlıdır. Yaxşı olar ki, arı pətəkləri sığortalansın. Çünki təbiəti bilmək olmur, bəzən hər hansı bir səbəbdən arılarda tələfat baş verir. Bunun qorxusundan, arıçıların böyük hissəsi arıların sayını artırmaq istəmir. Amma sığorta sistemi olsa, hamı rahatlıqla öz təsərrüfatını genişləndirər”.

"Ballı” bal brendinin yaradıcı Rəşad Rəşidov deyir ki, bu addım ilk növbə balın maya dəyərinin aşağı düşməsinə səbəb olacaq: "Subsidiyaların verilməsi ilə arıçılar müəyyən xərclərini həmin vəsait hesabına ödəyəcəklər. Bu da bazarda balın qiymətinin ucuzlaşmasına təsir edəcək. Arı ailələrinin qeydiyyatının aparılmasının çox böyük üstünlükləri var. Bu qeydiyyat, gələcəkdə regionların statistikası aparılarkən hansı bölgənin daha məhsuldar olmasından xəbər verəcək. Düşünürəm ki, dövlətin arıçılara olan bu dəstəyi onları daha da stimullaşdıracaq və növbəti mərhələlərdə bu sahənin ciddi şəkildə inkişafına və coğrafi olaraq genişlənməsinə imkan yaradacaq. Bu da yerli istehsalın həcminin artmasında, idxalın azalmasında böyük rol oynayacaq”.
Məlumat üçün qeyd edək ki, 8 oktyabr tarixində Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının rəsmi açılış mərasimi olub. Yarmarka Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov bildirib ki, yarmarkada dünən sınaq satışı həyata keçirilib: "Əsas məqsədimiz yarmarkada təqdim olunan arıçılıq məhsullarının satışını təmin etməkdir. Havanın temperaturunun kəskin dəyişməsi ilə əlaqədar yarmarka bir-iki gün yubandı. Buna görə də zərurət yaranarsa və arıçılar satışın bir neçə gün də davam etməsini istəyərlərsə, sərgi-satış yarmarkası üçün göstərilən vaxt uzadıla bilər”.
Nazirliyin rəsmisi onu da bildirib ki, yarmarkanın təxirə salınması arıçılıq məhsullarının saxlanılmasında heç bir problem yaratmayıb: "Dövlət Aqrar İnkişaf Mərkəzlərimizə müraciət etdik ki, 5-28 oktyabr tarixlərində bal yarmarkası keçiriləcək və yarmarkada iştirak etmək istəyən şəxslər öz adlarını iqtisadi zonalarına, vaxtlarına uyğun olaraq, təqdim edə bilərlər. Təqdim edilən siyahı əsasında da sentyabrın 30-na kimi Tofiq Bəhramov adına Respublika Stadionunda xüsusi anbarda məhsulların təhvili prosesi həyata keçirilib. Məhsulun hansı regionun və kimə məxsus olmasını aydınlaşdırmaq üçün anbarda rəqəmlərlə kodlaşdırma aparılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 3974 bal nümunəsi ekspertizadan keçirilib və təqribən 900 nümunənin keyfiyyətsiz olduğu aşkar edilib. Nəticədə 30 tona yaxın keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb. Yarmarkanın təxirə salınması isə anbardakı balların keyfiyyətinə mənfi təsir etməyib”.
Günel Azadə


banner

Oxşar Xəbərlər