• cümə, 19 Aprel, 17:19
  • Baku Bakı 25°C

Araz FM-in möhtəşəm üçlüyü - Fotolar

13.02.18 13:04 11756
Araz FM-in möhtəşəm üçlüyü - Fotolar
Səhər günə necə başlayarsan, günün də o əhval-ruhiyyədə keçər. Bir çoxlarımız səhər tezdən işə tələsərkən avtomobildə, ictimai nəqliyyatda radio dinləməyə üstünlük veririk. Radioların səhər proqramları içərisində sevərək dinlədiyimiz ən yaxşı verilişlərdən biri Araz FM-in "Üçü birində” şousudur. Hər səhər saat 08:00-dan bizə "Sabahınız xeyir” deyən Araz FM-in möhtəşəm üçlüyü - Aygün Akif, Elgün Hüseynov, Tural Əzizovla görüşdük. Üçlüklə söhbətimizdə şounun sevimli personajları olan Məzahir dayını (Elgün Hüseynov) və Simuş xanımı (Tural Əzizov) da xəbər aldıq. Günə pozitiv enerji ilə başlayan gənclərlə elə pozitiv də bir müsahibəmiz oldu.
- İstərdik, "Üçü birində” layihəsinin yaranması barədə danışaq. İlk təklif kimdən gəldi və sizi bir araya toplamaq çətin olmadı ki?
Elgün: Bu layihə 2011-ci ildə yaranıb. Bizə belə bir təklif edildi və biz də bu layihədə özümüzü gördüyümüz üçün qəbul etdik. 2012-ci ilin yanvarında ilk efirimiz oldu. O zaman Turalla Aygün yox idi (gülür). Məzahir dayı ilə efirə başladıq. İndinin özündə belə, bəzi dinləyicilərimiz elə bilir ki, həqiqətən də bizdən başqa efirdə yaşlı biri də əyləşib.
Tural: Onda biz bazarda Aygünlə corab satırdıq (gülürük).
Aygün: Bu layihə yaranandan iki oğlan, bir qız efirə başladıq. O gündən də birlikdə bu layihəni davam etdiririk.
- Bu layihə çox məşhurdur. Layihənin efir variantını işləməyi necə, düşünürsünüzmü?
Aygün: Niyə də olmasın?
Tural: Əslində təklif var idi, ancaq alınmadı.
Elgün: Biz hər gün səhər efirdə oluruq. Eyni zamanda iki yeri çatdırmaq təbii ki, mümkünsüzdür. Çəkilişi məhz bizim efirin yayımlandığı məkandan etsələr, təbii ki, mümkün olar. Efiri burdan birbaşa yayımlamaq da olar. Ancaq öncədən anonsların görüntülü versiyası hazırlanmalıdır.
Tural: Bilirsiniz ki, rubrikalarımızı da özümüz canlandırırıq. Misal üçün, Simuş, Məzahir dayını bəzəyib efirdə təqdim etmək də mümkündür.
- Saat 8-də başlayan efir üçün lazımdır ki, 6-dan oyanasan. Təbii ki, redaksiyaya gəlmək və hazırlaşmaq da zaman alır. Sənət adamları üçün tezdən durmaq, efirə hazırlaşmaq çətin deyilmi?
Aygün: Biz artıq adət halını almışıq. İnsanın özündən və özünü öyrəşdirməyindən də çox şey asılıdır. Biz həyatda necəyiksə, efirdə də eləyik. Həyatda da efirdəki kimi danışırıq, gülürük. Hər yerdə gülməyə bir səbəbimiz olur. İşə enerjili gəlirik.
Tural: Əslində komandadan da çox şey asılıdır. Biz komanda olaraq vaxtımızı əyləncəli və maraqlı keçiririk.
- Komanda olmaq heç də asan deyil. Hərdən olur ki, birinin sözü o birinin boğazından keçmir. Bəs sizdə necə?
Aygün: Nəinki işdə, hətta ailə içində belə, bir də görürsünüz söz-söhbət olur. Əgər ortada keyfiyyətli bir işdən söhbət gedirsə, mütləq orada konflikt olmalıdır. Birinin fikri ilə başqa biri razılaşmaya bilər. Hərənin özünəməxsus fikirləri var. Biz hər hansı işi görürüksə, hamımızın fikirləri dinlənilir.
Tural: Aramızda hər hansı anlaşılmazlıq olsa belə, bu çox tez öz həllini tapır.
Elgün: Bir də görürsünüz ki, efirdən gülə-gülə ayrılırıq, mikrofon bağlanır və böyük bir mübahisə başlayır.
Tural: Bu, efirlə bağlı olan mübahisələrdir, normal haldır.
- Olubmu ki, möhkəm mübahisəniz düşsün və üçlük dağılmaq vəziyyətinə gəlsin?
Tural: İnsanıq, hərdən elə hadisələr də olur. Ancaq dağılmamışıq. Sözümüz düşüb, ancaq elə bir nüans yaranıb ki, gözümüz sataşıb, bizi gülmək tutub və 10 dəqiqədən sonra barışmışıq.
Aygün: 7 ildir ki, səhər saat 6-da oyanırıq. İstər-istəməz, əsəblərimiz gərilir. Səhər tezdən gərginlik və yuxusuzluq olur. Bu hardasa münasibətlərə də təsir edir. Ancaq efirdə olanda, biz bunu hiss etdirmirik. Səhhətimizdə hər hansı problem olanda belə, biz onu dinləyiciyə bildirmirik. Çünki dinləyiciyə maraqlı deyil bu gün sənin səhhətin necədir və sən özünü bu gün necə hiss edirsən.
Tural: Hərdən ailəmizdə elə çətin hadisələr olur ki, istər-istəməz o emosiyanı özümüzdə yığırıq. Amma elə ki, saat 08:00 oldu, "sabahınız xeyir” deyən kimi hər şey yoxa çıxır. Dinləyici onu bilməməlidir və bilmir də.
- Bəs efirə gecikib, yatıb qalmısınızmı? (Komandadan gülüş səsləri eşidilir.)
Elgün: O sualın cavabı Aygündədir.
Aygün: 13 ildir ki, radio sahəsində çalışıram. Həyatımda bir dəfə də olsun işə gecikməmişəm.
Elgün: Yaxşı taktikası var, gecikəndə işə gəlmir.
Tural: Adını batırmasın deyə, gəlmir (gülürük).
- Ən böyük konfliktləriniz nəyin üzərində düşüb?
Tural: Biz bərkimiş komandayıq. Bir-birimizi yaxşı tanıyırıq və nəyi xoşlayıb, nəyi xoşlamadığımızı yaxşı bilirik. Aramızda konflikt ola bilməz, çünki bir-birimizi çoxdan tanıyırıq və artıq oturuşmuşuq.
- Sizcə, efirdə sərbəstlik nə dərəcədə önəmlidir?
Aygün: Sərbəstlik deyəndə ki, aparıcı sərbəstəm deyə efirdə ağzına gələni danışa bilməz. Digər radiolara nəzər yetirsək, bizə çox sərbəstlik verilir. Efirdə heç vaxt sıxılıb danışmırıq. Real həyatda necə, efirdə də eləyik. Bununla yanaşı, radio qanunları deyilən bir şey var. Biz o qanunlara əməl edirik. Səni ucqar dağ kəndində adi bir çoban, müəllim də dinləyə bilər, paytaxtın özündə yüksək imtiyazlı bir şəxs də. Efirdə elə danışmalısan ki, onlar səni başa düşsünlər.
Tural: Mən öz dostlarımla necə danışıramsa, efirdə də o cür danışıram. İnsanlar təbiiliyi sevir. İndiki publikanın dilini tutmaq bir az çətindir. Adi bir dialoq hazırlanır, 3-4 ay yaxşı dinlənilir. Sonra baxırsan ki, tamaşaçı növbəti ay başqa şey istəyir. Maşallah, uşaqların hər 3-nün aktyorluq qabiliyyəti var. Həm aparıcı kimi, həm də səsdə. Bizim elə tanınmış insanlarımız, xalq artistlərimiz var ki, komediya aktyordur, amma mikrofonda o effekti sənə verə bilmir. Dublyaj aktyoru olduğum üçün o sözü rahat deyirəm.
