Arıçıları arımı sancdı, nə oldu?

Arıçıları arımı sancdı, nə oldu?

İqtisadiyyat
01 Noyabr 2012, 14:53 1336
Dünən metronun “Gənclik” stansiyasından çıxıb “Laləndə” şadlıq sarayına tərəf yollandıq. Deyildiyi kimi, bu ünvanda bir neçə gün idi ki, bal yarmarkası təşkil olunurdu. Məqsədimiz yarmarkadan nə reportaj yazmaq, nə də ki, bal satanların “mühazirə”lərini dinləmək idi. Bunlar barədə onsuz da oktyabrın 17-də –yarmarkanın açıldığı vaxt yazmışdıq. İstəyimiz o idi ki, biz də yarmarkanın təklif etdiyi ucuz ballardan yararlanaq. Yəni, hamı kimi, biz də bal almaq üçün oraya getdik.

Metrodan yarmarkayadək yol boyu bal satanlarla üzləşməli olduq. Kimi elə səkinin üzərində, kimisi də öz avtomobilində balları sərgiləmişdi. Hələ yoldan keçənlərə da “aman-iman” verməyərək öz ballarını “sırımaq” istəyirdilər. Qarşıda qanuni satış mərkəzi olduğuna görə, yoldakı ballarla işimiz olmadı. Və gəlib yarmarkanın yerləşdiyi məkana çatdıq. Lakin…

Biri alıcı olduğumuzu anlayıb yüyürdü qabağımıza. Böyük təəssüf hissi ilə dedi ki, yarmarka dünən gecədən etibarən bağlanıb: “Amma istəsəniz sizə bal sata bilərik, burda maşınımdadı. Əla Masallı balıdır”. Onun “məruzə”sini dinlədikdən sonra yarmarkanın niyə bağlandığını maraqlandıq. Dəqiq səbəbini bilməsə də, dedi ki, nazirlik özü bağlayıb. Beləcə, cənublu balası şirin dili ilə bizi sövq edirdi ki, gedək bala baxaq. Amma, bu satıcı nə qədər cəlbedici danışsa da axırda özünü yaman ilişdirdi. Bu barədə bir azdan. Hələlik isə aydınlaşdıraq görək yarmarka niyə bağlanıb?!

Ərazidə olduğumuz zaman səsləndirilən fikirlərdən belə nəticə çıxdı ki, nazirlik nümayəndələrinin gözlənilməz tələbindən təəccüblənən arıçılar əvvəlcə yarmarkanı tərk etmək istəməyiblər. Amma işə hadisə yerinə çağırılan polislər müdaxilə edəndən sonra arıçılar “Laləndə”dən qovulublar. Buna etiraz edən arıçıların yarmarka ərazisindən keçən Atatürk prospektinə toplaşması bir müddət nəqliyyatın hərəkətinə də maneçilik törədib, yolda tıxac yaranıb. Arıçılar tələb ediblər ki, qalan 5 günə görə ödədikləri yerpulu onların özlərinə qaytarılsın. Lakin nazirlik nümayəndələri buna məhəl qoymayıblar və polis əməkdaşları arıçıları Atatürk prospektindən də uzaqlaşdırıb.

Xatırladaq ki, oktyabrın 17-də başlayan arıçılıq məhsullarının yarmarkası 20 gün çəkməli idi. Yəni hələ noyabr ayının 5-dək. Bu müddətin əvəzində arıçılar yerpulu da ödəmişdilər. Lakin yarmarkanın başa çatmasına bir həftə qalmasına baxmayaraq, 30 oktyabr saat 16.00 radələrində bağlanıb. Nəticədə, arıçılar da həm ödədikləri yer puluna, həm də ballarını sata bilmədiklərinə görə narazı qalıblar. Maraqlıdır, yarmarka nə üçün vaxtından tez bağlandı?

Satıcıların dediklərinə görə, onlara söz verilib ki, dekabr ayında növbəti yarmarka keçiriləcək. Həmin vaxt da öz məhsullarını sata bilərlər. Amma, yenə də nazirliyin lisenziyası tələb olunacaq. Onlar isə ilin bu ayında yarmarkanın təşkil olunmasının tərəfdarı deyillər. Bunu dekabrın çox soyuq olması ilə əlaqələndirirlər. Satıcılardan birinin dediyinə görə: “Burada elə satıcı var ki, onun 300 kilodan artıq balı qalıb. İndi sata bilmir. Bizi çıxardırlar, nə ödədiyimiz pulu verirlər, nə də başqa bir ünvana yerləşdirirlər ki, orada işimizi görək. Alıcılar hələ indi-indi xəbər tuturlar ki, yarmarka var. Arıçıların əksəriyyəti xərclədiyi pulu çıxara bilməyib. Yol haqqı, kirayə pulu, gündəlik xərclər, bunları kim ödəyəcək”. Məlum oldu ki, satıcılar məhsullarını yolun kənarında da sata bilmirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunu “küçə alveri” kimi qəbul edib, onları ərazidən uzaqlaşdırırlar. Amma orada olarkən belə bir təzyiqlərin olmadığını gördük, istər yol boyu, istərsə də yarmarkanın yaxınlığında.

Yarmarkanın bağlanmasına rəsmi və səlahiyyətli şəxs açıqlama da verilib. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov modern.az saytına bal yarmarkasının vaxtından əvvəl başa çatdığını təsdiqləyib. Lakin o, bunun üçün əsaslı səbəb göstərməyib. Şöbə müdiri deyib ki, noyabrın 5-dək davam etməli olan bal yarmarkasını oktyabrın 31-də bağlamaq qərara alınıb:

“Belə qərar verildi ki, yarmarkanın keçirilməsi üçün bu müddət bəs edər. Odur ki, bal yarmarkası başa çatdı. Hökumət belə məsləhət gördü ki, bal yarmarkasının keçirilməsi üçün 14 günlük müddət bəs edər. Artıq 14 gün idi ki, yarmarka keçirilirdi. Ona görə də yarmarka vaxtından əvvəl başa çatdı”.

İndi isə gələk cənublu “dostumuz”un yanına. Görək, öz balını satmaq istəyərkən bizə hansı yalanları danışdı? Bal almaq istədiyimizi bildirərkən ondan soruşdum ki, burada Hikmət dayı var, 25 ildir arıçılıqla məşğuldur, özü də Biləsuvardandı. Görəsən, buralarda deyil ki? – Sualdan sonra guya nəsə fikirləşdi və nəhayət onu tanıdığını dedi. Hələ gülümsəyərək bildirdi ki: “Həə, bizim «kruqun» adamıdır. Amma o, bu il gəlməyib yarmarkaya, buraxmayıblar deyəsən”.

–Eh arıçı “qardaş”, sən hardan biləsən ki, mən Hikmət dayı ilə elə burada, bu yarmarkada tanış olmuşam. Hələ onunla arı məhsulları barədə geniş söhbətlərimiz də olub. Bunları ona demədən, yanındaca zəng elədim Hikmət dayıya: “Salam, yarmarkada Masallıdan filankəs var, tanıyırsızmı?”. Kişi isə dedi ki, yox, elə bir adam tanımıram. Bunu duyan yanımdakı arıçı rəngi qarala-qarala uzaqlaşdı bizdən.

Görünür, yarmarkanın gözlənilmədən bağlanması, arıçıları fırıldaqlar danışmağa məcbur edib. Neyləsinlər, bir tərəfdən balın “əldə qalmaq” qorxusu, digər tərəfdən də...

Elgün Mənsimov