AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Aprelin 1-i kimilərini Londona, kimilərini Hollandiyaya “göndərmişəm””

“Aprelin 1-i kimilərini Londona, kimilərini Hollandiyaya “göndərmişəm””

Mədəniyyət
01 Aprel 2013, 15:21 1819
Hər il aprel ayının biri Gülüş günü kimi qeyd olunur. Bu gün hər kəs özünə yaxın olan insanlara qarşı ərkyana zarafatlarıyla əylənmək, deyib-gülmək istəyir. Bu günü hərə bir cür keçirir. Bəzən insanlar əyləncəli zarafatlar, məzəli əhvalatlarla dolu gün yaşamaq istəyir. Ən gözəli də odur ki, dünyanın ən ciddi insanı belə bu gün ona edilən zarafatı xoş qarşılayır, ən kaprizli və deyingən insan da bu gün kimisə aldatmağa, simasında gülüş doğurmağa cəhd edir. Biz də şou-biznes nümayəndələrinin gülüş günü ilə bağlı xatirələrini və başlarına gələn maraqlı əhvalatları öyrəndik.

Müğənni Vasif Məhərrəmli bizimlə söhbətində zarafat etməyi sevdiyini bildirdi: “Aprelin 1-i çox aldanmışam. Bəzən həmin günün “Gülüş günü” olduğunu unudub söylənilən yalanlara inanmışam. Elə hadisələr başıma çox gəlib. İndi hamısını xatırlamaq bir az çətindir. Mənə demişdilər ki, Argentinanın milli yığmasının futbolçusu Maradona “Neftçi”yə transfer olunub. Buna çox təəccüblənmişdim, sonra yalan olduğunu anladım. Mən özüm də bir çox insanları aldatmışam. Xalam oğlu bacım oğullarına və mənə zəng vurub demişdi ki, durun gəlin, babamız rəhmətə gedib. Hamımız da ağlaşaraq getmişik rayona. Getdik gördük ki, salamatçılıqdır”.

Öz zarafatları ilə məşhur olan müğənni Əlikram Bayramov gülüşü sevdiyini və insanın ömrünü uzatdığını söylədi: “Azərbaycanda özünü ağır aparmaq qaydası son zamanlar dəbdədir. Bəzən isimlərini qeyd etmək istəmədiyim insanlar toya gəlirlər, ciddi otururlar, boğazlarından yemək belə keçmir. Qalstuklarının uzunluğu 2 metrə çatıb, sütun kimi donub qalırlar. Kənardan bu vəziyyət elə də yaxşı görünmür. Hər insan gülüşü başa düşmür. Gülüşü sevmək üçün ürək lazımdır. Azərbaycanda yumoru anlayan insan çox azdır. Mən zarafat edib, bunun şahidi oldum. Yumoru anlayan insanlar getdikcə azalır. Əlbəttə, yersiz gülüş də insan ömrünü qısaldır. Zarafatı edəndə də elə etmək lazımdır ki, yerində olsun, dozası artmasın. Hər kəslə də zarafat etmək olmaz. Nənəm hər zaman söyləyirdi ki, zarafat dostluğun qayçısıdır. Güləndə də ürəkdən gülmək lazımdır. Gülüş insan orqanına vitamin C kimi xeyirlidir. Bu yaxınlarda eşitmişəm ki, çox gülən insanın ürəyi 900 ilə qədər yaşaya bilər. Biz heç 60 il yaşaya bilmirik. Ürəyimizi çox sıxırıq. İnsan hər zaman özü olmalıdır. Biz insanlar həyatda özümüzü oynamırıq. Özümüz olmayanda yumorumuz da alınmır”.

Müğənni 1 aprel əhvalatı olaraq Fərda Xudaverdiyevlə, yumor ustası Müşviqin onu Hollandiyada konsertinin təşkil olunacağı ilə aldatdıqlarını söylədi: “Aprelin 1-i günü gülüş ustalarımız səslərini dəyişib, məni aldatmışdılar. Mən də həvəslə hazırlaşdım ki, Hollandiyaya gedəcəm. Ayın 3-ü gəldim hava limanına gördüm ki, Fərda ilə Müşviq oturub mənə baxıb gülürlər. Həmin an ümidlərim suya düşdü. Özüm də bir dəfə bizim dəstədən nağaraçalan Ramini aldatmışam. Onun atası yaşlı adam idi, dedim ki, evdə bədbəxt hadisə baş verib, atan rəhmətə gedib. O da ağlayaraq cəld evə getdi. Gedib evə çatıb ki, atası sağdır. Uşaqlıqdan bəri məni 21 dəfə aldadıblar. İndi bilmirəm məni aldadırsınız, yoxsa yalandan danışdırırsınız? Sabah qəzetinizin bütün yazılarını oxuyacam”...

Gənc müğənni Abbas Bağırov ciddi olmağı hər zaman üstün tutduğunu bildirdi: “Zarafatı sevmirəm. Elə zarafatlar olur ki, həddini aşır, onun da duzu olmur. Aprelin 1-i Röya xanımı aldatmışam. Belə ki, onu möhkəm qorxuzmuşdum və özüm də qorxmuşdum. Məni də çox aldadıblar. Gülüş günü məni rayona dəvət etmişdilər. Getdim ki, rayonda heç kim yoxdur. Bu da mənim inancımdan irəli gəlmişdi. Ancaq bu il məni heç kim aldada bilməyib”.

Ekstravaqant müğənni Elza Seyidcahan hər zarafatı qəbul etmədiyini, ancaq “Gülüş günü”nünün istisnalıq təşkil etdiyini qeyd etdi: “Ötən il gülüş günü münasibəti ilə çox insanı aldatmışdım. Kanallarımızın birində səhnəcik hazırlamışdım və hər kəs də hazırladığım səhnəciyə inanmışdı. Bundan əlavə, hər il yaxın insanları aldadıram. Rəfiqəmə demişdim ki, sizə gəlirəm, gəl aç qapını. Rusiyada yaşayan dayımı aldatmışam ki, məni qarşılayın, gəlirəm. Daha sonra dostuma görüş təyin edib getməmişəm. Ümumiyyətlə, aprelin 1-i günü məni aldada bilməyiblər. Şit zarafatı sevmirəm. Çevrəmdəki insanlarla dozası qaçmış zarafatı etmirəm ki, heç kim də mənimlə şit zarafat etməsin. Çünki onun sonu yaxşı bitmir”.

Komediya ustası Fərda Xudaverdiyev gülüş günü insanların və eləcə də dostlarının onu aldatmağa çalışdığını söylədi: “Hər zaman biz insanlarla zarafat edirik, ancaq aprelin 1-i insanlar mənimlə zarafat etməyə və aldatmağa çalışırlar. Ancaq mən çox ayıq insan olduğumdan hələ ki onlar istəklərinə nail ola bilməyiblər. Aprelin 1-i günü demək olar ki, bir çox məşhurları aldatmışam. Kimilərini Londona, kimilərini Hollandiyaya göndərmişəm. Onların içərisində inananlar da olub, inanmayanlar da. Ancaq mən inandırmağı bacarıram. Dostumun birinə gecə saat 3-də söyləmişdim ki, yolda qalmışam. O da mənim dediyim məkana gəlib, harada olduğumu soruşanda, yola vermişdim. Sonra dedim ki, bəs bu gün aprelin 1-dir. Ümumiyyətlə, saat 12-ni keçən kimi mənim zəngli saatım xəbər verir ki, bu gün aldanmayım”.

Xəyalə Rəis