Aygün: Efirdə zarafata da, rubrikalara da yer veririk. Belə ki, köhnə filmlərimizdən rubrika, müsabiqə hazırlayırıqsa, məqsədimiz köhnə filmləri xatırlamaq və yada salmaqdır. Misal üçün, not müsabiqəsi keçiririksə, bunu müsabiqə xatirinə etmirik, keçmiş mahnılarımızı yada salırıq. Biz keçmişimizi unutmuruq. Zəngin mədəniyyətimizi, irsimizi yada salmağa çalışırıq və davamlı olaraq da efirdə bunu təbliğ edirik.
Tural: Təbii ki, müasirliyi də unutmuruq, onu sintez edirik.
- Rubrikalarınızdan əlavə, efirdə maraqlı dialoqlarınız da olur. Bu dialoqun ssenarisini kim hazırlayır?
Elgün: Deyəndə ki ssenari yazın, bu bizə qəribə gəlir. Əgər əvvəlcədən hər hansı dialoq hazırlayırıqsa, efirdə onu canlandıra bilmirik. Bu bizdə alınmır.
Aygün: Biz əvvəlcədən yazılı şəkildə heç nə hazırlamırıq. Yazsaq, efirimiz heç cür alınmaz. Bir-birimizi o qədər yaxşı tanıyırıq ki, kimin hansı sözün arxasınca nə deyəcəyini bilirik.
Tural: Ancaq anonslarımızı əvvəlcədən tətbiq edirik.
Aygün: Bizim o qədər uzun vaxtımız yoxdur ki, oturub dialoq haqqında düşünək. Deyirlər ki, bu gün 6-da anons yazılmalıdır. Bizdə mikrofonu açan kimi, o anonslar artıq yazılır. Oturub günlər və saatlarla onun haqqında düşünmürük.
- Aygün xanım, Xəzər TV-də yayımlanan "Xalxın evi” serialının aktrisasısınız. Elgün bəy də eyni zamanda aktyor və ifaçıdır. Tural bəy isə Xəzər TV-nın səsidir. DJ-liklə bərabər, bu qədər işlərlə məşğul olmağa necə vaxt tapa bilirsiniz?
Aygün: Bizim radioda heç bir aparıcı sıxılmır. Və çərçivə içərisində deyilik. Bizə kifayət qədər vaxt verilir, əlavə işlərlə məşğul olmağa hər cür imkan yaradılır.
Tural: Təbii ki, biz çox sərbəstik.
Elgün: Əslində bu bizim bir aparıcı olaraq xoşbəxtliyimizdir. Çünki rəhbərlik tərəfindən o əminliyi qazanmaq çətin məsələdir. Rəhbərliyimiz əmindir ki, bu üçlük efirdə onu məyus etməyəcək. Bilirlər ki, öz işlərini sərbəst şəkildə görə bilən aparıcılardır. Düzdür, bu bizdə özündənrazılıq və arxayınlıq yaratmır. Hazırlaşmasaq belə, hərdən elə bir dialoq əmələ gəlir ki, çox sevilir.
- Sizləri səsi simasından məşhur DJ və aparıcılar adlandırmaq olarmı?
Aygün: Əslində radio aparıcısı özünü tanıtmamalıdır. Görünüş baxımından səni heç kim tanımamalıdır.
- Elə götürək sizi, Aygün xanım. Çəkildiyiniz serialda sizin "Üçü birində”nin əsas aparıcılarından olduğunuzu bilirlərmi?
Aygün: Seriala dəvət elə bu efirə görə olub. Bizim efirimizi rejissorumuz Ramin Hacıyev dinləyib və obraza uyğun olduğumu hesab edib. Təbii ki, bu veriliş olmasaydı, rejissor məni tapa bilməzdi. Mən heç vaxt elan etməmişəm ki, o mənəm. Ancaq mənim o Aygün olduğumu tutan insanlar var.
Tural: Çox şükür ki, bizdə səslə işləmə qabiliyyəti var. Digər radiolarda görürük ki, 3 nəfər fərqli dünyagörüşü olan insanları bir yerə yığırlar və onların fikirləri üst-üstə düşmür. Nə qədər çalışırlarsa, görürsən ki, bu, o aura deyil. Bizdə isə aura elədir ki, sanki evində oturub söhbət edirsən. Adicə bir sponsorun hansısa reklamını təqdim edəndə də gündəlik danışdığımız kimi təqdim edirik. Reklamı özümüzə məxsus şəkildə edirik.
- Üçlükdən biri olmayanda, efiri necə idarə edirsiniz?
Tural: Heç birimiz naşı deyilik ki, çaşıb qalaq. Avtomatik sözlər, zarafatlar, keçidlər edirik.
Aygün: Hər şeyin bir çıxış yolu var. Ola bilər ki, birimizin başına hadisə gəlsin.
Tural: Olub ki, çox möhkəm soyuqlamışam, səsim tutulub. Bu hamımızda olur. Digər iki nəfər ona dəstək verir.
- "Üçü birində”nin sevimlisi Məzahir dayı olmayanda onu soruşurlarmı?
Tural: Çox. Ən çox da yaşlı qadınlar ölür ondan ötrü.
Elgün: Cavanlar da sevir.
Tural: Dinləyicilər Məzahir dayını çox istəyir.
Elgün: Elgün kimi deyə bilməyəcəyim sözləri Məzahir dayı kimi hərdən deyirəm. Onu ağsaqqal kimi qəbul edirlər. Düzdür, Məzahir dayı savadlı, dünyagörmüş biri deyil, sadəcə olaraq özünü çoxbilmiş kimi göstərən tipdir.
Tural: Hərdən şou-biznesdə olur ki, bilirik, bu adam səhvdir. Onu birbaşa biz deyə bilmirik. Biz desək, bu, doğru çıxmaz. Mənim səsləndirdiyim Simuşun adından veririk.
- Simuş demişkən, o obraz şou-biznes nümayəndələrinin qalmaqallarına toxunur və açıq şəkildə öz iradlarını bildirir. Hətta verilişlərin birində bir ifaçını sərt şəkildə qınadı. Halbuki, o fikirlər mətbuatda yazılsaydı, qiyamət qopardı. Belə anlarda şou nümayəndələri öz etirazlarını bildirmirlərmi?
Tural: Biz onu öz adımızdan desək, bu, çox böyük problem yaradar. Amma Simuş çox nazik və incə səslə "mama qurban, bunu eləməginən, yaxşı deyil” - deyə müraciət edir. Biz yağdan pişik tükü çəkirik. Onu da elə çəkirik ki, özünün də xəbəri olmur.
Elgün: Media bir silahdır, xalqın sözünü səsləndirir. Düzdür, elə sözlər var ki, onu biz də deyə bilmərik. Məhz "Üçü birində”nin silahı Məzahir dayı və Simuş obrazıdır.
Tural: Medianın özündə belə bu gün qəbahətlər var. Misal üçün, saytların biri yazır ki, Elariz öldü. Buna 5 min, 10 min adam baxır. Oxuyub görürlər ki, bu adam gülməkdən ölüb. Avtomatik olaraq onu yazan müxbirə heç də yaxşı sözlər demirlər. O redaksiyanın adı nüfuzdan düşür. Əslində bunu jurnalistikaya həqarət hesab edirəm, nəinki Simuş və Məzahir obrazlarını. Mən orada xalqın bir nümayəndəsi kimi subyektiv fikrimi bildirirəm. Sanki 3-4 dost toplaşmışıq və bunları müzakirə edirik. Məsələyə bu cür yanaşıram. Digər radiolara qulaq asanda, pafos görürəm. Bu, əvvəllər var idi, indi o pafos getsə də, aparıcıların çoxu müəyyən çərçivədən çıxa, sərbəst ola bilmir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər