• cümə axşamı, 28 mart, 17:04
  • Baku Bakı 16°C

Apteklərdə zərdab yoxdur

12.07.13 08:45 2276
Apteklərdə zərdab yoxdur
“İlan sancması halları ilə bağlı bütün bölgələrdən müraciətlər olur. Amma ən çox müraciətlər şimal zonasından Qazax, Şəki, İsmayıllı, Qəbələ, Aran rayonlarından Yevlax, Bərdə, Siyəzən, Şirvan, cənubda isə Masasllı və Lənkəranın payına düşür”. Bu sözləri bizimlə söhbətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirdi.
A.Maqsudovun sözlərinə görə, bu ilin müvafiq dövrü ilə müqayisədə ötən il ilan sancmaları daha çox olub: “Ötən il artıq aprel ayında xəstəxanalara müraciətlər olmuşdu, bu il isə müraciətlər mayın ortalarından başlayıb. Bu il mayda 16 nəfəri, iyunda 14 nəfəri, iyul başlayandan isə 7 nəfəri ilan vurub”.
Qeyd edək ki, ötən il 106 nəfəri ilan sancmışdı. 2011-ci ildə ilan vurmasından 3, keçən il 2 nəfər dünyasını dəyişmişdi. Bu il isə Salyan rayonu, Şəkərli kəndinin 6 yaşlı sakini Gülnar Didarova ilan sancmasının, daha doğrusu, zərdab çatışmazlığının qurbanı olub. Gülnar Salyan rayon xəstəxanasına aparılsa da, zərdab olmadığndan, balaca qızcığazı Bakıya Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətiriblər. Salyandan Bakıya çatanacan vəziyyəti daha da ağırlaşan qızı xilas etmək mümkün olmayıb.
Respublikanın baş toksikoloqu mətbuata açıqlamasında ötən il ilan və əqrəb zəhəri əleyhinə zərdabların ölkədə mövcud olmadığını və bu məsələnin Səhiyyə Nazirliyinin qarşısında qaldırıldığını bildirmişdi. A.Maqsudov bizimlə söhbətində bu il kifayət qədər zərdab alındığını və Səhiyyə Nazirliyinin bütün mərkəzi rayon xəstəxanalarını zərdabla təmin etdiyini bildirdi: “Hansı xəstəxanada zərdab qurtarıbsa və yenidən həmin xəstəxananın zərdabla təmin edilməsi üçün müraciət olunmayıbsa, bu, artıq həmin xəstəxananın problemidir. Xəstəxanalar vaxtında rayon səhiyyə şöbələri qarşısında məsələ qaldırmalıdırlar”. Kənd xəstəxanalarına zərdabın verilməməsinə gəlincə, A.Maqsudov dedi ki, sözügedən tibb ocaqlarına zərdab tələbnamə ilə paylanır: “Prosedur belədir ki, kənd xəstəxanaları mərkəzi rayon xəstəxanalarına müraciət etməlidirlər”.
A.Maqsudov onu da qeyd etdi ki, apteklərdə də zərdab satılır: “Sovet dövründə olduğu kimi, hazırda apteklərdə satışda zərdab var. Amma problem ondadır ki, apteklərdə satılan zərdab ilanın zəhərini öldürməyə kifayət etmir. Səhiyyə Nazirliyinin xəstəxanalara pulsuz payladığı zərdab isə ən güclü zəhəri olan gürzə ilanının zəhərini də zərərsizləşdirir”.
Apteklərdə keyfiyyətli zərdabın olmamasının səbəbinə gəlincə, baş toksikoloq dedi ki, apteklərdəki zərdab ucuzdur: “Nazirliyin alıdığı zərdabın bir ampluası 300-350 manatdır. İnanmıram ki, Azərbaycan əhalisinin bunu kütləvi şəkildə almağa imkanı çatsın. Yalnız tək-tək adamlar bu qiymətə zərdab ala bilər. Buna görə də apteklər keyfiyyətli zərdabı satışa qoymağa üstünlük vermirlər”. Neçə amplua zərdabın zəhəri zərərsizləşdirməsinə gəlincə, A.Maqsudov bildirdi ki, çox vaxt 1 amplua zərdab kifayətdir: “Güclü zəhərlənmədə bəzən ikisinə ehtiyac olur”.
Hansı aptekdə zərdab olduğunu dəqiqləşdirmək üçün 10-a yaxın apteklə əlaqə saxladıq. “Vitamin” Aptek, AVİS Tibbi Marketlər Şəbəkəsi, Aptek “Sara”, “Zəfəran”, “Loğman” və əlaqə saxladığımız digər apteklərdən bildirdilər ki, onlarda zərdab yoxdur. Hətta bəzi apteklərdə təəccüblə zərdabın nə olduğunu soruşdular...
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər