• şənbə, 20 Aprel, 20:23
  • Baku Bakı 24°C

Aprel döyüşləri qəhrəmanlarının portretlərindən ibarət sərgi açıldı - Fotolar

29.11.17 14:30 2763
Aprel döyüşləri qəhrəmanlarının portretlərindən ibarət sərgi açıldı - Fotolar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) həyata keçirdiyi "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsi çərçivəsində şəhidlərin portretlərindən ibarət sərgi açılıb.
Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə açılan sərgidə Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlər nümayiş olunub. Rəsmləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında sənət təhsili alan yeniyetmə rəssamlar çəkib.
Şəhid ailələri, hərbiçilər, ictimai xadimlər, jurnalistlər, rəssamların iştirak etdikləri tədbiri giriş sözü ilə layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu açıb.
Layihə barədə ətraflı məlumat verən JEM sədri bildirib ki, yeniyetmə rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin portretlərini çəkməzdən öncə qəhrəman döyüşçülərimiz haqqında geniş bilgilər əldə ediblər.
Onlar tanınmış jurnalist Aida Eyvazlının Aprel döyüşləri şəhidlərindən bəhs edən "Qalibiyyət - şahidlər və şəhidlər” kitabından yararlanıblar. Dərnək üzvləri qəhrəmanlarımızı yaxından tanımaq, onların obrazlarını daha dolğun canlandırmaq üçün bu kitabdan əyani vəsait kimi istifadə ediblər.
Layihənin mahiyyətindən danışan C.Musaoğlu vurğulayıb ki, məqsəd şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirmək, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir.
JEM sədri 4 ay müddətində - iyul - noyabr ayları boyunca həyata keçən 4 aylıq layihəyə maliyyə dəstəyi verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, əməli yardım göstərən Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Azərbaycan Hərb Tarixi Muzeyi rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Təqdimat mərasimində Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Əzizağa Qəni-zadə çıxış edərək, Aprel döyüşlərinin Azərbaycan dövlətinə, xalqına, cəmiyyətinə böyük qələbə qazandırdığını deyib. 2016-cı ilin aprel hadisələrindən sonra düşmənin hələ də özünə gələ bilmədiyini, Azərbaycan Prezidenti, Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bütün Ermənistanı sarsıtdığını deyən polkovnik bu qələbəyə görə xalqımızın şəhidlərə, onları qəhrəman böyüdən valideynlərə borclu olduğunu bildirib. Ə.Qəni-zadənin sözlərinə görə, şəhidlərin portretlərindən ibarət sərgi qəhrəman övladlarımızın əbədi yaşayacaqlarına daha bir sübutdur. Sərgini hər dəfə ziyarət edənlər qəhrəmanlarımızı yaxından tanıyacaq, öyrəndiklərini təbliğ edəcək, onlara görə fəxarət hissi duyacaqlar.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva rəhbərlik etdiyi təhsil ocağının qəhrəmanlığın təbliğatına azacıq da olsa töhfə verməsindən məmnun olduğunu söyləyib, yeniyetmə rəssamların Aprel qəhrəmanlarının portretlərini çəkərkən ali hisslər yaşadıqlarını, bu yaşantılarını rəsm əsərlərində göstərməyə çalışdıqlarını deyib.
Uşaq Filarmoniyasının direktoru yeniyetmə rəssamların həm şəxsiyyətləri, həm də sənətləri ilə Azərbaycan dövlətinə və xalqına layiq olacaqlarına, vətəni Aprel döyüşlərinin qəhrəmanları kimi sevəcəklərinə inandığını dilə gətirib.
Tədbirdə millət vəkili Dilarə Cəbrayılova çıxış edərək layihənin təşkilatçılarına və icraçılarına minnətdarlığını bildirib. Şəhid ailələrinin Azərbaycana qəhrəman oğullar bəxş etdiyini, bu oğulların Vətənə qələbə yaşatdığını önə çəkən millət vəkili bütün ölkənin Aprel döyüşçüləri ilə fəxr etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən şəhid ailələri onların övladlarını daim yad etdiklərinə görə ölkə ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər, valideynlər qəhrəmanlarımızla fəxr etdiklərini, uşaqların rəsm əsərlərini böyük qürur hissi ilə çəkdiklərini dilə gətiriblər.
Sərgidə yeniyetmə rəssamlar JEM tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Onlara yardım edən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və müəllimləri də Fəxri diploma layiq görülüblər.
Aprel döyüşləri qəhrəmanlarının portretləri muzeyə hədiyyə olunub.



banner

Oxşar Xəbərlər