• cümə axşamı, 28 mart, 22:34
  • Baku Bakı 13°C

Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olundu

16.10.19 19:45 301
Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olundu
Oktyabrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun doğum günü qeyd olundu.
Tədbirin iştirakçıları AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoydular.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədbirdə iştirak edən Şəhid valideynlərini salamladı və onlara: "Siz elə bir övlad böyütmüsünüz ki, bütün Vətən onlarla fəxr edir”-dedi. Rektor Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlar arasında universitetin 10 Milli Qəhrəmanı olduğunu, bütünlükdə AzTU-nun 50-dək tələbəsinin döyüşlərdə şəhid düşdüyünü bildirdi. AzTU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu vurğulayan Vilayət Vəliyev tələbələri şəhidlərimizin adına layiq olmağa, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırdı.
AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında Vətən uğrunda şəhid olan məzunların xatirəsinin anılması və vətənpərvərliklə bağlı hər il universitetdə silsilə tədbirlərin keçirildiyini bildirdi.
Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlu ilə bağlı xatirələrini bölüşərək söylədi:”Oğlumun Vətən uğrunda Şəhid olması nə qədər üzücü olsa da, qürurvericidir”. Ceyran xanım anım tədbirini möhtəşəm qiymətləndirərək AzTU rəhbərliyinə səmimi təşəkkür etdi.
Tədbirdə Gənc Mühəndislər İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Cəfərli "Elektrotexnika və energetika” fakültəsinin təhsildə fərqlənən, ictimai-fəal tələbəsi Bağırova Şəlaləyə Əbdülməcid Axundovun xatirəsinə təsis edilən plaket və mükafatı təqdim etdi. Şəhidin əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat, hər il ənənəvi olaraq Ə. Axundovun doğum günü ərəfəsində, bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə verilir.
Tədbirdə ssenari müəllifləri-Elşən Zeynallı və Xəqani Həşimovun Əbdülməcid Axundova həsr olunmuş "Mən səninləyəm ana Vətən” filmi nümayiş olundu. Şəhid valideynləri universitetdə şəhidlərin xatirəsinə həsr olunmuş "Milli Qəhrəmanlar və Şəhidlər Muzeyi”ni ziyarət etdilər.

Qeyd edək ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki Universitetinin məzunudur. Şəhidlərdən ikisi, Axundov Əbdülməcid və Mirzəyev Elvin "Elektrotexnika və energetika”, Orucov Müşfiq "Avtomatika və kompüter texnikası”, Quliyev Mahir isə "Radiotexnika və rabitə” fakültəsinin məzunudur.
banner

Oxşar Xəbərlər