• cümə axşamı, 28 mart, 23:02
  • Baku Bakı 13°C

“Arada oğlanları da düşünək...”- Diskussiya

07.04.18 11:00 3007
“Arada oğlanları da düşünək...”- Diskussiya
Hər gün ictimai nəqliyyatda sərnişinlərin yer davasına şahid oluruq. İnsanların ictimai nəqliyyatda bir-birinə yer vermək məsələsi hər vaxt gündəmdə olsa da, son zamanlar xüsusilə böyük problemə çevrilib. Bu məsələdə isə daha çox oğlanların haqları "tapdalanır”. Əgər əyləşən oğlan, ayaq üstə dayanan qızdırsa, oğlanlar qınaq obyektinə çevrilir. Bəs gənclər necə düşünür? İctimai nəqliyyatda gənc oğlanlar öz həmyaşıdlarına hökmən yer verməlidirlərmi?
Mövzunu Bakı Slavyan Universitetinin tələbələri ilə müzakirə etdik.

Münasib Əliyev:
- Əgər bir qadın avtobusda ayaq üstə dayanıb, oğlan əyləşibsə, mütləq ayağa qalxmalıdır. Bu, kişinin qadına göstərdiyi ehtiramdır. Qız oturmağa etiraz edirsə, bu zaman oturmaya bilər. Amma oğlan oturduğu halda, qadın ayaqda dayanmamalıdır. Bu bizim milli mentalitetimizə ziddir. Biz mentalitetə əsasən qadınlara yer verməliyik.
Nəzrin Əkbərova:
- Qadın zəif yox, zərif məxluqdur. Biz dədə-babadan bunu görmüşük. Qadın incə varlıq olduğu üçün kişilər hər vaxt onlara hörmətlə yanaşmalıdır. Amma bu o demək deyil ki, oğlan qalxmağa məcburdur. Oğlan qalxarsa, sağ olsun. Qalxmırsa, heç kimin etiraz etməyə haqqı yoxdur. Qadına yer vermək mədəniyyət məsələsidir. Heç kimin borcu deyil.

Səncanə Əsədova:
- Əgər biz müasirliyə doğru gediriksə, qadın və kişilərin hüquq bərabərliyindən danışırıqsa, niyə bu məsələdə zərif məxluqa çevrilirik? Nə qadının, nə də kişinin kiməsə durub yer verməsinə ehtiyac var. Mənim oturmaq haqqım olduğu kimi, qarşımdakı oğlanın da oturmaq haqqı var. Heç kim ayağa qalxmaq məcburiyyətində deyil. Biz Münasibin dediyi kimi, mentalitetlə getsək, yaşlılardan nə fərqimiz olar ki...
Leyla İsalı:
- Hər bir gəncin tərbiyəsi ailədən gəlir. Hər bir oğlanın qalxıb yer verməsi evdə anasına, bacısına etdiyi hörmətin əlamətidir. Evdə necədirsə, cəmiyyətdə də özünü elə aparmalıdır. Oğlanın qıza yer verməsi onun özünə qoyduğu hörmətdir.

Səncanə Əsədova:
- Xeyr. Məsələnin hörmətsizliklə əlaqəsi yoxdur. Əgər qadınla kişinin hüquqları birdirsə, niyə hörmətsizlik olsun ki? O da gəncdir, mən də gəncəm. O da oturub getmək istəyir, mən də. Niyə durub yer verməlidir ki?!


Türkan Süleymanova:
- Mənim nəqliyyat vasitəsində birinci məqsədim özümə yer tapıb oturmaqdır. Mənim üçün fərqi yoxdur kim mənə yer verdi, ya vermədi. Əsas odur ki, yer olsun və mən oturum. Səncanənin dediyi kimi, hər kəsin oturmaq hüququ var.
Leyla İsalı:
- Bir dəfə avtobusda cavan oğlan əyləşmişdi. Bir xanım oğlanın başının üstündə dayanıb danışırdı: "İndiki gənclərdə mədəniyyət qalmayıb. Hamısı tərbiyəsizdir...” Oğlan qalxıb xanıma dedi ki, mən əliləm və mədəniyyətimə şübhə etməyin. Amma xahiş edirəm, siz əyləşin, mənim qulağım dincəlsin”. Hamıdan yer tələb etmək olmaz. Bunu bizim xanımlar təəssüf ki, anlamırlar. Əlildirsə, yer verməyə borclu deyil. Hər kəs öz mədəniyyətini göstərir. Yer verən də sağ olsun, verməyən də...

Natiq Nəsirov:
- Bu, milli mentalitet məsələsidir. Ölkəni digər ölkələr içində tanıdan milli mentalitetdir. Xarici ölkələrdə bir kişi qadına yer versə, qadın onu təhqir edər. Amma Azərbaycanda kişi mütləq qadına yer verməlidir. Qadına hörmət edirlər və zərif məxluq kimi yanaşırlar. Son zamanlar ictimai nəqliyyatda qadına qarşı hörmətsizlik edirlər, müqavimət göstərirlər. Bir gənc olaraq, utanc hissi keçirirəm. Avropalaşmaq deyirik, amma biz avropalaşmağın mənfi tərəfini götürürük. Avropalaşmaq odur ki, oradan savadı, biliyi gətirib burada tətbiq edəsən. Amma bizim oğlanlar düşünür ki, Avropa ölkələrində sərnişin avtobusunda qadına yer vermirlər, niyə biz verməliyik? Avropalaşıb mentaliteti unutmaq olmaz. Yer vermək şəxsi mədəniyyət məsələsidir.

Mətin Oğuz:
- Əslinə qalsa, böyüklərlə kiçiklər arasında fərqin ciddiləşməsi, uçurumun yaranması, böyüyə ehtiram ənənələri sovet stereotipləri əsasında formalaşıb. Mən düşünmürəm ki, bunlar bizim milli mentalitetimizdən qaynaqlanan məsələlərdir. Mentalitet düşüncə deməkdir. Biz əgər məsələnin mahiyyətinə varmış olsaq, görərik ki, oxuduğumuz kitablarda, dastanlarda tarixi hadisələrdə türk qadınları daim mühüm dövlət işlərində işləyib, at belində gediblər. Mən düşünmürəm ki, Azərbaycan qadınları o qədər zəifdir ki, ayaq üstə getmək onlara yorucu təsir bağışlasın. Onlar at çapan nəslin nəvələri, nəticələridir. Necə ola bilər ki, onların kökləri bu hərəkətlərə yol verdiyi halda, biz qadınların yorulmasından danışırıq. Mən belə düşünmürəm. Həmçinin biz həmişə bərabər hüquqlardan danışırıq. Qadına qalxıb yer vermək hörmət əlaməti deyil, dərinə varsaq, təhqirdir. Biz qadına ehtiram göstərmək üçün ayağa durmuruq. Onun zəif və ayaqda qalacaq gücə malik olmadığı düşüncəsini ortaya qoyuruq. Bu, mentalitet deyil. Ümumiyyətlə, biz ayırmalıyıq ki, milli mentalitet dedikdə nədən söhbət gedir. Ərəb düşüncəsi, sovet ənənələri, yoxsa türk qanunları... Bizim cəmiyyətdə qadının mövqeyi həmişə ali olub. Natiq deyir ki, Avropadan savad, bilik götürək. İnsanın həyat tərzi, düşüncələri, sosial münasibətləri, insanlararası əlaqələri dəyişmədiyində, infrastrukturda da dəyişikliklər olmur. İnsanlararası münasibətlər düzgün formalaşmalı, övlad-valideyn münasibətləri yaxşılaşmalıdır. Mən qadına yer verməyi ehtiram kimi başa düşmürəm. Qadınlar öz haqları uğrunda savaşa bilərlər. Kişilərin onlara yardım göstərməsinə ehtiyacları yoxdur. Əgər kişilər yardım etmək istəyirlərsə, qadınların hüquqlarını bilsinlər, heç bir qadına zərbə vurmağa çalışmasınlar, bu kifayətdir. Onlar onsuz da həm həyatda, həm də avtobusda özlərinə yer tapa biləcəklər.
Münasib Əliyev:
- Niyə mən oturmalıyam, qadın ayaq üstə qalmalıdır? Hamımız avtobusda qadına göstərilən münasibətin şahidi oluruq. Qadına əl qaldıra, hətta onu narahat edə bilərlər. Ona görə reallıqdan danışaq. Təbii, qadınların hüquqları kişilərlə bərabərdir. Mentalitet isə yazılmamış qanunlardır və o bizim içimizdədir. Böyüklə kiçik arasında uçurum olduğunu hesab etmirəm. Kişilərin də qadına yer verməsi onların ehtiramından irəli gəlir.
Mətin Oğuz:
- Nəsillərarası müharibələr tək bizdə olmayıb. Bütün dövrlərdə bu, baş verib. Mən sizi əmin edirəm ki, gənc nəsil həmişə qalib gələcək. Bizim nəvələrimiz də bizə qalib gələcək. Əgər qalib gəlməsə, biz yerimizdə sayacağıq. Avropalaşmaqdan söhbət gedirsə, bu, birtərəfli olmur. Sən deyə bilməzsən ki, mən texnikanı gətirəcəm Avropadan, amma düşüncəmdə dəyişiklik olmayacaq. Bu, həyat tərzidir. Niyə düşünülür ki, kişi qadına ehtiramla yanaşmalıdır? Hər yerdə qadın hüquqlarından, bərabərlikdən danışılır. Məsələ avtobusda yer məsələsinə, iqtisadi azadlığa gələndə, bərabərlik deyən qadınlar ortada görünmür. Bəzən qadınlar özləri də o girdabdan çıxmaq istəmirlər. Mübarizə aparmaq üçün daha önəmli məsələlər var. Mən bir gənc olaraq istəyirəm ki, avtobusdakı xala yer üstündə yox, daha vacib məsələlərdə mübariz olsun.

Nəzrin:
- Bir dəfə yaşlı kişiyə yer verdim və o oturmadı. Mənə dedi ki, biz dədə-babadan bir şey öyrənmişik ki, qadına yer verməliyik. Qadın zərif məxluqdur. O demək deyil o zəifdir. Məsələ aradakı hörmətdən gedir. Biz keçmişdən görmüşük ki, kişilərimiz qadınlarımıza həmişə hörmətlə yanaşıb. Oğlan da bizə yer verəndə, ona təşəkkürümüzü bildirib, necə yaxşı oğlan olduğunu düşünürük.
Mətin:
- Mən bir dəfə ağır çanta çiynimdə metroya mindim. Yer davası edən xanımların heç biri təklif etmədi ki, çantan ağırdı, ver saxlayaq. Xanıma yer vermək borcumuz deyil. Amma xüsusi vəziyyətlər ola bilər ki, yükü ağırdır, qucağında uşaq var. Hətta metroda da deyilir ki, yaşlılara, əlillərə, uşaqlı qadınlara yer verilsin. İstisna vəziyyətlərdə qadınlara da, kişilərə də yer verilməlidir.

Səncanə:
- Oğlanın qıza yer verməməsini hörmətsizlik kimi qəbul etmirəm. Münasib deyir ki, oğlanlar ayaq üstə dayanan qızları narahat edə bilər. Biz öz münasibətimizi sərt olaraq bildirir, durduğumuz yeri seçə bilirik. Həmin adam elə bir hadisəylə rastlaşsa, yer vermədən də məni müdafiə edə bilər. Yer verməyə borclu deyil. Amma o demək deyil ki, oğlan mənə yer vermirsə, mən ona tərbiyəsiz kimi baxacam.
Solmaz Əlizadə:
- Mətin deyir ki, çantayla metroya girdim, mənə yer vermədilər. Ümumiyyətlə, biz qızlar özümüzə sığışdırmırıq ki, qalxaq, oğlanlara yer verək. Biz özümüzdə belə bir fikir formalaşdırmışıq ki, bizə oğlan yer verməlidir. Mən görməmişəm hansısa qız oğlana yer versin.
Səncanə:
- Bizim qızlar ancaq öz hüquqlarından danışır. Kişilərin də hüquqları var. Arada oğlanları da düşünək də...
Mətin:
- Hörmətsizlik oğlanın qalxıb qıza yer verməməsi deyil. Hörmətsizlik oğlanın yanında oturan qızın yer boşalan kimi "qaçıb” başqa yerdə oturmasıdır.
Münasib:
- Həyat bir bumeranqdır. Sizin etdiyiniz mütləq sizə geri dönəcək. Yer versəniz, sabah sizə də yer verəcəklər.
Türkan:
- Mən can sağlığımdan başqa heç nəyi düşünmürəm. Harada rahat yer var, orada otururam. Qarşımdakı böyük, yaşlı, balaca olsun - fərqi yoxdur. Mən ayaq üstə durmağı xoşlamıram və otururam. Bunu kim necə qəbul edir-etsin.
Aygün ƏZİZ
Günel AZADƏ

banner

Oxşar Xəbərlər