• çərşənbə axşamı, 19 mart, 12:44
  • Baku Bakı 8°C

“Aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir” - Gör-götür

08.06.18 10:30 2400
“Aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir” - Gör-götür
Aparıcılığa gedən yolun müxbirlikdən keçməsinin tərəfdarıdır. Düşünür ki, bu zaman aparıcı tamaşaçıya çatdırdığını daha yaxşı anlayır. Öz karyerası da məhz bu cür olub, 10 ildən çox müxbir kimi fəaliyyət göstərib. Aparıcının xəbərin tamaşaçılara çatdırılması üçün bir vasitə olduğunu deyir. "Aparıcı səmimi olmalıdır” deyən müsahibimiz "Xəzər xəbər”in aparıcısı və redaktoru Aqşin Kamaldır.

- Elə lap əvvəldən - karyera yolunun ilk vaxtlarından danışaq. Necə başlayıb, bu yol?
- Mən ixtisasca, jurnalist deyiləm. Birinci filologiya - ingilis dili və ədəbiyyatı üzrə təhsil almışam. Sonra Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsini bitirmişəm. Telejurnalistikaya isə uşaq yaşlarımdan həvəsim olub. Elə tələbəliyimin ilk ilində 2001-ci ildə televiziya ilə yolumuz kəsişdi. Tələbə vaxtı gənclər təşkilatının sədri idim. Sədr olaraq Naxçıvan Dövlət Televiziyasında bir verilişə dəvət almışdım. Canlı efirdə qonaq idim. Verilişdə siyasi mövzuda danışanda televiziyanın rəhbərinin xoşuna gəlmişdi. Mənə əməkdaşlıq təklif etdilər. Valideynlərimlə, universitetlə məsləhətləşdikdən sonra televiziya ilə əməkdaşlığa başladım. Elə o kanalda televiziyaçılığın əlifbasını öyrəndim. Məni sınaq müddətli işə götürdülər, çox qısa vaxtdan sonra gənclik və hərbi-vətənpərvərlik redaksiyasında redaktor kimi əmrim verildi. Televiziya ilə yanaşı, Naxçıvanda dövrü mətbuatda müxtəlif məqalələrlə, yazılarla çıxışlar edirdim. Tələbəlik müddətində elə orda işlədim. Universitetdən sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra Bakıya gəldim və «Lider» televiziyasında xəbərlər departamentində çalışmağa başladım. Təxminən 7 il orda çalışdım. Prezident, parlament müxbiri olmuşam, siyasət sahəsini işləmişəm. Demək olar ki, jurnalistikada bütün sahələrdə çəkilişlər eləmişəm. Hətta, bəzi jurnalistlərin "getmərəm” dediyi yerlərdən də çəkilişlər etmişəm. 2012-ci ildən isə «Xəzər» televiziyasındayam. Həm aparıcılıq edirəm, həm də müxbir kimi fəaliyyətim olub. Müxbirliyə önəm verirəm. Çünki bu, televiziyada ən önəmli mərhələdir. Müxbir fəaliyyəti zamanı adam bütün sahələrlə əlaqədə olur, formalaşır və sabah aparıcı olanda nə çatdırdığını bilir. Bu, çox önəmlidir.


- Sizin karyeranızda əsas yeri müxbir yox, aparıcılığın tutduğunu demək olar?
- 2001-ci ildən bu günə qədər televiziyada işləyirəm. 2012-ci ilə qədər əsasən müxbir olmuşam. Bu isə elə də az müddət sayılmaz.

- Maraqlı gələn bir məqam var. İki dəfə ali təhsil almısınız, hər biri başqa istiqamətlərdə. Jurnalistikaya marağınız olub, bəs niyə o istiqamətdə təhsil almamısız?
- Birincisi, qismət olmayıb. İkincisi, jurnalistikaya, televiziyaya, yazmağa uşaqlıqdan meyilli idim, hətta şeirlər də yazırdım. Şagird, tələbə olanda və ondan sonra da müxtəlif almanaxlarda, kitablarda şeirlərim çıxıb. Müəyyən mənada qabiliyyətim olub deyə, hardasa düşünmüşəm ki, insan yaza bilirsə, deməli, o jurnalistlik edə, təcrübə ilə işi öyrənə bilər. Ancaq indi düşünürəm ki, peşəkar jurnalist olmaq üçün mütləq təhsil almaq lazımdır. Və ya üzərinizdə işləməlisiniz. Məndə belə oldu ki, işlədikcə öyrəndim.

- Bu öyrənmə prosesi necə oldu?
- Gördüklərimi götürmək qabiliyyəti yaxşıdır. Naxçıvan Televiziyasında işləyəndə orada təcrübəli adamlar var idi, onlardan öyrənməyə çalışdım. Eyni zamanda, Türkiyədə jurnalistika sahəsində oxuyan yoldaşlarım var idi, onlarla əlaqə saxlayıb dərsliklərini əldə edirdim. Çox böyük marağım var idi. Rusiya, Türkiyə, Amerika və Azərbaycan televiziyalarına, peşəkarlara baxıb öyrənirdim. Olan imkanları dəyərləndirib bacardığım qədər öz üzərimdə işləyirdim. Hətta sonralar sadaladığım ölkələrin hamısında ən aparıcı televiziyaların özündə olmaq, peşəkarların təcrübəsindən yararlanmaq imkanı da nəsib olub.


- Uşaqlıqdan həvəs göstərib gəldiyiniz sahədəsiniz. Bəs, sonra o vaxtkı maraq ölmədi ki?
- Qətiyyən. İnsan çalışdıqca, təcrübəsi artdıqca irəli getmək, yerində saymamaq istəyir. Bu nöqteyi-nəzərdən mən də yenilik, jurnalistikada inkişaf etmək istəyirəm. İndi də o həvəsim var.

- Karyera inkişafında maraqlı olan insanlar adətən, çox işləyən olurlar. Çox çalışan insansınız?
- Hansı işi görürəmsə, ona çox məsuliyyətlə yanaşıram. Bunu mənimlə çalışan hər kəs bilir. Mükəmməlliyi xoşlayıram. Nə dərəcədə nail olduğumu deyə bilmərəm, ancaq çalışıram.

- Hər işdə mükəmməl olmaq heç də asan başa gəlmir. İşçi özünü daha çox yükləmiş olur...
- Mən «Xəzər xəbər»də həm redaktoram, həm əsas buraxılışın aparıcısıyam. Tutaq ki, xəbərlərin saat 13:00 buraxılışının məsul redaktoru mənəm. Bizdə kompyuterdə redaktor sistemi var, müxbirlər bütün xəbərləri atırlar və biz də redaktə edirik və yekunda buraxılışa gedir. Çalışıram ki, buraxılışımdakı xəbərlərin hamısını bir-bir özüm oxuyum. Elə şeylər var ki, onları müxbirlər etməlidir, amma çox məsuliyyət tələb edən materiallarda o işləri də özüm görməyə çalışıram. Bu məsuliyyət yaxşıdır, amma zaman-zaman insanın səhhətinə, əsəblərinə ziyan edir.


- Aparıcı həm də səlis nitqə sahib olmalıdır. Bu cür nitqə əvvəldən sahib idiniz, yoxsa zamanla qazanıldı?
- Kurslarda iştirak etmişəm, Rafiq Həşimov, Aygül Qaradağlı kimi müəllimlərim olub. ABŞ-da da aparıcıların nitq mövzusu ilə bağlı treninqdə olmuşam. Təbii ki, orada bizə Azərbaycan dilinin diksiyasını, ifadə tərzini yox, nəfəsalma texnikaları və ümumiyyətlə, televiziyaçılıqla bağlı məsələləri öyrədiblər. İnternetin imkanları genişdir, digər ölkələrin mütəxəssislərinin video təlimlərinə də baxıb öyrənmişəm. Nitq, efir mədəniyyəti öyrədən müəllimlərim zarafatla deyirdilər ki, Naxçıvanda böyümüsən, necə olur ki, səndə bu ləhcə yoxdur? Bütün müəllimlərimin ortaq fikri olub ki, nitqimin kökü təmizdir. Bu çox önəmlidir. Nitqin kökü təmiz olmayanda fikrinizi qarşıdakı adama səlis çatdıra bilmirsiniz.

Ümumi yanaşanda, aparıcının təmiz diksiyası olmalıdır. İkinci, Azərbaycan dilini yaxşı bilməli, öyrənməli, daim öz üzərində işləməlidir. Ən əsası, aparıcının məntiqi vurğusu olmalıdır ki, dediyini düzgün çatdırsın. Həm də çoxlu mütaliə etmək lazımdır. Bilirsiniz, mikrofon qarşısında hər tembri gözəl olan səs heç də gözəl, peşəkar deyil. Zənnimcə, aparıcının efir görünüşü, hətta geyimi də çox önəmlidir. Aparıcı efirdə bədən dilindən düzgün istifadə etməyi də bacarmalıdır. Çünki siz tamaşaçının şüuraltında ən kiçik bir jestiniz, mimikanızla nəyi necə çatdırmağı idarə edə bilərsiniz. Bu nə qədər şablon səslənsə də, aparıcı səmimi olmalıdır. Aparıcı özünü ağıllı göstərəndə, tamaşaçıya "səndən çox bilirəm”, "sənə dərs keçirəm” ab-havasını yaradanda tamaşaçı ona baxmayacaq, səmimiyyətinə inanmayacaq. Mənim aləmimdə aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir. Zatən, aparıcı bir vasitədir.


- Zamanla nitqin təkmilləşdirilməsindən danışdınız. Maraqlıdır, zamanla nələri düzəltmisiniz?
- Məsələn, ləhcə məsələləri olub, onu düzəltmişəm. Redaktorların, müəllimlərimin, peşəkarların sayəsində yazmaq qabiliyyətimi təkmilləşdirmişəm. Kamera ilə işləməyi öyrənmişəm və öyrənirəm. Daha çox görüntünü öyrənməyə çalışıram. Rejissorlardan, kinolara baxıb öyrənirəm. Yəni, vizuallığı öyrənməyə çalışıram. Aparıcı ağzından çıxanı eşitməlidir. Musiqi haqda da məlumatlıyam, bir az musiqiçiliyim də var. Musiqidə belə bir yanaşma var ki, ifaçı özünü eşitməlidir. Konsert zallarında qarşıya monitor qoyurlar ki, səsi özləri eşitsin. Aparıcı özünü eşitməli və nə dediyinin fərqində olmalıdır. Səhv edirsə, dərhal üzr istəməlidir. Bu yaxınlarda böyük bir tədbirdə peşəkar diktorumuz, xalq artisti Eldost Bayram mənə dedi ki, aparıcılığınızdan xoşum gəlir, xəbəri çox yaxşı çatdırırsınız. Bildirdi ki, Azərbaycanda xəbər aparıcısı deyəndə ilk yadıma gələn adamlardansınız. Bu, mənim üçün yüksək qiymətdir. Bunu eşidəndə deyirsən ki, deməli, çalışdığımın yavaş-yavaş bəhrəsini görürəm. "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülmüşəm. Bu da mənim zəhmətimə verilən dəyərdir.


- Daim xəbərin içindəsiniz. Hər cür xəbər olur. Bu, sizi yormur?
- Xəbər, əslində, təcili, operativ yazılmış qısa əsərdir. Ancaq eyni zamanda sizi ədəbiyyatdan bir qədər uzaq da salır. Sizi bir növ sözün yaxşı mənasında yoluxdurur, xəstələndirir. Hadisə baş verəndə insanlar ona normal baxır, siz xəbər gözü ilə. Televiziyaya baxanda, adi kimsə danışanda, küçədə gedəndə, istirahət edəndə gözün görən hər şeyə xəbər prizmasından yanaşırsan. Bu, zaman-zaman insanı həm də yorur. Mən təkcə xəbərdə işləməmişəm. Gənclik, hərbi vətənpərvərlik redaksiyasında da çalışmışam, müəllif proqramları hazırlamışam, mədəniyyətdən də yazmışam. İqtisadiyyatdan başqa, müxtəlif sahələrə müraciət etmişəm. Buna görə sırf xəbər adamı olduğumu da deməzdim. Amma sözün yaxşı mənasında bu gün xəbər bizi xəstələndirib.

- Adətən, iş həyatı ilə bağlı insanın ara-sıra müqayisələndirməsi olur. Mən burdan bura gəldim. Bu aralıqda irəliləmə sürəti necə gedib?
- Zəif getdiyini deməzdim, amma sürətli də deyə bilmirəm. Müxbir kimi başlamışam, aparıcı olmuşam, yenə redaktor - aparıcı. Təbii ki, inkişaf etmək istəyirəm. Qismətə də inanıram. Bəlkə bundan da daha çox çalışmaq lazımdır, ona da inanıram. Nikbin insanam, aza qane olmağı bacarıram. Bu, hər bir sahədə belədir.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər