• çərşənbə axşamı, 23 aprel, 14:29
  • Baku Bakı 24°C

Aprel döyüşlərinin araşdırılması Ermənistanda ikitirəlik yaradıb

04.06.19 18:39 657
Aprel döyüşlərinin araşdırılması Ermənistanda ikitirəlik yaradıb
Ermənistan cəmiyyətində vəziyyət gərginləşdikcə, baş nazir Nikol Paşinyan təzadlı qərarlar verməkdə davam edir. Belə ki, mayın 20-də Paşinyan aprel müharibəsi zamanı baş verənlərin araşdırılması üçün komissiya qurulmasının vaxtının çatdığını bildirib. Bir neçə gün əvvəl isə Ermənistan parlamenti belə komissiyanı artıq formalaşdırdığını və bu işin müdafiə və təhlükəsizlik daimi komissiyasına həvalə edildiyini bəyan edib.
Onu qeyd edək ki, aprel döyüşləri Ermənistan ordusunda təchizat, komandanlıq, hərbi hissələr arasında əlaqə və digər sahələrdə ciddi problemləri ortaya çıxarıb. Bu faktlara görə, Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyinə daxil olan şəxslərin demək olar ki, hamısı vəzifələrini itiriblər.
İndiki halda Paşinyanın belə bir addım atması nəyin əlaməti sayılmalıdır. Bunu "Qarabağ klanı”na təzyiq vasitəsi və ya ölkə ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi hesab etmək olarmı? Ümumiyyətlə, bu addım Ermənistanda nəyisə dəyişəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Nikol Paşinyanın belə bir komissiya yaratmasının səbəbi "Qarabağ klanı” ilə arasında olan gərginlikdən irəli gəlir: "O, həm də bununla, bir növ "Qarabağ klanı”nı cəzalandırmaq istəyir. Bu, əslində dünyaya mesajdır ki, həmin dövrdə atəşkəsin pozulmasında "Qarabağ klanı”nın rolu olub. Eyni zamanda bu, bir etirafdır. Çünki biz hər zaman deyirdik ki, aprel döyüşlərində atəşkəsi erməni separatçıları pozub və biz də hücumla cavab verərək torpaqlarımızın bir hissəsini azad etmişik. Faktiki olaraq, Paşinyan bu komissiyanı yaratmaqla, Azərbaycanın arqumentini gücləndirdi”.
E.Şahinoğlu əlavə etdi ki, belə bir komissiya fəaliyyət göstərəcəyi halda, Ermənistanın aprel döyüşlərində verdiyi itkilərə aydınlıq gətirməyə məcbur olacaq: "Çünki artıq Ermənistan cəmiyyətində müzakirələr başlayıb və itkilər haqqında müxtəlif fikirlər səsləndirilir. Halbuki komissiya yaradılana qədər bunu gizli saxlayırdılar. Heç bu barədə müzakirə aparmırdılar. Erməni saytlarını izləyirdim və buna həvəsli deyildilər. Amma indi belə komissiya yaradılıbsa, məhz itkilərlə bağlı məsələni də araşdıracaq. Fikir versək, görərik ki, aprel savaşından sonra Ermənistan ordusunda korrupsiya faktı üzə çıxdı, nə qədər hərbiçi həbs olundu və yaxud ordu sıralarından xaric edildi. Əlbəttə ki, bütün bu məsələlərə də aydınlıq gətiriləcək. Yəni komissiyanın fəaliyyəti Azərbaycanın arqumentini gücləndirir ki, atəşkəsi Ermənistan tərəfi pozub. Bu baxımdan, düşünürəm ki, Paşinyan çalışacaq ki, komissiyanın rəyi vasitəsilə "Qarabağ klanı”nın mövqelərini zəiflətsin. İndi buna nə qədər nail olacaq, yaxın günlərdə görəcəyik. Onu da qeyd edim ki, Paşinyanın bu qərarı Ermənistanda ikitirəlik yaradacaq. Başa düşəcəklər ki, səhvlər ucbatından itkilər olub və bunu indiyədək gizlətməyə çalışıblar. Lakin komissiya bunu araşdırandan sonra gizli heç nə qalmayacaq. Düzdür, qapalı iclaslar keçiriləcək, amma aydın məsələdir ki, bu iclaslardan xəbərlər yayılacaq. Həm də Paşinyanın özü maraqlı olacaq ki, aprel hadisələri ilə bağlı gizlinlər üzə çıxsın və bununla da "Qarabağ klanı”na zərbə vursun”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Paşinyan indiki halda çaşqın vəziyyət yaradır: "Çünki ermənilər bir yandan deyirlər ki, Qarabağ başqa "dövlətdir” və biz onların işinə qarışa bilmərik. Guya bu rejimin strukturları, silahlı birləşmələri və sair var. Amma digər tərəfdən, Paşinyan qərar verir ki, Ermənistan parlamentinin nəzdində aprel hadisələri ilə bağlı komissiya yaradılsın, həmin mini müharibənin səbəbləri araşdırılsın. Bunu necə anlamaq olar? Özü də bütün bu problemlərin çərçivəsində rəsmi İrəvan iddia edir ki, guya onların bu proseslərə aidiyyatı yoxdur, Qarabağ "xalqı” özü ayağa qalxıb, Azərbaycandan ayrılmaq istəyirlər və sair. Odur ki, Paşinyanın indiki gedişlərinin hamısı bir qayda olaraq, ölkədə vəziyyətin ağırlığından irəli gəlir. Çünki o, ölkə daxilində olan problemlərin həllində acizdir. Digər tərəfdən Paşinyan rəqiblərinin tutarlı mesajlarına cavab verə bilmir. Nəhayət, Qarabağ probleminin asılı vəziyyətdə qalması baş nazir üçün böyük bir bəladır. Çünki Azərbaycanla real danışıqlara gedib, güzəştlər əsasında hansısa razılığa gəlsə, dərhal radikal qüvvələrin müqaviməti və hücumu ilə qarşılaşacaq”.
T.Abbasov əlavə etdi ki, hazırda Paşinyan sönmüş ocağın külü ilə oynayır: "Çünki onun problemlərlə əlaqəli aydın yanaşması, mexanizmi və konseptual gedişi yoxdur. Ağır problemlərin həlli üçün alimlər, iqtisadçılar, hüquqşünaslar, parlament üzvləri, siyasi elitanın nümayəndələri birgə çalışmalıdırlar. İndiki halda Paşinyanın özünün komandası hələ tam formalaşmayıb. Digər tərəfdən də o bilmir ki, hansı problemə hansı tərəfindən yaxınlaşsın ki, ümumi gərginliyi bir qədər azaltsın. Paşinyan istifadə etdiyi şüarçılığın davamlı olaraq şahidi oluruq. Yəni aprel döyüşləri ilə bağlı parlamentdə komissiya yaratmaq heç nəyi dəyişməyəcək. Çünki yeni parlament o səviyyədə bilikli, bacarıqlı, səriştəli deyil ki, yaradılacaq komissiya dərindən araşdırmalar aparsın, lazımi adamları dindirsin, Azərbaycana qarşı edilən təxribatların üstünü açsın. Bu məsələyə yüngül yanaşma ilə heç nəyə nail olmaq mümkün deyil. Hesab edirəm ki, bu, Paşinyanın ifasında növbəti manevridir. O, gözdən pərdə asmaqla, guya bu kimi işlərlə məşğul olduğunu göstərməyə çalışır. O, bu məsələdə bütün qaranlıq məqamların hamısına işıq salmağa çalışır ki, guya Ermənistan məğlub vəziyyətdə qalmasın. Amma bunların hamısı boş manevrlərdir və hansısa bir nəticə verməyəcək. Çünki ölkə zəifdir, idarə edən komanda tam formalaşmayıb, onların anti-böhran proqramı yoxdur. Ən əsası isə konseptual baxışları yoxdur. Əgər ölkədə dərin böhran yaşanırsa, əvvəlcə onun səbəbləri araşdırılmalıdır, qarşısı alınmalıdır və quruculuq işinə başlanmalıdır. Ancaq Ermənistanın indiki siyasi qüvvələrinin nə səriştəsi, nə də bacarığı var”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər