• çərşənbə axşamı, 19 mart, 07:02
  • Baku Bakı 8°C

Antimilli ünsürün özünüifşası - Video

22.02.18 16:50 2710
Antimilli ünsürün özünüifşası - Video
Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər, yaxud seçkilər ərəfəsində xaricdən ölkəmizə qarşı təşkil edilən kampaniyaların arxasında ermənipərəst dairələrin dayandığını dəfələrlə qeyd etmişik. Bu, artıq heç kimə sirr deyil ki, ölkəmizin uğurlarını həzm etməyən qüvvələr, xüsusən də erməni diaspor təşkilatları, ermənilərin lobbiçiliyini həyata keçirən əcnəbi siyasətçilər belə həssas məqamlarda yeri gəldi-gəlmədi, Azərbaycanı hədəfə alırlar.Burada təəssüf doğuran məqam ondan ibarətdir ki, xaricdən məqsədli şəkildə təşkil edilən belə antiazərbaycan fəaliyyətlərdə "sapı özümüzdən olan baltalar” da yer alırlar. Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan antimilli ünsürlər, o cümlədən Emin Milli, Həbib Müntəzir, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Qənimət Zahid, Leyla və Arif Yunuslar xarici təşkilatların əlində maşa rolunu oynayaraq, Azərbaycan xalqı və dövləti əleyhinə təbliğat aparırlar. Ermənipərəst dairələrdən maliyyələşən beynəlxalq təşkilatların bu antimilli ünsürlərə ayırdıqları qrantlar hesabına xarici ölkələrdə onlayn media qurumları, yaxud sosial şəbəkələrdə səhifələr yaradılır, Azərbaycan barədə qeyri-obyektiv, neqativ rəy formalaşdırılmasına cəhdlər edilir.

Son dövrlər bu sırada Orduxan Temirxan adlı bir şəxsin daha çox fəallıq nümayiş etdirməsi diqqət çəkməkdədir. Bu şəxs hazırda Hollandiyada yaşamaqdadır. O.Temirxanın "Facebook” səhifəsində yerləşdirilən məlumatlardan belə aydın olur ki, o, Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndindəndir. Məlumat üçün bildirək ki, bu rayon Ermənistan silahlı qüvvələri tərəfindən 25 avqust 1993-cü ildə işğal edilib. Bu işğaldan 10 gün əvvəl, yəni avqustun 15-də düşmən ordusu Cəbrayıl şəhəri yaxınlığında yerləşən Daşbaşı yüksəkliyini ələ keçirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gəncini öldürüb, onların meyitlərini tanınmaz hala salıb, təhqir edib. Ümumiyyətlə isə, birinci Qarabağ müharibəsinin gedişində Cəbrayıl rayonu 400 nəfərə yaxın şəhid verib.

Onu da əlavə edək ki, Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. İşğaldan öncə rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunub. Həmin yerdə, yolun qırağında isə iki başdaşı olub. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilib. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları olub, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyası sayılıb. Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri olub. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir.
Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonunun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv edilib. Beləliklə, işğalçı ölkənin hərbçiləri Cəbrayıl rayonundakı tarixi-dini, mədəniyyət abidələrini müharibə dövründə barbarcasına dağıdıblar. Bu proses indiyə qədər də davam etdirilməkdədir. Ermənistanın müxtəlif beyin mərkəzləri Cəbrayıl rayonundakı maddi-mədəniyyət abidələrimizi bu gün də mədəni, mənəvi terrora məruz qoymaqdadırlar.

Lakin əfsuslar olsun ki, el-obası, böyüyüb boya-başa çatdığı rayonu işğal altında olan O.Temirxan və onun əqidədaşları bu həqiqətləri ya unudublar, yaxud da onlara təklif edilən 5-10 avro müqabilində Vətənə xəyanət yolunu tutublar. Əgər belə olmasaydı, O.Temirxan və digər antimilli ünsürlər hazırda Azərbaycan xalqı və dövlətinə, xalqımızın iradəsini ifadə edən dövlət başçısına, hakimiyyət nümayəndələrinə qarşı təşkil etdikləri iyrənc aksiyaların cüzi bir hissəsini işğalçı Ermənistana, əli Xocalıda dinc insanların qanına batmış Serj Sarkisyana və digərlərinə qarşı da hazırlayardılar. Lakin biz onlarda bu gerçək qeyrəti, bu əsl vətənpərvərliyi görə bilmirik. 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasında çıxış edən Azərbaycan Prezidentinə qarşı O.Temirxan və ətrafındakıların təşkil elədiyi etiraz aksiyasını 2017-ci ildə AŞPA-nın qış sessiyasında Serj Sarkisyan çıxış edəndə, müşahidə etmədik. Antimilli ünsürlərin belə davranışları onların ermənipərəst dairələrlə eyni mövqeyi bölüşdüklərini, onların Azərbaycana qarşı təxribatçı planlar həyata keçirən vahid mərkəzdən idarə olunduqlarını ortaya qoyur.

Bu günlərdə isə O.Temirxan daha bir davranışı ilə ermənipərəst mahiyyətini növbəti dəfə biruzə verib. "Azərbaycan Naminə Demokratiya” adı altında xaricdən antiazərbaycan təbliğatı aparan bir təşkilatın tədbirində çıxış edən O.Temirxan ermənilərin vəhşilik etmədiyini bildirib. O iddia edib ki, işğal altında olan Azərbaycan torpaqlarında ermənilər bilərəkdən qəbirləri, məscidləri dağıtmayıb. Halbuki, işğalçı Ermənistanın başımıza gətirdiklərini, o cümlədən Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirdiyini, 30 mindən artıq insanımızı şəhid etdiyini, məhz onların təcavüzkar siyasəti nəticəsində 50 mindən artıq insanımızın sağlamlığını itirdiyini, işğal altındakı torpaqlarımızda maddi-mədəniyyət abidələrimizin ermənilər tərəfindən məhv edildiyini damarında azərbaycanlı qanı axan, əsil vətənpərvər vətəndaşlarımız yaxşı bilir. Hətta bu faktları beynəlxalq təşkilatlar da etiraf edir, Ermənistanı işğalçılıq siyasətinə, işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi vandalizm aktına, tarixi-mədəni abidələrimizi, qəbiristanlıqlarımızı bilərəkdən dağıtdığına görə qınayırlar.

Doğma rayonu, kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, dədə-babalarının məzarları erməni əsgərləri tərəfindən dağıdılan O.Temirxan isə son çıxışı ilə ermənipərəstliyini ortaya qoyur, işğalçıları qınamaq əvəzinə, onlara bəraət qazandırır. Belə olan halda O.Temirxan və onun ətrafında olan antimilli ünsürlərin həqiqi vətənpərvərliyindən, xalq, millət, dövlət təəssübkeşliyindən danışmağa dəyməz.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər