• şənbə, 27 Aprel, 00:41
  • Baku Bakı 14°C

Çap mediada milli-mənəvi dəyərlərin təbliği

15.08.17 12:00 1078
Çap mediada milli-mənəvi dəyərlərin təbliği
Avqustun 14-də Beynəlxalq Mətbuat Mərkəzində Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində "Çap mediada milli-mənəvi dəyərlərin təbliğinin vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə ictimai birliyin sədri Nurlanə Mustafayevaaçıb. O qeyd edib ki, Milli-mənəvi dəyərlərimiz bizim minillik tariximizdir, keçmişimiz və gələcəyimizdir: "Bizi başqa millətlərdən ayıran və fərqləndirən də dərin tarixi köklərə dayanan dəyərlərimizdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet sistemi şəraitində xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və himayəsinə xüsusi qayğı və diqqətlə yanaşmışdır. Ulu öndərin məhz milli-mənəvi dəyərlərlə bağlı belə bir deyimi vardır. O, deyirdi: "Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır.” Ulu öndər Heydər Əliyevin bu sözlərini həyata keçirən cənab Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə verdiyi önəm onun bu sözlərində öz əksini tapır: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır”.
Daha sonra N.Mustafayeva layihənin məqsəd və vəzifələrindən bəhs edərək vurğulayıb ki, başlıca məqsəd mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, milli tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsi ilə gənc nəslə təbliğ etməyin yollarını müzakirə etmək, milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdətini araşdırmaq və geniş ictimaiyyətə çatdırmaqdır. Gənc nəsildə mətbuat və sosial mediada milli-mənəvi dəyərlərə sahib çıxmaq, onu qorumaq və vətənpərvərlik hisslərini yüksəltməkdən ibarətdir.
Modern.az saytının baş redaktoru , Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlımüzakirəyə çıxarılan mövzunun çox maraqlı və xalqımız üçün gərəkli olduğunu bildirib: "Bugün sizin həyata keçirdiyiniz bu layihə uzunömürlüdür. Dünən də gərəkli olub, bugün də gərəklidir və sabah da gərəkli olacaq. Ona görə ki, milli-mənəvi dəyərlər bizim soykökümüz, varlığımız deməkdir. Bu dəyərləri qorumaq varlığımızı qorumaq deməkdir. Çap mediada milli-mənəvi dəyərləri qorumaqdan danışırıqsa biraz tarixə nəzər salmalıyıq. Həsən bəy Zərdabi ənənələrindən üzü bugünə gəlməliyik. Təbii ki, hər kəs Azərbaycan mediasının "Əkinçi”dən dövrümüzə qədər keçdiyi yoldan xəbərdardır. Şübhəsiz ki, milli-mənəvi dəyərlərin qorunmasında ən böyük rolu mətbuat oynayır. 70 illik əsarətdən sonra müstəqillik əldə etdildiyi bir dövrdə qarşımızda duran ilk vəzifə milli-mənəvi dəyərlərin qorunması oldu. Çap mediası milli-mənəvi dəyərlər mövzusunda xeyli mühafizəkar görünüb. Bu mediada nəşr olunna bir yazı bir neçə adamın baxışından keçirdi. Ona görə də, milli-mənəvi dəyərlərə, kiminsə şərəf və ləyaqətinə toxunacaq yazılar yox idi. Ancaq sosial media meydana çıxandan sonra bu kimi nüanslara fikir verən azalıb. Sosial mediada xəbəri ilk kim verəcək daha əsas götürülür. Bu isə xəbərin çatdırılması zamanı bir sıra yanlışlıqlara gətirib çıxardır. Və bu zaman milli-mənəvi dəyərlərlə bağlı müxtəlif yanaşmalara səbəb olur. Təəssüfləndirici haldır ki, bugün sosial mediada milli-mənəvi dəyərlərə arzu olunan şəkildə yer verilmir. Təbii ki, bunu bütün internet resurslarına şamil etmək olmaz. Mən düşünürəm ki, internetin bizə verdiyi imkanlardan tam doğru şəkildə yararlanmırıq. Bugün ölkəmizdə 30 yaxın xəbər agentliyi var ki, bunlar ictimai rəyi formalaşdırmaqda mühüm rol oynayırlar. Və həmin saytlar milli-mənəvi dəyərlərlə bağlı üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər. Bundan başqa əsas iş bugün cəmiyyətin üzərinə düşür. İnsanlar doğrunu yanlışdan seçməlidirlər”.
Layihənin eksperti, millət vəkili Musa Qasımlı çıxış edərək milli mənəvi dəyərlərin qorunmasında həm elektron, həm də çap mediasının böyük rolu olduğunu deyib, bu cür layihələrə maliyyə vəsaiti ayırdığı üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Sonda iştirakçıların suallarına cavablar verilib və mövzu üzrə müzakirələr aparılıb.
Günel Azadə
banner

Oxşar Xəbərlər