• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

“Aprel döyüşləri Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır”

02.04.19 14:52 563
“Aprel döyüşləri Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır”
"Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən indiyə qədər ciddi tarixi dönüş nöqtəsidir”.
Bu barədə millət vəkili, politoloq Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, Aprel döyüşlərinin bu cür qiymətləndirilməsi daha ədalətli olar. Deputatın fikrincə, bu hadisə əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır: "Çünki Azərbaycan ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb. Hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan ordusunun bu cür qələbələr əldə etməsi heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu. Ötən üç il ərzində biz bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi olduq. Ermənistanda 2018-ci ildən başlayaraq bu günə qədər də davam edən ölkədaxili zəlzələ də məhz Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda ciddi mənəvi-psixoloji və siyasi məsələdir”.
Millət vəkili H.Babaoğlu Aprel döyüşlərinin əhəmiyyətinin sadəcə yuxarıda qeyd olunanlarla yekunlaşmadığını söyləyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəflərinin olmasına diqqət çəkib. Bildirib ki, bu konfliktdə iştirak edən təkcə işğalçı Ermənistan deyil: "Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir. Hətta mən deyərdim, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Düşünürəm ki, bütün bunlar, bu nəticələr 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub”.
Deputat H.Babaoğlu vurğulayıb ki, Aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən sonra Günnüt zəfərinin əsasını qoyub: "Azərbaycan ordusu Aprel döyüşlərindən cəmi 2 il sonra Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımıza nəzarəti geri qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və İrəvan - Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilərə məlumdur ki, bənzər hadisə yenə təkrarlana bilər. Özü də bu proses Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər davam də bilər”.
Millət vəkili onu da əlavə edib ki, Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq azad edilmiş torpaqlarımıza "Böyük qayıdışın” başlanmasının əsasının qoyulması ilə əlaqədardır. H.Babaoğlunun fikrincə, bu hadisə problemin həllidə yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdiriləsi cəhdlərinin mümkün olmadığını bir daha hər kəsə göstərmiş oldu.
Alpər TURAN
banner

Oxşar Xəbərlər