• cümə axşamı, 25 aprel, 16:12
  • Baku Bakı 23°C

“Antimilli qruplaşmalar tam marginallaşıb”

19.04.18 20:17 1322
“Antimilli qruplaşmalar tam marginallaşıb”
Prezident İlham Əliyev aprelin 18-də Milli Məclisdəki andiçmə mərasimində geniş nitq söyləyərək, Azərbaycan reallıqları, daxili və xarici siyasət kursu barədə, həmçinin son 15 ildə əldə edilən uğurlardan, qarşıda duran vəzifələrdən danışıb. Prezident çıxışında ölkəmizdə siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillərin müşahidə olunmasına da diqqət çəkib. Bildirib ki, prezident seçkiləri kampaniyası bunu bir daha nümayiş etdirib. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səsləndiyini xatırladan dövlət başçısı bunu alqışladığını, müsbət hal kimi qiymətləndirdiyini vurğulayıb. Qeyd edib ki, bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. O, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacağını və dəyərli təkliflərin nəzərə alınacağını söyləyib.

Son 15 ildə Azərbaycanda siyasi mübarizənin sivil qaydada təmin olunduğunu dilə gətirən prezident İlham Əliyev antimilli qruplaşmaları sərt tənqid edib. Deyib ki, həmin qruplaşmalar tam marginallaşıb: "Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, Prezident İlham Əliyev indiyə qədər Azərbaycanda ayrı-ayrı dövlətlərin maraqlarını ifadə etməyə çalışan, müxtəlif xarici kəşfiyyat strukturlarının nüfuz müvəkkilliyini yerinə yetirən qüvvələr haqqında danışıb. Bildirib ki, həmin insanlara Azərbaycan xalqı çoxdan "qırmızı kart” göstərib: "Bu gün onların ölkənin ictimai rəyinə, bütövlükdə siyasi proseslərə hər hansı təsir etmək imkanı yoxdur. Azərbaycan dövləti uzun illərdir ki, siyasi partiyaları, qeyri hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini dəstəkləmək, müdafiə etmək istiqamətində konseptual addımlar atıb. Çoxpartiyalı sistemin inkişaf etdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Bu gün siyasi partiyalar fərqli baxışlarından asılı olmayaraq dövlət büdcəsindən maliyyələşdirilir. Eyni yanaşma qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə də tətbiq edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm işlər görülüb və bu işin arxasında bilavasitə Azərbaycan dövləti dayanır. Ona görə də hazırda ümumilikdə ölkə vətəndaşının, o cümlədən aktiv təbəqənin hər hansı formada xaricdən asılılığı yoxdur”.

Müxalif partiya funksioneri deyib ki, dövlətinə, xalqına xəyanət edən istənilən şəxs tarixin zibilxanasına atılır: "Biz yaxın tariximizdə də bu prosesin necə baş verdiyinin şahidi olmuşuq. Bu gün Azərbaycan tarixində əliheydər qarayevlərin adları necə çəkilirsə, yaxın-uzaq tariximizdə, eləcə də müasir dövrümüzdə eyni əməli törədənlərin adları indi də, gələcəkdə də elə o cür xatırlanacaq. Dövlətə, millətə, xalqa xəyanət edənlər heç zaman bağışlanmır. Heç bir xalq belə adamları sevmir, qəbul etmir. Heç bir dövlətin, ölkənin tarixində belə insanların adı qalmır”.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı mövqeyini "Kaspi”yə bölüşən Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli qeyd edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanda radikal müxalifətə də tutarlı cavab verib və onlara olmayan yerlərini göstərib: "Dövlət başçısının çıxışı çox əhəmiyyətlidir və hesab edirəm ki, növbəti 7 il Azərbaycan üçün daha böyük inkişaf erası olacaq. Cənab Prezidentin and içərək yenidən prezidentlik fəaliyyətinə başlayan kimi şəhid ailələrinə birdəfəlik müəvinətlərin verilməsi barədə fərman imzalaması yüksək səviyyədə qiymətləndirilməlidir”.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Azərbaycan qanunvericiliyinə görə siyasi partiyaların xaricdən maliyyələşməsi qadağandır. Onun fikrincə, məhz qanun çərçivəsində hərəkət edərək, xaricdən maliyyə yardımı almağa cəhd edən siyasi partiyaların qarşısını almaq olar. Partiya sədri deyib ki, paralel olaraq, siyasi təşkilatlara dövlət tərəfindən verilən dəstək daha da artırıla bilər: "Azərbaycan dövlətinin ən əsas amili onun müstəqilliyidir. Müstəqil dövlətin müstəqil xarici siyasət həyata keçirməsi üçün güclü iqtisadiyyata sahib olması da əsas şərtdir. Müstəqil dövlətin siyasi sisteminin formalaşmasında xarici qüvvələrin və ölkələrin heç bir rolu ola bilməz. Əminəm ki, Azərbaycan daha da inkişaf etdikcə bu istiqamətdə zəruri addımlar atılacaq. Fikrimcə, Azərbaycanda çoxrəngli siyasi palitranın yaradılması üçün ölkənin sosial-iqtisadi həyatında bir sıra tədbirlər həyata keçirilməlidir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər