• cümə, 29 Mart, 18:41
  • Baku Bakı 14°C

Aramızda olan dahi

14.09.17 10:45 2492
Aramızda olan dahi
Onu həmişə teatrların, konsert salonlarının ön cərgələrində görmək olur. Əhəmiyyətli, maraqlı gecələrin iştirakçısı olmaq vərdişinə həmişə sadiq qalır. Buna incəsənətə olan böyük sevgisi, sənətinə olan hədsiz məhəbbəti sövq edir. İndi qocalıb 84 yaşına çatsa da, əsa ilə yerişinə təkan versə də, içindəki sənət eşqi sönən deyil. 13 sentyabrda doğum gününü qarşılayan Xalq artisti, Dövlət Mükafatı laureatı, akademik Arif Məlikova telefon açıb ad gününü təbrik edəndə sevindi: "Yaxşı ki, xalqımız bu adətindən əl çəkməyib. Zəng edirlər, təbrik edirlər...”.
Müsahibə üçünsə hələ gözləməyimiz lazım gəldi. Görkəmli bəstəkar "bir az xəstəyəm” dedi.
Qara Qarayevin tələbəsi
Arif Məlikovun həyat yoluna nəzər salanda ömrünü musiqi sənətimizin inkişafına həsr edən bir insanın tərcümeyi-halı ilə tanış olur və qürur duyursan. A.Məlikov 1933-cü ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqi ilə yanaş,ı rəssamlığa da meyl göstərib. Hətta Rəssamlıq Texnikumuna daxil olmaq istəsə də, musiqiyə olan maraq üstün gəlib. A.Məlikov 1948-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun tar sinfində oxuyarkən onda bəstəkarlığa böyük həvəs oyanıb. Bu həvəs onu 1953-cü ildə Konservatoriyanın bəstəkarlıq fakültəsinə gətirib. Musiqi ocağında o, görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb və bu ünsiyyət bəstəkara bir şəxsiyyət kimi formalaşmaqda, sənətdə öz fərdi yolunu tapmaqda kömək edib. A.Məlikov həmçinin 1960-ci ildən bu təhsil ocağında dərs deməyə başlayıb. Gənc bəstəkarın hələ tələbəlik illərində yazdığı bir sıra iri həcmli əsərlər: simfonik orkestr üçün "Balet süitası”, "Nağıl” faciəsi, fleyta və orkestr üçün "Konsertino” və I simfoniya ilk dəfə səsləndiyi gündən diqqəti cəlb edir və onun böyük gələcəyindən xəbər verir.
27 yaşın uğuru
1959-cu ildə Q.Qarayevin məsləhəti ilə Leninqrad Opera və Balet teatrı A.Məlikova N.Hikmətin "Məhəbbət əfsanəsi” pyesinə balet yazmağı təklif edir. 27 yaşlı bəstəkar N.Hikmət, baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır. Premyeradan sonra əsər musiqi tarixində yeni söz, yeni mərhələ kimi qiymətləndirilir. "Məhəbbət əfsanəsi”ndən sonra o, "2 nəfər” (librettosu R.Rojdestvenskinin) və "İki qəlbin dastanı” (Ş.Rəşidovun kinossenarisi əsasında, librettosu A.Məlikova məxsusdur) baletlərini yazır. "İki qəlbin dastanı” baleti Daşkənd və Kuybışevdə böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. "Yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnən bəstəkar öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək, mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. A.Məlikovun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır”- deyə musiqişünaslar onun yaradıcılığı haqqında yazırlar.
Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – "Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad Akademik Opera və Balet Teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir”.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı” əsəri əsasında yaratdığı "İki qəlbin poeması” baletidir ki, rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq, sənətin əbədiliyinin, qüdrətinin rəmzinə çevrilib. Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı” çap olunub. A.Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm ölkəmizdə, həm də onun hüdudlarından qat-qat uzaqlarda əks-səda tapır, maraqla qarşılanır. Təməli dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılıq üslubunu yaratmağa nail olub. Təsadüfü deyil ki, o, bu gün də dünya miqyasında müasir Azərbaycan musiqisini ləyaqətlə təmsil edənlərdən biridir. Musiqinin ən müxtəlif janrlarında səmərəli və məhsuldar işləyən bəstəkar "Məhəbbət əfsanəsi” (N.Hikmət), "İki nəfər” (R.Rojdestvenski), "İki qəlbin poeması” baletləri, "Vətən” və "Dünyanın səsi” kantataları, VII simfoniyası "Ləpələr” operettası, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqisi ilə milli musiqi xəzinəmizi zənginləşdirib.
A.Məlikovun yaradıcılığında onun kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqilər də mühüm yer tutur. O, "Sehrli xalat”, "Ulduzlar sönmür”, "Rüstəm və Söhrab”, "Axırıncı aşırım” kimi filmlərə, "Natəvan”, "Atabəylər” tamaşalarına, 5 seriyalı "Şahnamə” filminə musiqi yazıb.
Novator bəstəkar
Həmkarları, sənət dostları Arif Məlikovu dünya bəstəkarlıq sinfinin görkəmli nümayəndəsi kimi dəyərləndirirlər.
