• cümə axşamı, 25 aprel, 19:19
  • Baku Bakı 21°C

“Araz-Alov-Şərq” yatağı böyük gəlirlər vəd edir

04.04.18 18:43 4035
“Araz-Alov-Şərq” yatağı böyük gəlirlər vəd edir
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri həm də Xəzərdəki mübahisəli yataqlarla bağlı razılaşmaların əldə olunması ilə əlamətdar oldu. Prezidentlər arasında baş tutan görüş zamanı "Araz-Alov-Şərq” yatağı məsələsinə də toxunuldu. Gəlin görək "Araz-Alov-Şərq” yatağının Azərbaycan üçün hansı əhəmiyyəti var? Ümumiyyətlə, bu yataq hansı əsaslarla işlənilə bilər?
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, əslində bu yataqlar İran və keçmiş SSRİ arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycan ərazisinə düşür: "Amma təəssüflər olsun ki, SSRİ dağıldıqdan sonra Xəzərin statusunu müəyyənləşdirmək mümkün olmadı. Buna görə də İranın Xəzərin bərabər olaraq 5 sahilyanı ölkə arasında bölüşdürülməsi ilə bağlı təkliflərinə uyğun olaraq, sözügedən yataqlar mübahisəli yataqlar statusunu aldı. 2001-ci ildə Azərbaycan tərəfi həmin yataqlarda işlərə başlamaq niyyətində idi. Amma qarşı tərəfin reaksiyası nəticəsində bu, mümkün olmadı. Mübahisəli yataqlar statusu aldığına görə hər iki tərəf arasında onların işlənməsinə dair razılığın əldə edilməsi çox mühümdür. Çünki Xəzərin statusunun müəyyənləşdirilmədiyi müddətdə həmin yataqların işlənməsi mümkün deyil. Bu yataqların fəaliyyətə başlanması yalnız tərəflərin razılığı ilə mümkün ola bilər. Burada söhbət sözügedən yataqlarda enerji ehtiyatlarından istifadə edilərək dünya bazarına çıxarılmasından gedir. İran neft emalının böyük hissəsini körfəzdə həyata keçirir. Eyni zamanda, Xəzərin İranın payına düşən hissəsinin xeyli dərin olmasını və bu hissədə enerji ehtiyatlarının az olması faktını da nəzərə almaq lazımdır. Bununla yanaşı, Azərbaycanın Xəzərdə işləmək təcrübəsinin daha çox malik olduğunu nəzərə alsaq, birgə fəaliyyət nəticəsində Azərbaycan tərəfi həmin yataqlarda enerji resurslarının emalını həyata keçirə bilər. Əslində mübahisəli yataqların işlənməsi ilə bağlı anlaşmaların mahiyyəti ondan ibarətdir ki, belə bir razılaşma əldə olunarsa, Azərbaycan investisiya qoyaraq enerji hasil edəcək və onu bazara çıxaracaq. Əldə edilən mənfəət tərəflər arasında bərabər bölünəcək. Güman olunur ki, daha çox bu təcrübədən istifadə edilsin. İnvestisiyanın cəlb edilməsi Azərbaycanın sərmayəsi və imkanları hesabına təşkil ediləcək. Buna görə də əldə olunan gəlirin tərəflər arasında bərabər bölünməsi məqbuldur. Əldə edilən razılaşma ilə mübahisəli yataqlardan birgə gəlir əldə etmək imkanı təmin ediləcək. Bu razılaşma Azərbaycan və İranın Xəzərin ehtiyatlarından daha çox səmərəli istifadəsinə və daha çox gəlir əldə etməsinə zəmin yaradacaq”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şabanbildirdi ki, bu yataq 2001-ci ilin iyul ayından mübahisə predmeti idi: "Azərbaycan İranla siyasi əlaqələri gərginləşdirmək istəmədiyinə görə Xəzərin hüquqi statusunun həllinə kimi bu məsələni dondurmaq qərarına gəlindi. Üstündən 17 il keçməsinə baxmayaraq, ikitərəfli münasibətlər çərçivəsində məsələ ilə bağlı heç bir irəliləyiş əldə etmək mümkün olmamışdı. Cari il üçün Rusiya tərəfi Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkənin razılığa gələcəyini anons etsə də, hələlik ciddi nəticə yoxdur. İran prezidentinin Azərbaycana gəlişi zamanı 21-ci əsrdə ilk dəfə olaraq İran-Azərbaycan münasibətləri fonunda Azərbaycanın energetika və İranın neft nazirlikləri arasında Xəzərdə dəniz bloklarının işlənməsinə dair əməkdaşlıq haqda memorandum imzalandı. Bu memorandum iki tərəf arasında ortaq məxrəcin tapılacağına dair ümidlər yaradır. Digər tərəfdən, Xəzərin bölünməsində Azərbaycanın ortaya qoyduğu mövqe su hövzəsinin dibinin orta xətt prinsipi ilə bölünməsidir”.
Ekspert deyir ki, İranın "Araz-Alov-Şərq”də iş apara bilməsi üçün texnoloji imkanları yoxdur: "Orada olan enerji resursları "Şahdəniz” yatağından da dərində yerləşir. Güman olunur ki, bu dərinlik 7 min metrdir. Orada kəşfiyyat aparmaq həddindən artıq mürəkkəb prosesdir. Ona görə də orada ancaq "Heydər Əliyev” tipində qazma qurğusuna ehtiyac var. Hansı ki, Azərbaycan bu qurğuya bir milyard dollara yaxın investisiya yatırıb. Ona görə də bu strukturun işləməsi Azərbaycanın "qılıncının altından” keçir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər