• şənbə, 20 Aprel, 01:14
  • Baku Bakı 15°C

“Araxçınları sevdirmək, bizim üçün puldan önəmlidir” - Startap

22.05.17 14:55 8885
“Araxçınları sevdirmək, bizim üçün puldan önəmlidir” - Startap

Araxçın hazırlamaq onun sevdiyi, arzuladığı işdir. Rəfiqələri ilə birlikdə komanda (Handmade Aragcheen by TEAM) yaradaraq sevdiyi işi startapa çevirib. Əsas məqsədi pul qazanmaqdan daha çox araxçınları sevdirmək və dəb yaratmaqdır. Şüarları "Tarixdən dəbə”dir. Müsahibimiz Türkan Məmmədovadır. O, Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 12 ildir insan resursları üzrə mütəxəssis kimi çalışır.

Üç gün sonra ilk sifarişimizi aldıq

Araxçın hazırlamaq ideyasının yaranmasına gəlincə, deyir ki, xeyli vaxt bunu beynində gəzdirib: "Bir dəfə yaxın dostumla oturmuşduq və fikirləşirdik ki, hər bir ölkənin özünəməxsus geyimi var. Hətta o ölkənin vətəndaşı başqa bir ölkəyə gedəndə, geyimi, üzərindəki hər hansı əşyası ilə başqalarından həmişə seçilir. Məsələn, avstraliyalıları, britaniyalıları, hindistanlıları, ərəbləri misal göstərə bilərəm. Hətta fikirləşdik ki, 28 May milli geyim günü olsaydı və bütün Bakı bizim qədim milli geyimlərdə gəzsəydi, necə gözəl olardı. Araxçın ilk əvvəl həmin an ağlıma gəldi. Yanımda salfetka var idi. Onun üzərində araxçının ingiliscəsini - "aragcheen” yazdım və "c” hərfinin üzərinə araxçın çəkdim. Loqo alındı. Həmin salfetkanı dostum özü ilə götürüb və söz verib ki, gün gələcək, o salfetkanı muzeyə qoyacaq” (gülür – L.M.).
Amma iki azyaşlı uşağı olduğuna görə, təkbaşına heç cür ideyasını gerçəkləşdirə bilmir: "Bir gün rəfiqələrim Əsmər, Aynur və Mehribanın yanında ideyamı dedim və həyata keçirə bilməməyimdən şikayətləndim. Onlar çox bəyəndilər və gerçəkləşdirmək üçün yardım etməyə hazır olduqlarını bildirdilər. Hərəsi bir işin qulpundan yapışmağı boynuna çəkdi. Beləliklə, bu ilin yanvarın 21-də "Aragcheen” adlı "instaqram” səhifəmizi açdıq və hazırladığımız araxçınlardan bir neçəsinin şəklini sözügedən sosial şəbəkədə yerləşdirdik. Onu da deyim ki, maliyyə baxımından heç kim kömək etmədi. İşlədiyimə görə, maliyyə baxımından sıxıntımız olmadı”.
Araxçınları "instaqram” səhifəsinə yerləşdirəndən cəmi üç gün sonra ilk sifarişlərini alırlar: "O gündən bəri cürbəcür araxçınlar düzəldirik. Hazırladığımız araxçınların əksəriyyətini hədiyyə veririk. Əslində məqsədimiz pul qazanmaqdan daha çox, araxçınları sevdirmək və dəb yaratmaqdır. Biz buna çox inanırıq”.

Tarixə baxış

Qeyd edək ki, araxçın XVIII əsrdə ən çox yayılmış baş geyimlərindən biri olub (mənbə: wikipedia.org ). Əsasən əlavə baş geyimi kimi tanınıb. Qədimdə araxçını əsas baş geyimlərinin altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar. Sonradan üzərilərinə müxtəlif ornamentlərdən bəzəklər vurulur və bayramlarda milli baş örtüyü olaraq geyilirdi. Çox vaxt araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər. Tirmə və ipək parçalardan olan, üzəri güləbətin tikməli araxçınlar çox geniş yayılmışdı.

Cins parçadan hazırlanan araxçınlar yaxşı satılır

Müsahibimiz araxçınları sıfırdan hazırladıqlarını, yəni hazır araxçınların üzərinə işləmələr, parçalar tikmədiklərini bildirdi: "Ləvazimatların 90 faizini Azərbaycandan alırıq. Araxçınların dizaynını mən verirəm. Üzərindəkilər əl işləmələridir. Sifarişçi istədiyi rəngdə, ölçüdə araxçın sifariş verə bilir. Əvvəllər araxçınları özüm əllə bəzəyirdim. Vaxtım getsə də, bunu böyük həvəslə edirdim. Çünki startap olaraq büdcəmiz çox böyük olmadığından, çalışırdıq ki, pulumuz çox getməsin. İndi isə konsepsiya bir az dəyişib. Mən işimə və uşaqlarıma görə sevdiyim işə vaxt ayıra bilmədiyim üçün komandamızın gənc üzvlərindən biri araxçınların üzərini əl işləmələri ilə bəzəyir. Yay fəsli üçün cins parçadan araxçınlar düzəldirk və üzərinə boyalarla şəkil çəkirik. Həmin araxçınlar yaxşı satılır”.
Satışa gəlincə, araxçınlar "instaqram” və "facebook” səhifələri üzərindən, həmçinin "luxout.az” saytında satılır: "Bu yaxınlarda "Baku Şopinq festivalı”na da qatıldıq. Hazırda bir neçə dükana da araxçın veririk”.
T.Məmmədova gənclərimizin araxçına böyük maraq göstərdiyini deyir: "Hər bir gənc azərbaycanlı xanımın qarderobunda mütləq şəkildə araxçın olmasını qarşımıza məqsəd qoymuşuq”.

"Bizdə milli olan hər şeyə maraq var”

Qiymətlərə gəlincə, parçadan, dizayndan və naxışdan asılı olaraq dəyişir. Qiymətlər 30 manatdan başlayır: "Müştərinin imkanı olmayanda, araxçını maya dəyərindən də aşağı satdığımız olub. Çünki araxçınları sevdirmək, bizim üçün puldan daha önəmlidir”.
Hansı yaş qrupundan olan xanımların araxçınlara daha çox maraq göstərməsinə gəlincə, həmsöhbətimiz deyir ki, 25-50 yaş arasında olan xanımlardan daha çox sifariş alırlar: "Amma uşaqlar üçün də araxçınlar hazırlayırıq. Qışda kişilər üçün də qaragül qoyunun yunundan araxçın hazırlamağı nəzərdə tuturuq. Ümumiyyətlə, işimizi böyütməyi planlaşdırırıq. Çünki bizdə milli olan hər şeyə maraq var”.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər