• cümə axşamı, 28 mart, 22:29
  • Baku Bakı 13°C

«Arazbarı» adlı möhtəşəm layihə üzərində işləyirik - Şou-biznes

29.09.14 11:03 3144
«Arazbarı» adlı möhtəşəm layihə üzərində işləyirik - Şou-biznes
Bu gün uzun müddət yalnız səsi ilə tamaşaçıların yaddaşlarında qalmağı bacaran ifaçılarımız azlıq təşkil edir desək heç də yanılmarıq. Müsahibimiz isə hər zaman səsi ilə seyrçilərin yaddaşında qalmağı bacaran, səsinin məlahəti ilə insanların qəlbinə yol tapan Bəyimxanım Vəliyevadır.
Gənc xanəndə ifa etdiyi mahnıları ilə tez tamaşaçıların könülünü oxşamağı bacaran ifaçılar sırasındadır. Xanəndə “Gənclik qəzeti” nə müsahibəsində mahnılarının bu qədər sevilməsinin səbəblərindən danışdı.
- İstərdik ki, bizə gənc yaşda necə uğur qazamağınızdan danışasınız.
- Uğur Allah tərəfindən göndərilmiş bir nemətdir. Allah insanı bildiyi yönə istiqamətləndirir. İstedadı olan hər bir insan daim öz üzərində işləməli, qarşısına məqsəd qoyub ona çatmaq üçün əlindən gələni etməlidir. Qarşıya qoyulan məqsəd uğurun yarısıdır, desəm, yəqin ki, yanılmaram. İnsan özü heç nə etmədən uğurun gəlib onu tapmasını gözləyə bilməz. Allah deyib - “səndən hərəkət, məndən bərəkət”. Ona görə də daima irəliləmək və mübarizə aparmaq lazımdır.
- Bugünkü gənc xanəndələr gün keçdikcə estrada janrına meyllənirlər. Bəs siz necə, nə vaxtsa bu janra müraciət etməyi düşünürsünüz?
- Mən daha çox bəstəkar və klassik mahnılar ifa edirəm. Bununla yanaşı, bilirsiniz ki, muğam ifaçısıyam. Çünki mən bu sənətə muğamla gəlmişəm, sevib-seçdiyim sənəti tərk etmək niyyətində də deyiləm. Bu sənətə yeni-yeni gələndə də bəstəkar mahnıları ifa edirdim, indi də. Fikrimcə, hər bir ifaçı bütün janrlarda özünü sınamalıdır. İfaçını müxtəlif yaş təbəqəsinə məxsus, müxtəlif zövqlü tamaşaçı izləyir. Ona görə də yaş təbəqəsindən asılı olaraq, insanların zövqünü oxşamağa çalışıram. Təbii ki, öhdəsindən gələ bilənə qədər. Hazırda ifa etdiyim janr və mahnılar məni qane edir deyə, estrada-pop janrına müraciət etmək hələ ki, planımda yoxdur.
- İfa etdiyiniz mahnıların sözləri insanların yaddaşına daha tez həkk olur. Təbii ki, ifanız da bu sözlərə xüsusi rəng qatır. Mahnılarınızın bu qədər sevilməsində sözlərin nə dərəcədə rolu var?
- Əlbəttə ki, mahnıların sevilməsində ilk növbədə orada səslənən sözlərin böyük rolu var. Adətən ifa etdiyim mahnıların öncə sözlərinə diqqət edirəm. Daha çox ifa etdiyim mahnıların sözlərindəki mənanı və tamaşaçıya nələr verə biləcəyimi düşünürəm. Əgər mən o mahının sözlərini mənimsəyib, onu yaşayıramsa, onda tamaşaçıya da yansıtmalıyam. Mahnıda söz çox önəmlidir. Mən sözlərin dərinliyini, mənalılığı, həmahəngliyini Sona xanım Vəliyevanın yazdığı şerlərdə gördüyüm üçün daha çox onun yaradıcılığına üstünlük verirəm. Onun yazdığı şerlər insanların qəlbinə daha tez yol tapır. Görünür bu səbəbdəndir ki, mənim mahnılarım insanlar tərəfindən sevilir, qəbul olunur. Sona xanımın şerləri təkcə mahnılarımı deyil, özümü də zənginləşdirir. Hər dəfə onun yaradıcılığına baş vuranda özümü rahat bir gəmidə, ucsuz-bucaqsız aləmdə hiss edirəm. Ona görə də Sona xanımın şerlərinə bəstələnmiş mahnılarım üstünlük təşkil edir.
- Ötən mövsüm baş tutan konsertiniz tamaşaçıların marağına səbəb oldu. Yenidən konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?
- Təbii ki, düşünürəm. Xanəndə hər zaman xalqı üçün çalışmalı, tamaşaçılarının zövqünü oxşamağı bacarmalıdır. Oktyabrın 7-də Respublika Sarayında “Muğam qanadlarında” adlı konsert olacaq. Bir çox xanəndələr də orada iştirak edəcək. Təbii ki, bu, solo konsert olmayacaq, orada muğam nömrələrini ifa edəcəyik. Bütün muğamsevərləri konsertə dəvət edirik. Təbii ki, gələcəkdə solo konsert də nəzərdə tutmuşam. Bunun üçün bir az zamana ehtiyacım var.
- Sizi efirlərdə demək olar ki, görmürük. Hər kəsə bunun səbəbi maraqlıdır.
- Bəli. Uzun müddətdir ki, verilişlərə çıxa bilmirəm. Demək olar ki, bütün kanallar məndən inciyiblər. Bildiyiniz ki, Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Buna görə digər televiziya kanallarında çıxış edə bilmirəm. Yəni efirlərdə görünməməyimin əsas səbəbi budur. Yaxın gələcəkdə onu da həll etməyə çalışacağıq. Kanalların hər biri müxtəlif verilişlərə dəvət edirlər. Yəqin ki, yaxın zamanlarda məni efirlərdə görə biləcəksiniz.
- Biz bilirik ki, sizin gözəl ailəniz var. Həm ailənizi, həm işinizi bir yerdə daşımaq çətin deyilmi?
- Çox məsuliyyətli bir işdir. Məsuliyyətli olduğu qədər də gözəldir. Hər bir qadına sənətdən öncə ailə xoşbəxtliyi lazımdır. Çalışmaq lazımdır ki, hər ikisini bir yerdə apara biləsən. Mən də hər ikisinin öhdəsindən gəlməyə çalışıram. Bir qadın kimi ilk növbədə ailəmin qayğısına qalıram. Çünki ailə hər şeydən üstündür. Daha sonra sənətimlə məşğul oluram. Çalışıram ki, heç birində nöqsanım və ya bir qüsurum olmasın.
- Hər dəfə sizinlə söhbət etdikdə yeni layihələrdən bəhs edirsiniz və gün keçdikcə də onları yerinə yetirirsiniz. Bəs bu gün bizə hansı yeniliklərinizdən danışacaqsınız?
- Təbii ki, bu dəfə də yeni bir layihə üzərində çalışırıq. Hazıra “Arazbarı” adlı möhtəşəm bir layihə üzərində işləyirik. Onun sözləri yenə də Sona xanım Vəliyevaya, bəstəsi isə Tahir Əkbərə aiddir. Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Onu təkcə mən oxumayacam, Ehtiram Hüseynovla duet şəklində ifa edəcəyik. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik.
- Son olaraq, sizinlə eyni səviyyədə olmağa çalışan gənclərə sözünüz nədir?
- Hansı peşənin sahibləri olmalarına baxmayaraq, ən əsası odur ki, işlərində peşəkar olsunlar. Sahib olduqları sənətə dərindən yiyələnsinlər ki, öz sahələrində hansısa bir iz qoya bilsinlər. İnanıram ki, onlar qarşılarına bir məqsəd qoysalar və ona can atsalar, Allah da onları arzularına çatdırar. Hər bir gəncə arzusuna və istəyinə çatmağı arzulayıram.
Xəyalə Məmmədova

banner

Oxşar Xəbərlər