• cümə, 26 Aprel, 10:15
  • Baku Bakı 12°C

Anti-Azərbaycan qüvvələrin əlindəki təxribat qrupları

11.05.18 18:19 1560
Anti-Azərbaycan qüvvələrin əlindəki təxribat qrupları
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Helsinki Komissiyasındakı dinləmələrlə bağlı məsələyə münasibətini ifadə edərkən xaricdə məskunlaşmış bəzi soydaşlarımızın anti-Azərbaycan dairələrin əlində alətə çevrilməsinə də diqqət çəkib. Deyib ki, onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər: "Görünür, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır”.

Millət vəkili, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, hazırkı dövrdə bütövlükdə qlobal imperializm milli dövlətlərə təzyiqləri get-gedə artırmaqdadır. Deputatın fikrincə, qlobal imperializmin maraqları tam təmin olunmadıqda, onların maraqları hansısa dövlətin milli maraqları ilə toqquşduqda, bu və ya digər formada ən müxtəlif təzyiq metodlarına əl atılır: "Xaricdə yaşayan bir qrup azərbaycanlının da belə qüvvələrin niyyətlərinə alət olması faktı mövcuddur. Bu proses sistemli, ardıcıl və məqsədli şəkildə təşkil olunur. Diqqət çəkən məqam həm də burasıdır ki, alət rolunu oynayan bu tip insanların üzünə bütün qapılar açıq olur. Normal halda hətta diplomatik pasportla rəsmi şəxslərin daxil ola bilmədiyi bir sıra Avropa strukturlarına, ABŞ-dakı bəzi qurumlara belə insanlar sərbəstliklə girə bilirlər. Bu fakt da sübut edir ki, belə şəxslər antiAzərbaycan qüvvələr tərəfindən himayə olunur, ölkəmizə qarşı istifadə edilirlər. Bu adamlar antiAzərbaycan qüvvələrin əlindəki təxribat qruplarıdır. Xüsusilə qeyd edilməlidir ki, bəzi beynəlxalq təşkilatlar, tanınmış qeyri-hökumət təşkilatları qlobal imperializmə, o cümlədən antiAzərbaycan qüvvələrə xidmət edən struktur vahidləri kimi çıxış edirlər. Son dövrlər Azərbaycana qarşı bəzi addımların atılması da buradan qaynaqlanır. Buna səbəb Azərbaycanın öz milli maraqlarını əsaslı və ciddi şəkildə qorumasıdır. Sözügedən qüvvələr, ümumilikdə qlobal imperializm Azərbaycan xalqının dəyərlərinə və liderinə saldırmaqla, dövlətə qarşı hücumlar təşkil etməklə, lidersizləşdirmək və dövlətsizləşdirmək siyasətini həyata keçirirlər. Məhz buna görə də professor Əli Həsənov haqlı olaraq vurğulayır ki, aparılan antiAzərbaycan təbliğat sistemlidir, məqsədyönlüdür və xüsusi layihədir. Fikrimcə, media bu məsələni daim gündəmdə saxlamalı və onları ifşa edərək mahiyyətini Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, son 14 il ərzində Helsinki Komissiyası Azərbaycan əleyhinə 15-dən çox dinləmə keçirib. Onun sözlərinə görə, bu dinləmələrin əsas təşəbbüskarları Kristofer Smit və onunla birlikdə erməni diaspor təşkilatları, o cümlədən Amerika Erməniləri Milli Komitəsi ilə yaxından əməkdaşlıq edən konqresmenlər olublar: "Qondarma erməni soyqırımının tanıdılması prosesinin ən fəal təmsilçilərindən biri, erməni diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və Dağlıq Qarabağda formalaşdırılmış separatçı rejimə açıq dəstək verən, "Azadlığa Dəstək” Aktına 907-ci düzəlişin əlavə edilməsinin təşəbbüskarlarından biri olan Kristofer Smitin rəhbərlik etdiyi komissiyanın Azərbaycan əleyhinə dinləmələrində iştirak etmək, Ermənistanla, erməni diasporu ilə, Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürüdənlərlə, Xocalı soyqırımının təşkilatçıları və icraçıları ilə eyni cəbhədə, eyni səngərdə dayanmaq deməkdir. Kristofer Smit özünü ermənilərin "böyük dostu” adlandırır və bunu sübuta yetirmək üçün Azərbaycana qarşı həyata keçirilən bütün böhtan və qarayaxma kampaniyalarının ön cərgəsində yer alır. Son dinləmələrin Ermənistanda baş verən hadisələr və Nikol Paşinyanın danışıqlar prosesinin pozulmasına xidmət edən radikal bəyanatları üst-üstə düşməsi kifayət qədər maraq doğurur. Bütün bunlar isə Azərbaycana qarşı aparılan kampaniyaların vahid bir mərkəzdən idarə olunduğu və vahid bir məqsədə xidmət etdiyini təsdiqləyir. Məqsəd isə Azərbaycanın nüfuzuna zərbə vurmaqla işğalçı Ermənistanın mövqelərini möhkəmləndirmək və Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün münbit şərait yaratmaqdan ibarətdir”.

E.Mirzəbəyli xaricdə yaşayan və bu prosesdə yer alan bəzi azərbaycanlıların ermənilərlə eyni platformada yer aldığını da təəssüflə qeyd edib: "Əli müəllimin də qeyd etdiyi kimi, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Bu proses ciddi şəkildə maliyyələşdirilir. Bu adamların Azərbaycana qarşı apardıqları kampaniyanın ardıcıllığı və bir çox hallarda ölkəmizdə həyata keçirilən islahatlara adekvat şəkildə aparılması prosesdə bu və ya digər yollarla böyük vəsaitlərə sahiblənmiş azərbaycanlıların da iştirak etdiyinə, antiAzərbaycan mühacirlərinin mütəmadi olaraq təlimatlandırıldığına şübhə yeri qoymur. Bu qüvvələrin uzantıları, hansı informasiya və maliyyə mənbələrinə çıxdıqları ciddi şəkildə araşdırılmalı, təhlil olunmalı və adekvat tədbirlər görülməlidir”.

Siyasi şərhçi Azər Həsrət hesab edir ki, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın yeganə problemi və dərdi Azərbaycana hansısa formada xidmət etmək olmalıdır. Onun fikrincə, xaricdəki soydaşlarımız Azərbaycan daxilindəki proseslərə uzaqdan-uzağa müdaxilə etməli deyillər: "Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycan davası aparmalıdırlar. Onlar ölkəmiz üçün faydalı işlər görməlidirlər. Təəssüflər olsun ki, bəzi azərbaycanlılar ölkəni tərk etdikdən sonra antiAzərbaycan fəaliyyətlə məşğul olurlar. Öz aləmlərində bunun adını siyasi mübarizə qoyurlar. İddia edirlər ki, guya Azərbaycanda hansısa sahədə qanun pozuntuları var, kimlərinsə hüquqları tapdanır və sair. Əsl gerçəklikdə bu şəxslər antiAzərbaycan fəaliyyətlə məşğuldurlar. Onlar Azərbaycana qarşı məqsədli, sistemli iş aparan mərkəzlərlə, ən acınacaqlısı isə ermənilərlə birlikdə hərəkət edirlər. Belə adamların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Hörmətli Əli müəllim də son müraciətində bəzi məqamları diqqətə çatdırmaqla, antiAzərbaycan qüvvələrin əlində alətə çevrilən bir qrup azərbaycanlını haqq yola dəvət etməyə çalışıb. Lakin təcrübəmdən çıxış edərək təəssüflə deyə bilərəm ki, həmin qrup şəxslərin böyük əksəriyyəti belə müraciətlərə diqqət yetirmirlər. Belələrinin Azərbaycana qayıtması, haqq yola gəlməsi mümkün deyil. Çünki həmin adamlar özlərini AntiAzərbaycan dairələrə, ermənipərəst qüvvələrə təslim ediblər”.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov qeyd edib ki, Avropada səfərlərdə olarkən belə bir qənaətə gəlib ki, xaricdəki bəzi müxalif soydaşlarımız konkret missiya ilə hərəkət edir, ciddi maliyyə qaynaqları əsasında iş birliyi həyata keçirirlər: "Əsas məqsəd Azərbaycan dövlətinin milli maraqlarına qarşı geniş miqyaslı iş aparmaq və təxribat yönümlü fəaliyyət göstərməkdir. İlk vaxtlarda video-bloger qismində təbliğat aparan həmin şəxslər bu gün artıq böyük dairələrin maraqları çərçivəsində hərəkət edir, beynəlxalq tədbirlərə dəvət olunur, onların bütün xərcləri qarşılanır və hazır mətnlər əsasında çıxışlar edirlər. Həmin şəxslərin çıxışları ilə Qərb dairələrindən Azərbaycana qarşı səslənən ittihamlar arasında müəyyən koordinasiyanı görməmək mümkün deyil. Əlaqə var, koordinasiya var və bu məqsədyönlü şəkildə aparılır. Xüsusən də qatı müxalif gəncləri seçirlər, onlara külli miqdarda maliyyə vəsaitləri ayrılır və onlara fəaliyyət planı təqdim olunur. Azərbaycan dövlətinin ən prinsipial dönəmlərində həmin şəxslər ortaya atılır, şantaj metodundan istifadə etməklə, rəsmi Bakının bu və ya digər beynəlxalq layihələrdəki mövqeyini zəiflətməyə çalışırlar. Bu günlərdə Ermənistanda baş verən hadisələr fonunda həmin şəxslərin fəallaşması da təsadüfi deyil. Bütün bunlar koordinasiyalı şəkildə həyata keçirilir. Amma Azərbaycan dövləti güclüdür, vətəndaş cəmiyyəti olaraq, bizlər ayaqdayıq və xaricdə Azərbaycanımızın milli maraqları naminə davamlı mübarizəmizi həyata keçirməkdə israrlıyıq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər