• çərşənbə axşamı, 23 aprel, 11:19
  • Baku Bakı 20°C

Aqrar bank – zərurətdimi?

28.06.13 10:50 2498
Aqrar bank – zərurətdimi?
Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, Azərbaycanda aqrar bankının yaradılması məqsədəuyğun olardı. O, ixtisaslaşmış aqrar bank təşkilatının yaradılmasının tərəfdarı olduğunu bu günlərdə jurnalistlərə açıqlamasında qeyd edib.
Nazirin sözlərinə görə, bu gün Azərbaycanda aqrar sahəyə kredit ayıran kifayət qədər banklar var: “Eləcə də, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsaitlər də müvəkkil banklar vasitəsi ilə fermerlərə verilir. Həmçinin, nazirliyin yanında Kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən də müvəkkil banklar vasitəsi ilə fermerlərə kreditlər ayrılır. Eyni zamanda, müəyyən bank olmayan kredit təşkilatları da bu işi həyata keçirir. Lakin gələcəkdə ölkədə hər hansı bir ixtisaslaşmış aqrar bankın yaradılması və bugünkü bankların hər hansı birinin aqrar bankı olaraq fəaliyyət göstərməsi məqsədə uyğun olardı”.
Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov da mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda ixtisaslaşdırılmış aqrar bankın yaradılması məsələsinə baxılır. Nəzərə alsaq ki, ölkə əhalisinin 40 faizə yaxını kənd təsərrüfatı sahəsində çalışır aqrar bankın yaradılmasının zərurət olduğu aydınlaşar. Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında böyük hədəflər dayanıb və onlara çatmaqda kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Sözügedən sektora əhəmiyyətli dövlət yardımı göstərilir. Bu gün dövlət fondları vasitəsilə kənd təsərrüfatı məhsulunun istehsalçılarına güzəştli şərtlərlə bir milyard manata yaxın vəsait verilib. Amma Azərbaycanda kənd təsərrüfatına bank xidmətlərini əsasən universal banklar göstərir. Həmçinin regionlarda mikromaliyyələşdirmə üzrə təşkilatlar dinamik inkişaf edir. Dünyada kənd təsərrüfatına maliyyə dəstəyi ilə bağlı dövlət və özəl olmaqla müxtəlif kombinasiyalar var. Hazırda biz beynəlxalq təcrübəni öyrənirik.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, bir neçə dəfə aqrar bankın formalaşdırılmasına cəhd göstərilsə də, nəticə uğurlu alınmayıb: “Hazırda Azərbaycanda “Aqrar kreditbank” adlı təşkilat fəaliyyət göstərir və bu qurum tərəfindən fermerlərə kredit təklif olunur. Amma etiraf etmək lazımdır ki, bu sahədə verilən kreditlər bütün fermerlər üçün əlçatan deyil”. V.Bayramov ixtisaslaşdırılmış aqrar bankın yaradılmasını müsbət qiymətləndirir. Həmçinin qeyd edir ki, bankın kredit təşkilatlarından əsas fərqi bu qurumlara həm yerli, həm də xarici mənbələrdən vəsaitlərin cəlb edilməsindədir. Buna görə də aqrar bankın yaradılacağı təqdirdə, onun vəsaitlərinin formalaşması heç bir problem yaratmayacaq: “Təbii ki, bu təşkilata dövlət tərəfindən də müəyyən maliyyə vəsaiti ayrılacaq. Eyni zamanda, bank həm yerli, həm də xarici ölkələrdən daxil olan vəsaitləri qəbul edə bilək. Amma burada əsas məsələ yenə də mexanizmin necə qurulmasından asılı olacaq. Yəni, əgər mexanizm şəffaf qurularsa və fermerlərin kreditlərə əlçatanlığı təmin olunursa, bu zaman aqrar sektorda həyata keçirilən layihələr daha tez reallaşacaq”. Ekspert xarici ölkələrdə aqrar bank təcrübəsindən geniş istifadə olunduğunu deyir. Onun sözlərinə görə, bu tipli banklar xüsusilə Avropa ölkələrində fəaliyyət göstərir. Hətta Almaniyanın ən böyük bankı ixtisaslaşmış aqrar bankdır. Güman edirik ki, Azərbaycan yaxşı təcrübələrdən istifadə etməklə belə bank forlaşdıra bilər”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, hazırda fəaliyyət göstərən banklar aqrar sahəyə kredit vermədə o qədər də maraqlı deyillər. Ekspert bildirir ki, ölkə üzrə kredit qoyuluşunun təqribən 5 faizi kənd təsərrüfatı sahəsinə aiddir: “Ona görə də kənd təsərrüfatı sektorunu maliyyələşdirəcək bir qurumun, bankın yaradılması əslində məqbuldur. Ancaq iş təkcə belə bir bankın yaradılmasından keçməyəcək. Bu bankın özü fəaliyyət göstərəndə belə yenə pulun verilməsi ilə bağlı ortaya problemlər çıxa bilər. Çünki bank yaradılır, amma kənd təsərrüfatı sahəsində olan risklər qalıb. Ona görə burada həm də kənd təsərrüfatı kreditlərinin sığortalanması sistemi işə düşməlidir. Yəni, təkcə məhsulun sığortalanması yox, eyni zamanda prosesin özü də sığortalanmalıdır. Bundan başqa, dövlətin nəzdində Təminat Fondu da yaradıla bilər. Banklar tərəfindən kreditlər ayrıldıqda və hansısa problemlər ortaya çıxdıqda bu Fond vasitəsi ilə həmin zərər ödənilə bilər. Bu halda da banklar kreditləşməkdə maraqlı olacaqlar. Buna görə də Təminat Fondu yaradılarsa, yeni bankların yaradılmasına ehtiyac qalmayacaq. Həm də mövcud bankların özləri də kənd təsərrüfatı sahəsinə kredit ayırmaqda maraqlı olacaqlar”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə düşünür ki, ölkəmizdə aqrar bankın yaradılmasına ehtiyac yoxdur. Ekspertin sözlərinə görə, hazırda mövcud olan bankların onsuz da problemləri çoxdur: “Ölkədə 40-dan artıq bank var ki, onların da çoxunun yerlərdə filialları yaranıb. Həmin bankların bir neçəsinin fermerlərlə ünsiyyət təcrübəsi var. Bir çox kommersiya bankları uzun müddətdir ki, fermerlərlə işləyir, hətta onları yaxından tanıyır, kimin nə dərəcədə vəsait alıb qaytarmaq imkanını da bilirlər. Hökumət bu gün fermerlərə kömək üçün əlavə strukturun yaradılması barədə düşünməməlidir. Təklif vermişik ki, Kreditlərə Zəmanət Fondu yaradılmalıdır. Bankların həmişə likvit olması üçün hökumət büdcəsindən müəyyən vəsait ayırıb banklara yardım etmək lazımdır. Əslində bu funksiyanı tender keçirib hər hansı bir banka həvalə etmək də olar ki, onlar fermerlərə uzun müddətli kredit versin. Fermer həmin krediti vaxtında qaytarmaq imkanında olmadıqda isə hökumət üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, bankları müəyyən miqdar vəsaitlə təmin edə bilər. Həmin addımın atılması heç də çətin məsələ deyil”.
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsilə kənd təsərrüfatına yardım göstərmək olar: “Bütün iri, orta bankların hamısının Azərbaycanın regionlarında şöbələri var. Fermerlərə dəstək olmaq üçün bu banklar vasitəsilə də kreditlərin ayrılması mümkündür. Yeni bankın yaradılması əlavə xərc və ştatlara yol açacaq. Odur ki, əsas olaraq əvvəlcədən oyun qaydaları müəyyən olunmalıdır ki, kreditlər fermerlərə hansı güzəşt və mənbələrdən veriləcək. Aqrar sahə elə bir həssas sahədir ki, burada çox ciddi gəlirlərdən söhbət getmir. Həm də bura uzunmüddətli yatırımlar etmək lazımdır. Ona görə də mövcud banklarda fermerlərə veriləcək kreditlərin faizləri çox aşağı olmalıdır. Bunun üçün isə həmin kreditlərin mənbələri müəyyənləşdirilməlidir. Əlavə xərclərə gedib yeni bankların, ştatların yaradılmasındansa, həmin mənbələri müəyyən edib, agent bankların tenderini keçirmək olar. İştirak edəcək banklar da dövlət tərəfindən ayrılmış maliyyənin yaxşı idarə olunması təkliflərini verərək və öz komisyon xərclərini də üzərinə qoymaqla cüzi faizlə fermerlərə kreditlər verə bilərlər. Yəni, yeni bankın yaradılması və strukturlaşmasını gözləməkdənsə, həm iqtisadi səmərəlilik, həm də işin sürətli aparılması nöqteyi-nəzərindən bu yol daha optimal görünür. Çünki yeni bank yaradılacağı təqdirdə də ona vəsaitlərin hansı mənbələrdən cəlb ediləcəyi sualı yaranır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər