• cümə, 19 Aprel, 11:34
  • Baku Bakı 13°C

Aqroparklar aqrar sahənin inkişafına təkan verəcək

21.12.17 11:00 2586
Aqroparklar aqrar sahənin inkişafına təkan verəcək
Azərbaycanda aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq. Bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev deyib.S.Vəliyev bildirib ki, aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac potensialının və coğrafiyasının genişlənməsində, məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir: "Aqroparkların yaradılması, həmçinin milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında önəmlidir".
O əlavə edib ki, aqroparkların yaradılmasından kiçik və orta fermerlər bir çox faydalar əldə edəcəklər: "Belə ki, onlara məsləhət, texniki, logistika və aqroservis xidmətləri göstəriləcək, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunacaqlar və innovativ texnologiyaların tətbiqi həyata keçiriləcək".
Aparat rəhbəri deyib ki, aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika (saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış) üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. Bütün bunlar isə regionların ixtisaslaşmasına öz müsbət töhfəsini verəcək: "Bundan əlavə, aqroparklann yaradılması bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının minimuma endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq".
Aqroparkların ölkənin ixrac potensialını artırmasına toxunan S.Vəliyev qeyd edib ki, aqroparklar kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək: "Aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq. Bu məhsullar isə həm idxal əvəzləyici, həm də ixrac yönümlü olmaqla, ümumi daxili məhsulun artımına müsbət təsir göstərəcək. Aqroparkların yaradılması sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir. Hər bir fiziki və ya hüquqi şəxs aqropark yarada bilər”.
Nazirliyin Aparat rəhbəri vurğulayıb ki, hazırda 28 rayon üzrə 42 aqroparkın yaradılması təşviq olunur: "Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Hazırda 16 aqroparkın yaradılması üzrə tikinti-quraşdırma işləri aparılır, 23-də isə hazırlıq və təşviqat işləri davam etdirilir. Aqroparkların yaradılması coğrafiyası respublikanın bütün iqtisadi rayonlarını əhatə edir".
S.Vəliyev deyib ki, 13 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98,6 milyon manat güzəştli kredit ayrılıb.
İqtisadçı Rəşad Həsənov bizimlə söhbətində mövzu ilə bağlı bəzi məqamları vurğuladı: "Ənənəvi sahələrdən biri hesab olunan kənd təsərrüfatı sahəsində müstəqilliyin ilk illərində geriləmələr müşahidə olunmağa başladı. Amma iqtisadiyyatın ayrı-ayrı sahələrinin müqayisəli qiymətləndirilmə nəticələri onu göstərir ki, hazırki şərtlər daxilində kənd təsərrüfatı nisbətən üstünlüyə malik olan sahələrdən biridir. Belə ki, aqrar təsərrüfatın iqtisadi göstəriciləri əvvəlki illərlə müqayisədə müəyyən qədər artım dinamikası nümayiş etdirib. Amma bu göstərici iqtisadiyyatın digər sahələri ilə müqayisədə aşağı hesab olunur. Burada geriləmənin əsas səbəblərindən biri odur ki, digər sektorlarda mənfəət norması və gəlirlilik səviyyəsi aqrar sektorla müqayisədə daha yüksəkdir. Son dövrlərdə inkişaf daha çox ekstensiv xarakter daşıyır. Aqroparkların yaradılmasında əsas məqsəd məhz bu problemin aradan qaldırılması və eyni zamanda, ixrac potensialının gücləndirilməsidir. Bildiyiniz kimi, aqroparklar 2014-cü ildə prezident tərəfindən imzalanmış fərman əsasında 2015-ci ildən etibarən yaradılmağa başlayıb. Artıq bir neçə aqroparkda istehsal fəaliyyəti başlayıb. Bunlardan ən uğurlusu Şəmkirdə yaradılan aqropark hesab olunur. Aqroparkların yaradılması, infrastrukturun təmin edilməsi yol, qaz, işıq, su xətlərinin çəkilməsi və kommunal xidmətlərin təşviq edilməsi, bilik və bacarıqların artırılması məqsədilə təlimlərin təşkil edilməsi indiki məqamda mühüm əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, istehsalçılar topdan və pərakəndə satışla məşğul olan müəssisələrə nisbətən daha az qazanırlar. Bu da istehsal prosesini zəiflədən və onu gerilədən əsas məqamlardan biri idi. Aqropark dəyər zəncirinin halqalarını bir-biri ilə əlaqələndirməklə, istehsal prosesindən əldə olunan gəliri artırır. Bu da öz növbəsində mənfəət normasının yüksəldilməsinə və marağın artmasına, həmçinin investisiya qoyuluşunun artımına gətirib çıxarır və yeni innovasiyaların tətbiq edilməsinə şərait yaradır. Bu, çox əhəmiyyətli məqamdır. Çünki əldə olunan gəlir növbəti dövrlərdə müvafiq texnologiyaların tətbiqinə imkan yaradır. Bütün bu proseslər isə son nəticədə ölkədə aqrar sektorun inkişafına təkan verir. Məsələn, hazırkı model rəqabətə davamlı deyil. Bunu çox sadə bir misalla göstərmək olar. Hollandiyada bir hektar ərazidən 55-60 sentner taxıl əldə olunursa, Azərbaycanda bu göstərici 16 sentnerdir. Bu isə bizdə istehsal olunan məhsulların bazarda rəqabətliliyini aşağı salır. Həmçinin innovativ vasitələrlə istehsalla məşğul olmaq daha çox gəlir əldə etmək imkanı yaradır. Amma yerli istehsalçılar bu gəlirlərdən məhrumdurlar. Aqroparklar məhz bu istiqamətdə müəyyən qədər inkişafı sürətləndirəcək. Ümumilikdə götürdükdə, aqroparklar aqrar sektorun inkişafına öz töhfəsini verəcək”.
Şəbnəm
banner

Oxşar Xəbərlər