"Arif Məlikov zəmanəmizin görkəmli bəstəkarıdır” -deyən Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova bildirdi ki, belə bir canlı klassiklə eyni vaxtda yaşadığımız üçün fəxr etməliyik: "Musiqi sənətimizin inkişafında Arif Məlikovun əməyi çox böyükdür. O, bizim musiqi tarixinə görkəmli bəstəkar, pedaqoq, ictimai xadim kimi daxil olub. Onun baletləri təkcə öz yaradıcılığına deyil, həm də ölkəmizin adına şöhrət gətirib. Bəstəkar «Məhəbbət əfsanəsi» baletini 27 yaşında ikən yazıb və bu gənc yaşında ona dünya şöhrəti qazandırıb. Bu balet 80 ölkədə tamaşaya qoyulub və Azərbaycanı, o cümlədən Türkiyənin böyük şairi Nazim Hikməti tanıdıb». Arif Məlikovun yaradıcılığının çoxşaxəli olduğunu deyən Z.Qafarova bəstəkarın əsərləri içərisində irihəcmli simfonik əsərlərin, simfoniyaların, romansların, kamera musiqi əsərlərinin mühüm yer tutduğunu bildirir: "Arif Məlikov dram tamaşalarına, filmlərə musiqi yazıb. Elə bir janr yoxdur ki, o, həmin janrda əsər yazmasın. O, hər bir janrda novator kimi çıxış edir. Arif müəllim peşəkar pedaqoqdur, uzun illərdir ki, Bakı Musiqi Akademiyasında çalışır, kafedra müdiridir, çoxlu tələbələr yetişdirib. Həmin tələbələr Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələridir. Arif Məlikov ictimai işlərdə də həmişə fəaldır. O, həmişə gənclərə böyük dəstək verir. Mən xoşbəxtəm ki, onun əsərlərinin premyeralarına tamaşa etmişəm, əsərlərini dinləmişəm”.
Arif Məlikov vaxtilə Xalq artisti Faiq Sücəddinovun da konservatoriyada simfonik orkestr üçün aranjeman üzrə müəllimi olub. Faiq müəllim Arif Məlikovu zəmanəmizin korifey bəstəkarı adlandırır: "Mən ilk dəfə onun əsərini estrada orkestri üçün aranjeman etmişəm. «Gəl bizim dağlara» adlı həmin məşhur mahnını Akif İslamzadə oxuyur. Bu mahnını ilk dəfə mən royalda çalmışam. Arif Məlikovla mənim gözəl yaradıcılıq münasibətim olub: mən aranjemançı, o isə bəstəkar kimi birlikdə işləmişik. Arif Məlikov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olduğundan məhsuldar bəstəkar kimi tanınıb. Bu gün də onun əsərləri bütün dünyada ifa olunur”.
Arif Məlikovu təkrarsız bəstəkar adlandıran Xalq artisti Oqtay Rəcəbov müəlliminin operadan başqa musiqinin bütün janrlarında əsər yazdığını söyləyir: "Arif Məlikovun əsərləri içərisində dünya səviyyəli əsərlər var. Elə «Məhəbbət əfsanəsi»nin adını çəkmək kifayətdir. Əgər mahnı janrına müraciət etsək, keçən əsrin 60-70-ci illərində yazılan, bir sıra kino filmlərdə səslənən mahnıları bu günə kimi ifa olunur. Əgər bu əsərlər bu gün ifa olunursa, demək dəyərli əsərlərdir. Xalqımız onun mahnılarını dinləyir, yadda saxlayır və sevir. Gənc müğənnilərimiz də həmin mahnıları öz repertuarlarına daxil edirlər. Azərbaycan xalqı belə bir bəstəkarla fəxr etməlidir». Arif Məlikovu həmçinin gözəl pedaqoq kimi dəyərləndirən O.Rəcəbov onun çoxsaylı bəstəkarların yetişməsində rol oynadığını deyir: «Əgər mən orkestr üçün bir musiqi əsəri yazmaq istəyirəmsə, mütləq Arif müəllimə zəng edib onunla məsləhətləşirəm. Arif Məlikov təkrarı olmayan, dünya musiqi korifeylərinin sırasında dura biləcək bir bəstəkardır. Onu qorumaq və əsərlərini tez-tez televiziyalarda, radioda səsləndirmək lazımdır ki, böyüməkdə olan gənc nəsil həmin əsərləri eşitsin və mənəvi cəhətdən zənginləşsin”. Arif Məlikovun insani xüsusiyyətlərindən danışan O.Rəcəbov deyir ki, o, hamıya kömək etməyə çalışan, gənclərə daim dəstək olan böyük qəlbli insandır: "Arif müəllim uşaqla uşaq, böyüklə böyükdür. Azərbaycan xalqı belə bir bəstəkarının varlığı ilə fəxr etməlidir».
Görkəmli bəstəkarı biz də təbrik edir, cansağlığı arzulayırıq! Əfsanələr heç zaman bitmir – "Məhəbbət əfsanəsi” kimi...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər