• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

“Aprel döyüşləri Azərbaycan tarixinin qürurverici səhifəsidir”

27.11.18 19:35 721
“Aprel döyüşləri Azərbaycan tarixinin qürurverici səhifəsidir”
Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Şagirdlər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Tərəqqi Liseyində şagirdlərlə növbəti görüşünü keçirib.
İctimaiBirliyin sədri Nurlana Mustafayeva məlumat verərək bildirib ki, Humanitar Araşdırmalar İctimai Birliyi həm ölkədə, həm də xaricdə müxtəlif layihələr həyata keçirib: "İndi həyata keçirilən layihə çərçivəsində isə orta məktəbin şagirdlərində vətənpərvərlik ruhunun gücləndirilməsi nəzərdə tutulur. Bizim layihələrimizin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, artıq layihəmiz çərçivəsindəayrı-ayrı ekspertlər tərəfindən müxtəlif mövzularda artıq şagirdlərə məlumat verilib. Layihəmiz çərçivəsində Tərəqqi Liseyində müxtəlif yaş qruplarını əhatə edən şagirdlərlə görüşlərimiz keçirilib. Bugünkü mövzumuz isə 2016-cı ildə baş vermiş aprel döyüşləri ilə bağlıdır və hansı ki, Azərbaycan Ordusunun qəhrəman hərbçiləri cəmi 4 gün davam edən döyüşlərdə düşmənə ağır zərbə vuraraq, işğal altındakı ərazilərimizin bir hissəsini azad edib”.
N.Mustafayeva vurğuladı ki, aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurması idi: "2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəhdlərinin qarşısını alınıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə aprel döyüşlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Bu döyüşlər zamanı Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilib və 500-dən artıq döyüşçüsü yaralanıb. Aprel döyüşləri həqiqətən də bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən zəfərdir. Qürurverici haldır ki, aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməli, müstəqilliyimizi daha da möhkəmləndirməli, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Heç şübhə yoxdur ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir”.
Tədbirin sonunda Tərəqqi Liseyinin şagirdlərinin mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.
BƏXTİYAR



banner

Oxşar Xəbərlər