• cümə, 29 Mart, 04:06
  • Baku Bakı 7°C

Aqrar sahənin inkişafı: Dünya bazarlarına necə çıxaq və nə çıxaraq?

19.05.16 12:15 1875
Aqrar sahənin inkişafı: Dünya bazarlarına necə çıxaq və nə çıxaraq?
2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq, layihə hazırlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlanır. Layihə çərçivəsində alimlərin iştirakı ilə Dəyirmi masalar keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına ünvanlanacaq.
Dördüncü mövzu:
Sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına böyük həcmdə çıxarılmasının elmi-təcrübi yollarının müəyyənləşdirilməsi;
Dəyirmi masanın iştirakçıları: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Faiq Xudayev, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun "Ərzaq təhlükəsizliyi” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Sahib Əliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Həlimə Məmmədova, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Cəfərova; Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mutəxəssislər Şurasinin sədri Ülviyyə Hüseynova, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texniki elmlər üzrə fəlsəfə doktoru Teymur Musayev; Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ramil Nəbiyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri İradə Əliyeva, Vüsalə Mirzəli, Şəhanə İsrəfilova, Fəridə Şərbətova, İlahə İsmayılzadə, Saray Bayramova; Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mutəxəssislər Şurasının üzvləri Bürhanə Mürşüdova, Rəşadət Mehdiyev, Zəkəra Zaxarov, Səbinə Rüstəmli, Gülər Məmmədova; Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Tanrıverdi İslamzadə, Əsmər Əhmədova.
Dəyirmi masanın moderatoru Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu
***
Sahib Əliyev: Respublikamızın təbii-iqlim şəraiti burada kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün kifayət qədər əlverişlidir. Təbii-iqlim şəraitinin müxtəlifliyi respublikamızda istehlak olunan əksər kənd təsərrüfatı məhsullarını yetişdirməyə imkan verir. Ölkəmizdə əsas ərzaq məhsulu olan taxılla bərabər, müxtəlif meyvələr, hətta subtropik bitkilər belə yetişdirilməkdədir. Deməli, bizim imkanlarımız var ki, bu sahəni daha da genişləndirməklə ölkənin ixrac potensialına daha böyük töhfələr verək.
Sahənin inkişaf etdirilməsi ilə həllini tapacaq ən mühüm məsələlərdən biri sözsüz ki, məhsuldarlığın artırılmasıdır. Bununla bizim dünya bazarlarına rəqabətə davamlı məhsullar çıxarmağımız üçün geniş imkanlar yaranır. Lakin bir məsələni təkrarən vurğulamaq lazımdır ki, yüksək məhsuldarlıq üçün əlverişli torpaq sahələrinin olması əsas amildir. Bu və ya digər səbəblərdən istifadə olunmayan, əkin-biçindən uzaq qalan torpaqlar yararlı hala gətirilməlidir. Torpaq sahələrimiz geniş olmasa, səmərəli istehsal formalaşdırmaq, davamlı və əsas hədəfi dünya bazarına yüksək keyfiyyətli məhsul çıxarmaq olan vahid mexanizm qurmaq mümkün olmayacaq. Bizə böyük əkin sahələri lazımdır ki, məhsullarımız çeşidli olsun. Təkrar edirəm ki, bu gün nə edəcəyini bilməyən bir qrup kəndlinin əlində böyük torpaq sahələri cəmləşib. Onlar həmin sahələri nə özləri istifadə edir, nə də başqalarına verirlər. Fikrimcə, burada yeganə çıxış yolu kooperativlərin yaradılmasına dövlət dəstəyinin təşkil edilməsidir. Bu dəstək ilk növbədə kiçik fermer təsərrüfatları arasında maarifləndirmədən başlamalıdır. Dövlət dəstəyi ilə əkin dövriyyəsindən çıxmış, əkinə yararlığını hər hansı səbəbdən itirmiş pay torpaqlarında pilot kənd təsərrüfatı kooperativləri yaratmaq olar. Ucar, Kürdəmir və Şəki rayonları ərazilərində 300-500 ha-lıq belə sahələr mövcuddur.
Məhsulun satışı və dünya bazarlarına çıxarılmasına gəldikdə, deyə bilərəm ki, bizim aqrar sektorda istehsal etdiyimiz məhsulların bu problemi yoxdur, daxili tələbat və xarici bazara çıxış imkanları kifayət qədər böyükdür. Respublikamızın aqrar məhsullarının ənənəvi MDB (əsasən Rusiya Federasiyası) bazarı olsa da, fikrimcə, artıq Avropa bazarına kütləvi məhsul ixracının da vaxtı çoxdan çatıb.
Faiq Xudayev: Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər bu sahənin gələcəkdə ölkə iqtisadiyyatına böyük töhfələr verəcəyini deməyə əsas yaradır. Diqqətinizi Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əsas müzakirə mövzusuna çevrilmiş məsələlərə yönəltmək istəyirəm. Bu iclasda ərzaq təhlükəsizliyi əsas prioritet elan edildi, ölkənin 9 iqlim zonasının hər birinə uyğun kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün məxsusi subsidiya paketlərinin tərtib ediləcəyi bildirildi. İxracı stimullaşdırmaq üçün bu sahədə çalışan qurumlara, şirkətlərə kompensasiya ödəniləcəyi qeyd olundu. Qeyri-neft sektorunun inkişafı üçün təcili zəruri olan bütün addımların atılacağı bəyan edildi. Dövlət başçısı cənab İlham Əliyev bütünlükdə aqrar sektorda islahatların böyük sürətlə aparılacağını, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün səylərin dəqiq hədəflər üzrə artırılacağını vurğuladı. Onun iclasda səsləndirdiyi bir fikri yadınıza salmaq istəyirəm: "Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq”. Göründüyü kimi, aqrar sahənin inkişafı, xarici bazarlara çıxış imkanlarımızın genişləndirilməsi dövlətimizin əsas hədəflərini təşkil edir. Bu isə sahibkarları, iş adamlarını ruhlandıran, işləməyə stimul verən əsas amildir.
Ülviyyə Hüseynova: Dünya bazarlarına çıxarılmalı olan məhsulların müəyyənləşdirilməsi işinə ixracatla məşğul olan iş adamları da cəlb olunmalıdır. Xarici bazara mal-məhsul çıxaran iş adamları ilə geniş müzakirələr təşkil etmək olar ki, bu yolla da dünya bazarlarındakı vəziyyəti öyrənmək, təhlil etmək və mövcud vəziyyətə uyğun addımlar müəyyənləşdirmək mümkündür. İş adamları yaxşı bilirlər ki, hansı ölkədə hansı məhsula daha çox tələbat var. Bütün bu kimi suallara aydınlıq gətirilməsi üçün aqrar sahənin mütəxəssisləri və iş adamlarından ibarət kiçik işçi qruplar da yaratmaq olar ki, onlar müxtəlif ölkələrə ezam olunaraq xarici bazarlardakı vəziyyəti daha dəqiqliklə öyrənə bilsinlər. Müxtəlif xarici səfərlərdə olanda həmin ölkələrin dükan-bazarında satılan məhsullarla tanış oluruq. Yəqin həmkarlarım da mənimlə razılaşar ki, Avropa ölkələrində satışa çıxarılan meyvələr Azərbaycanda becərilən məhsullarla müqayisədə çox dadsızdırlar. Bunun müxtəlif səbəbləri var. Bura iqlim şəraiti, torpağın keyfiyyəti və sairə kimi amilləri aid edə bilərik. Daha çox isə GMO meyvələrilə rastlaşırıq. Görünüşü göz oxşayan belə məhsullara bu gün Avropa bazarlarında daha çox rast gəlinir. Bizim meyvə-tərəvəz məhsullarımız isə çox keyfiyyətlidir.
Ramil Nəbiyev: Bəli, bizim meyvələrimizin dadı-tamı var. Deməli, biz Avropa bazarlarında özünə yer eləmiş GMO məhsulunun yerinə keyfiyyətli məhsul təklif edə bilərik. Bunun üçünsə kompleks tədbirlər görülməli, xüsusi fəaliyyət proqramları tərtib olunmalıdır. Məsələn, Avropa ölkələrində Azərbaycanın kənd təsərrüfatı məhsullarının sərgisini təşkil etmək mümkündür ki, bu yolla məhsulumuzu avropalı alıcıya tanıdaq. Belə sərgiləri hər dəfə bir ölkədə keçirmək olar. Əminəm ki, bizim meyvələrin, tərəvəz məhsullarımızın dadı ilə tanış olan avropalı alıcı bundan sonra bazarlarda ancaq Azərbaycan məhsulu axtaracaq.
Zəkəra Zaxarov: Ümumiyyətlə, Azərbaycanın təbii iqlim şəraiti, yeraltı sərvətləri dünya bazarlarında özünə layiqli yer tutmağa imkan verir. Demək olar ki, dünyada yetişdirilən kənd təsərrüfatı məhsullarının təxminən 80-85 faizini Azərbaycanda yetişdirmək mümkündür. Belə məhsullar dünya bazarında olan və xaricdən gətirilən məhsullara nisbətən ekoloji cəhətdən təmizdir. "Dünya bazarına hansı məhsulu çıxara bilərik” sualına gəldikdə, deyə bilərəm ki, bu, nar şirəsi, quru meyvələr, nadir meyvə sortları kimi məhsullar ola bilər. Bundan başqa, bizdə elə ərik, gilas sortları var ki, onlar dünyanın heç bir yerində yetişmir. Onlara el arasında "qarasaçaq", "krım gilası", "avlaq gilası" deyirlər. Bu məhsulları dünya bazarına çıxarmaq üçün qabaqcadan müəyyən tədbirlər görmək lazımdır. İlk növbədə, məhsulların hansı ölkələrin bazarına çıxarılması nəzərdə tutulubsa, həmin ölkədə reklam işinin təşkili yerinə yetirilməlidir. Təbliğat kampaniyaları təşkil olunmalıdır ki, alıcılarda həmin məhsullar haqda müəyyən məlumatlar olsun, məhsulların ekoloji cəhətdən təmiz olmasını birinci növbədə ön plana çəkmək lazımdır.
Gülər Məmmədova: Azərbaycan məhsullarının xarici iş adamlarına tanıdılması istiqamətində bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin xəttilə müxtəlif tədbirlər keçirilib. Eyni zamanda, ölkəmizdə xarici iş adamlarının iştirakı ilə biznes forumlar təşkil olunub. Lakin nəzərə aldıqda ki, indi bizim qarşımızda aqrar sahənin inkişaf etdirilməsi və ölkənin ixracat potensialının yüksəldilməsi kimi dövrün tələblərindən irəli gələn vəzifələr dayanır, deməli, biznes forumların və bu kimi digər tanıtma tədbirlərinin sayı çoxalmalı və sistemli şəkil almalıdır. Xatırlayırsınızsa, cənab Prezident də aqrar sahənin inkişafına dair çıxışlarının birində belə bir fikir səsləndirmişdi: "Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır”. Deməli, Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi istiqamətində görülən işlər dövlətin iqtisadi dayaqlarını möhkəmləndirəcək böyük bir proqramın tərkib hissəsi kimi qiymətləndirilməlidir və bu işdə aqrar sahə təmsilçiləri olaraq bizim üzərimizə böyük vəzifələr düşür.
Hazırladı:
Jurnalist Ekspert Mərkəzinin sədr müavini
Nicat Dağlar
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
banner

Oxşar Xəbərlər