Aqşin Yeniseyin yeni üslubda ilk romanı TEAS PRESS-də
Yazıçı, şair
Aqşin Yenisey yeni "Tarix və tale” romanının nəşrinə hazırlaşır. Bunun üçün
artıq "TEAS PRESS” Nəşriyyat evi ilə yazıçı arasında müqavilə də imzalanıb.
Aqşin Yeniseyin "Tarix və tale” romanı əsasən Azərbaycanın müstəqillik illərini
əhatə edir.
Romanda iki
paralel süjet xətti mövcuddur. Birinci süjet xəttində Azərbaycanda tarixi hadisə
olan ölüm hökmünün ləğvi və bu hökmlə cəzalandırılımış son məhbusların həbsxana
həyatı, ikinci süjet xəttində isə imperiya əsarəti illərində məişət
darısqallığına sıxışdırılan, daim bu darısqallıqdan çıxış yolu axtaran, tapa
bilmədikdə bir-birini suçlayan, azadlığı yalnız bir-birilərini əzməkdə görən ər-arvadlardan
ibarət minlərlə azərbaycanlı ailədən birinin ailə münasibətləri yer alır. Hər
iki süjet xətti real həyat hadisələrinə əsaslanır, bu hadisələr müəllif təxəyyülünün
əlavələri ilə təqdim edilir. Müəllif bu romanında ölkənin tarixi ilə o ölkə sakinlərinin taleyi
arasındakı münasibətləri, ziddiyyətli və oxşar məqamları, tarixin nə zaman
taleyə, taleyin hansı anda tarixə çevrilməsi prosesini işıqlandırmağa cəhd göstərib.
Aqşin Yenisey
yeni əsəri haqda danışarkən bildirib ki, indiyədək Azərbaycanda üçü şeir, ikisi
nəsr əsəri olmaqla beş kitabının nəşr olunmasına baxmayaraq, ilk dəfədir dünya
nəşriyyat bazarında olduğu kimi kitabı naşirlə yazılı şəkildə imzaladığı
müqavilə əsasında çıxacaq: "Bu, Azərbaycanda bütün ədəbi mühitin çoxdan
arzuladığı və gözlədiyi bir hadisədir. Bu dünya standartının Azərbaycana gətirilməsi
çox sevindiricidir”.
Roman
hazırlıqlı oxucular üçün nəzərdə tutulub. Ənənəvi romançılıqdan uzaq olan dildə
və üslubda yazılıb. Kitabın nəşri sentyabr ayına planlaşdırılır.