• çərşənbə, 24 Aprel, 15:27
  • Baku Bakı 27°C

Antalyanın qış nağılı - Fotolar

05.01.18 11:03 3233
Antalyanın qış nağılı - Fotolar
Türkiyənin Aralıq dənizi sahillərinin məşhur istirahət mərkəzləri çoxdan milyonların rəğbətini qazanıb. "Euromonitor International” tədqiqat kompaniyasının ən çox ziyarət edilən dünya şəhərləri haqda dərc etdiyi məlumatda Paris, Roma, Honkkonq, Kuala Lumpur, Seul, Mayami, Məkkə şəhərləri ilə yanaşı Antalyanın da adı yer alıb. Ölkənin ikinci paytaxtı sayılan Antalyanın bu siyahıda yer almasının əsas səbəbi həm yay, həm də qış turizminin insanların istirahətinə imkanlar açmasıdır. Təbiət turistlərin istirahət üçün Antalyadan heç nəyi əsirgəməyib: şəhəri hər tərəfdən əhatə edən Toros dağları, gözəl çimərliklər, Aralıq dənizinin mavi suları, qızılı çimərliklər, çeşidli yeməklər təklif edən kafe və restoranlar, canlı musiqisi ilə ovqatı təzələyən əyləncə məkanları, ətirli türk qəhvələri, tarixi məkanlar, qədim tramvayların bizim artıq tarixə qovuşdurduğumuz səsi...

Avropanın, keçmiş sovet ölkələrinin və Yaxın Şərqin insanları bu bölgədə istirahətə üstünlük verirlər. Xüsusən Rusiyadan, Ukraynadan, Çindən, ərəb ölkələrindən olan turistlər çoxluq təşkil edir. Rusiyalı turistlər üçün təkcə yay aylarında deyil, qış aylarında da Antalya ideal məkan sayılır. Onlar qış aylarından başlayaraq yaya evlər sifariş edirlər. Hətta Antalyada ev alıb yaşayan, biznes quran və müxtəlif işlərdə çalışan ruslar da kifayət qədərdir.

Qışda Antalya körfəzində yerləşən mehmanxanaların əlverişli qiyməti turistləri cəlb edir. Hərçənd çoxları Antalyanı istirahət üçün yay aylarında seçir, qış fəslində iqlimin nə qədər gözəl olduğunu fərqinə varmırlar. Amma qış aylarında "İstirahətə hara gedək?” dilemması ilə üz-üzə qalanlar üçün Antalya təkcə yay turizminin deyil, həmçinin qış turizminin qapılarını açır. Oktyabrdan başlayıb aprelə qədər davam edən qış mövsümünün isə burada xüsusi özəllikləri var. Bu müddətdə vaxtını dörd divar arasında keçirənlərə Antalyanın beşulduzlu otellərində «hər şey daxil» gecəsi cəmi 19 avroya təklif olunur. İnternet axtarışlarında və ya turist agentlərində daha ucuz qiymətə turpaketlər tapmaq olar. Müştərilər arasındakı güclü seçim rəqabəti mehmanxanaları qiymətlərdə güzəştə getməyə məcbur edir. Xüsusilə də qış aylarında. Bu da əlbəttə ki, turistlərin ürəyincədir. Məlumatlara görə, təkcə yay aylarında 12 milyondan çox turistin səfər etdiyi Antalyada yerləşən dördulduzlu və beşulduzlu otellərin sayı iki mini keçir, çarpayıların sayı 360 minə çatır. Əgər bura ikiulduzlu və üçulduzlu otelləri də əlavə etsək, pansionatlarla birlikdə Antalyanın kurortları eyni vaxtda yarım milyon turisti qəbul edə bilir. Ən üstün cəhət otellərin qiymətinin insanların cibinə görə dəyişməsidir. Beşulduzlu oteldən tutmuş hostellərə qədər əlverişli şərtlərlə turistləri cəlb edir. Bu amil də turizmin inkişafında böyük rol oynayır.
Yağışın əlindən qaçıb...

Qış tətili zamanı Antalyaya səfərimdə bölgədəki abı-havanın yaydan heç də az maraqlı olmadığının şahidi oldum. Hava limanından şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobuslar gələn qonaqları mütləq taksi xidmətindən istifadə etmək məcburiyyəti ilə üz-üzə qoymur. 6 lirə ödəyib illik kart almaqla yüklədiyin pul müqabilində marşrutda hərəkət etmək hüququ qazanırsan. Odur ki, təyyarədən enən sərnişinlər transferləri olmadığı halda daha çox avtobusla hərəkət etməyə üstünlük verirlər.

Sonra isə yaşıl palma ağacları, rəngbərəng güllərin, üzərində sapsarı portağalları ilə diqqət çəkən ağacların sıralandığı yollar turistləri getdikləri məkana yönəldir.

Qış aylarında Antalyaya gələn turistlər daha çox bölgənin gəzməli yerlərini görməyə üstünlük verirlər. Çünki yay aylarında dənizin maviliyi və Antalyanın günəşi insanları tarixi məkanları görməkdən bir qədər məhrum edir. Bəzən yağan yağışlar insanları qapalı məkanlara çəksə də, bu havaların da öz romantikası var. Qış aylarında yağış Antalyada adi hal sayılır. Alış-veriş üçün isə havanın yağışlı olması maneə deyil. Bir çox ticarət mərkəzlərində ilin bütün fəsillərində vaxtını keçirə bilərsən. Qış aylarında Antalyada alış-veriş alıcıları real endirimlərlə sevindirir. Tekstil ölkəsi qış kolleksiyalarında əhəmiyyətli endirimlər edir. Bu baxımdan, qış alış-verişi Antalyada öz qarderobunu yeniləmək istəyənlər üçün gözəl fürsətdir. Alış-verişdən yorulanda 5D kinoteatrında film izləyə, boulinq oynaya və ya kafelərdə yemək yeyə, kofe, çay içə bilərsən.
İnsanları cəlb edən tarixi məkanlar

Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur.

Antalya qış aylarında da gözəldir. Burada hətta qışda havanın temperaturu çox az vaxtlarda 15-20 dərəcəyə düşür, dənizin suyu isə 18 dərəcə olur. Həvəsi olan istənilən şəxs burada günəşdən qarala da bilər. Hətta qapalı hovuzlarda çimmək də olar.

Antalyada insanları cəlb edən təbiətdən savayı, həm də çoxlu tarixi yerlər var. Bir neçə gözəl şəlalə, qədim «Aspendos» amfiteatrı, altından alov çıxan Olimp dağları, Şaxta baba timsalında Müqəddəs Nikolay kilsəsi və s. yerlərə turistlər axınla gəlir.

Şəhəri gəzdikcə Türkiyənin ayrı-ayrı bölgələrindən gələn turistlərə, eyni zamanda müxtəlif ölkələrin insanlarına rast gəlmək olur. Turistlər Antalya limanını ziyarət etməyi çox sevirlər. Ağ dənizin tərtəmiz mavi sularında üzən gəmilər 30 lirə müqabilində bir saat ərzində turistlərə füsunkar anlar yaşadır. Hətta 6 saata qədər davam edən dəniz səyahətləri mövcuddur. Dəniz turizmi Antalyanın turistləri ən çox cəlb edən növlərindən biridir.

Antalya limanı hissədəki evlərin çoxu mehmanxana və restoranlara çevrilib. Yivli minarəsi isə Antalyanın simvolu hesab olunur. 39 metr hündürlüyə malik abidə 1230-cu ildə sultanƏləddin Keyqubadtərəfindən inşa edilib. Abidə məhz arxitekturasına görə Yivli adlandırılır. Bu sözün mənası isə kələ-kötür deməkdir. Əsası19-cu əsrdə qoyulan Saat Qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları da hamının sevimli istirahət yerləridir. Antalyanın şimal-qərbində yerləşən vəMakedoniyalı İsgəndərinfəth edə bilmədiyi Termessos şəhəri diqqətəlayiq məkanlardandır.Türkiyəninən zəngin muzeylərindən biri də məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar və s. vardır.

Turist axınının daha çox qeydə alındığı məkan Qala içi, yəni qədim şəhərdir. Antalyanın maraqlı yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Burda əski dövrlərdən qalan dar küçələri, suvenir dükanlarını gəzdikcə insan özünü ayrı bir dövrdə hiss edir. Hər addımda təbii portağal və nar şirələri satılır. Restoranlar axşamlar canlı musiqilər, diskotekalar təklif edir. Qala içi tarixi simasını qoruyub saxlamaqla turistlərə müxtəlif dövrlərin abı-havasını bəxş edir.

Qış aylarında Avropa ölkələrindən futbolçular və onların pərəstişkarları da Antalyaya gəlirlər. Yanvar-mart aylarında müxtəlif mili çempionatlara hazırlıq üçün Antalya ən gözəl yer sayılır. Futbol pərəstişkarları isə öz komandalarının arxasınca gələrək onların məşqlərini izləyirlər. Bu baxımdan, Antalya Avropa futbolçularının əsas "məşq paytaxtı” hesab edilir.

Antalyada konqres turizmi də inkişaf edib. Belə ki, müxtəlif beynəlxalq tədbirlər, konfranslar üçün seçilən şəhər qonaqlarına unudulmaz anlar yaşadır. Dağ turizmi də artıq bölgədə inkişaf səviyyəsindədir. Turizm agentlikləri turizmin bu növündən istifadə üçün müxtəlif paketlər təklif edirlər. Xizəksürmə ilə məşğul olmaq istəyən, kanatdan ağappaq qarlı dağları seyr etmək arzusunda olan turistlər də az deyil.

Antalya sahilində yerləşdiyi dənizdən, ətəyinə büründüyü dağdan turizm məqsədi ilə istifadə edərək turistlərə gözəl anlar bəxş edir. Endirimli qiymətlər, xidmət səviyyəsinin yüksəkliyi, insanların üzügülərliyi, yerli məhsulların çeşidliliyi, turizm növlərinin fərqliliyi və s. turistlərin bu bölgəyə can atmasına imkan yaradır. Bölgə turizmin inkişafı üçün dəridən-qabıqdan çıxıb təkcə turistləri cəlb etməklə kifayətlənmir, həmçinin xidmət səviyyəsini yüksəltməyə və turizmin çeşidliliyini artırmağa can atır. Nəticədə turistlər onlara lazım olan hər şeyi burada tapa bilir, həm də yüksək səviyyədə və ciblərinə uyğun qiymətə. Bölgədə hər bir xidmətin turizmin inkişafına hesablandığını müşahidə etmək çətin deyil. Yəni Antalya təkcə təbiətin bölgəyə bəxş etdiyi nemətlərlə kifayətlənmir, həmçinin turizm infrastrukturunu müasir və fərqli səviyyədə formalaşdırmağa çalışır. Ona görə bu bölgəni seçənlər yenidən qayıdır. Bölgəni görməyənlər səfər etməyə tələsir. Yay aylarında dənizin, günəşin, çimərliklərin füsunkarlığını, qış aylarında isə qış nağılını yaşamaq üçün...
Təranə Məhərrəmova
Antalya





banner

Oxşar Xəbərlər