• çərşənbə axşamı, 23 aprel, 19:02
  • Baku Bakı 20°C

Anti-Azərbaycan qüvvələrin son “həmləsi”

03.08.18 18:34 1203
Anti-Azərbaycan qüvvələrin son “həmləsi”
Yaxın tariximizdə bir neçə dəfə din amilindən istifadə edərək Azərbaycan daxilində qarışıqlıq yaratmağa cəhdlər olub. Amma bütün bu cəhdlərin heç biri baş tutmayıb. Çünki tarixən Azərbaycanda formalaşmış tolerant və multikultural mühit indiyədək dini zəmində qarşıdurmaların qarşısında əsas sipər rolunu oynayıb. Buna baxmayaraq, zaman-zaman xaricdən fəaliyyət göstərən anti-Azərbaycan mərkəzlər ölkəmizdəki inanclı insanlar arasında nifaq salmağa, onları dövlətə qarşı çıxmağa çağırışlar edirlər.
Son vaxtlar isə bu məsələdə sosial şəbəkələrdən istifadə imkanları daha çox genişləndirilib. Başqa ölkələrdə illər öncə baş vermiş hadisələr Azərbaycan cəmiyyətinə, xüsusilə dindarlara guya bölgələrdən birində olmuş olay kimi təqdim edilir. Bütün bunlar bir daha onu göstərir ki, hələ də təxribatçı qüvvələr öz mövqeyindən geri çəkilmir. Belə olan halda inanclı insanlar tərəfindən hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, Azərbaycanın milli və dövlət maraqlarını müdafiə edən gerçək mənəviyyat adamları hər bir zaman həqiqəti deyiblər: "Onlar hər zaman bildirirlər ki, ölkəmizdə milli, mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir. Azərbaycanda indiyədək istər dinlərarası, istər təriqətlərarası hansısa ixtilafa səbəb olacaq hadisə yaşanmayıb. Bu həm Azərbaycan xalqının genefondundan gələn mərhəmət, rəhmət hissləridir, digər yandan isə Azərbaycan dövlətinin uğurlu din siyasətinin nəticəsidir. Çox təəssüflər olsun ki, ayrı-ayrı ölkələrin beyin mərkəzlərində hazırlanan təxribatlar artıq Azərbaycanın dini mühitinə sıçramağa başlayıb. Ölkəmizin bütövlüyünü istəməyən, getdikcə dövlətimizin Cənubi Qafqazda güc mərkəzinə çevrilməsindən narahat olan qüvvələr, o cümlədən digər müsəlman ölkələrinin özündə belə Azərbaycanla bağlı "əndişələr” var. Bəzi mərkəzlər dövlətimizin bu cür inkişafından, mənəvi dəyərlərə təəssübkeşliyindən "narahatlığı”nı büruzə verir. Bütün bunlara rəğmən, Azərbaycan dünyəvi dövlət olaraq bu gün İslam adına onlarla tədbirə ev sahibliyi edir”.
C.Əzimbəyli qeyd etdi ki, sosial şəbəkələrdə çağırış edən, dini mühitdə təfriqə salmağa cəhd edənlər heç bir halda ölkəsini sevən mənəviyyat adamları ola bilməzlər: "Dini kimliyin daşıyıcısı olan insanlar hər zaman vəhdəti, birlik və bərabərliyi istəyən, ölkəmizə qarşı baş verə biləcək hər hansı təxribatların ən azından ideoloji baxımdan qarşısının alınması yolunda şərəf və ləyaqətlə duran şəxslərdir. İndiki vaxtda ziyanlı yad təsirlərin qarşısını Azərbaycan dövləti, vətəndaşları, media məharətlə almağı bacarır. Düşünürəm ki, Azərbaycanda bəd niyyətlərini həyata keçirə bilməyənlər indi son "həmlə”lərini həyata keçirməyə cəhd göstərirlər. Bunun da qarşısını dövlətin güc strukturları ilə bərabər ölkəsini sevən insanlar alacaqlar. Çünki birmənalı olaraq qeyd edim ki, xarici kəşfiyyat orqanlarının Azərbaycanda təfriqəyə yönəlik həmlələri görünür. Elə son günlər sosial şəbəkələrdə yayılan video görüntüləri götürək. Halbuki həmin görüntülər Azərbaycana aid olmadığı kimi, həm də təxribat xarakterlidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusilə özünü iman adamı adlandıranlar, etiqad sahibləri bu cür təxribatların qarşısının alınmasında sipər olmalıdır. Bu cür fikri yayanlara, cəmiyyətdə təfriqə toxumu səpənlərə güzəşt edilməməlidir. Onu da qeyd edim ki, rəhbərlik etdiyim Qarabağ Seyid Ocaqları, inanclı insanlar birmənalı olaraq Azərbaycan dövlətinin yanındadır. Unutmamalıyıq ki, ən təhlükəli hal dövlətsizlikdir. Əminəm ki, dövlət orqanları və eləcə də ölkə vətəndaşları, inanclı insanlar onların ifşası yolunda zəruri addımları atacaq”.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı alim Hacı Şahin Həsənli bildirdi ki, dini zəmində törədilən təxribatlarla bağlı Azərbaycan dindarlarının mövqeyi ortadadır: "Yəni, son hadisələr zamanı da Azərbaycanın inanclı insanları dövlətçiliyin yanında olduğunu nümayiş etdirdi. Həyata keçirilən iğtişaşlarda inanclı insanlar iştirak etmədi. Burada müəyyən kriminal elementlərin din pərdəsi altında iğtişaşlar törətməsinin şahidi olduq. Əslində bunun İslamla əlaqələndirilməsi kökündən yanlışdır. İslam cəmiyyəti hərc-mərcliyə, sui-qəsdə dəvət edə bilməz. Çünki İslam barışıq, sülh dinidir. Hüquqi dövlətdə bu kimi hərəkətlər də mümkün deyil. Yəni, belə hərəkətlər əslində problemləri həll eləmir. Əksinə, mövcud problemləri daha da dərinləşdirir. Azərbaycan cəmiyyətində təxribatlara mənfi münasibət hər zaman göz önündə olub. Ümumiyyətlə, Azərbaycanda radikallığın ciddi sosial bazası olmayıb. Ölkəmizdə iki əsas ənənəvi sünni və şiə məzhəbləri həmişə zorakılığa qarşı olublar və tariximizdən də bunun şahidiyik. Bu gün də bu belədir”.
Ş.Həsənlinin sözlərinə görə, bu gün dünyada belə bir tendensiya var ki, din vasitəsilə dövlətlərin suverenliyini pozmağa cəhd göstərirlər: "Yəni, din amilindən bəzən sui-istifadə edirlər. Amma Azərbaycanda bu planların baş tutacağına inanmıram. Çünki Azərbaycan inanclıları belə təxribatlara heç zaman getməyəcəklər, necə ki, indiyədək getməyiblər. Belə məsələdə ilahiyyatçıların və din xadimlərinin də mövqeyi bəllidir, aydındır. Bu mövqe həmin iğtişaşların az sayda insan tərəfindən həyata keçirilməsində də özünü göstərdi. Çünki onlar inanclı vətəndaşlar deyildilər. Azərbaycanda inanclı vətəndaşlar kiçik bir qrup deyil. Ölkə dindarları dövlətçiliyin, müstəqilliyin əsas təminatçılarından biridir”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər