• cümə axşamı, 25 aprel, 18:33
  • Baku Bakı 21°C

Antalyanı lərzəyə salan virus

19.08.17 11:30 1226
Antalyanı lərzəyə salan virus
Yay tətilini Türkiyədə keçirmək istəyənlərə koksaki virusu təhdidi hələ də qalmaqdadır. Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti ("Rospotrebnadzor”) Türkiyənin Antalya bölgəsini - Ağ dəniz sahillərindəki istirahət məkanlarını seçən ruslara xəbərdarlıq edib. Bu ərazidə hələ də koksaki virusuna yoluxma riski qalmaqdadır. Federal Xidmətin məlumatında bildirilir ki, Türkiyə hökuməti regionda virus təhlükəsi ilə bağlı dəyərləndirmə aparmaq üçün rusiyalı mütəxəssislərin gəlişini asanlaşdıracaq. Federal Xidmət iyulun ikinci yarısında təhlükəli virusla bağlı 900-dək müraciət daxil olduğunu, bunlardan 500 nəfərin virusa yoluxduğunu, 120 nəfərin profilaktik tədbirlərin görülməsi məqsədilə müraciət etdiyini, 250-yə yaxın turistin isə ödənişlərini geri almaq istədiklərini bildirib. Koksaki virusunun yayıldığı ehtimal edilən bölgələr Side, Alanya, Kəmər, Bələkdir. Virusa yoluxanların 77 faizini uşaqların təşkil etdiyi deyilir. Azərbaycanlıların da Türkiyənin Antalya bölgəsinə intensiv səfərləri nəzərə alınarsa, virus təhlükəsinin bizim turistləri də əhatə edəcəyi istisna olunmur. Azərbaycan Səhiyyə Nazirliyi isə koksaki virusunun ölkəmizdə aşkarlanmadığına dair açıqlama verib. Antalyada xəstəxanalar virusa yoluxan xəstələrlə dolub. Xəstəliyə yoluxan uşaqlar arasında azərbaycanlılar da var. Kütləvi şəkildə yayılan yoluxucu xəstəlik xüsusilə uşaqlarda daha çox rast gəlinir. Bir müddət öncə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə açıqlamasında bu məsələyə toxunub. O bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlər aparılır.
Bəs görəsən bu virus hansı yollarla yayıla bilər? Ümumiyyətlə, xəstəliyin fəsadları nələrdən ibarətdir?
Tibb üzrə ekspert, həkim-cərrah Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, virus bir sıra fəsadlara yola aça bilir: "Koksaki epidemik virusların bir növüdür. Əsasən hava-damcı yolla nəfəs yoluna düşür və yayıla bilir. Amma bununla yanaşı, virus digər bir üsul yəni, qidalanma vasitəsilə də yayıla bilir. Virus əsasən həzm aktını zədələyir. Ümumiyyətlə, virus bağırsaqda ağır mənfi fəsadlar törədir. Qeyd edim ki, virusun müxtəlif ştampları mövcuddur. Bu virus insanda hətta meningitlik yarada bilir. Bu baxımdan da deyə bilərəm ki, ağırlaşmaların orqanizmə çox ciddi təsiri ola bilər. Xəstəliyin daşıyıcıları virusu sürətlə ətrafdakılara yaya bilirlər. Bu baxımdan da risk ehtimalı olduğu halda, mütləq müvafiq profilaktik tədbirlər görülməlidir. Transsərhəd zonalarından keçərkən mütləq yoxlanma aparılmalıdır. Nəfəs yolunun xəstəlikləri, meningit əlamətləri, qızdırması olan, gözündə qansızma müşahidə edilən şəxslər mütləq müayinə olunduqdan sonra ölkəyə buraxılmalıdır. Qeyd edim kİ, virus nəfəs yolunu zədələyə bildiyi kimi, angina da yarada bilir. Qripəbənzər əlamətlərlə müşahidə olunan virus həmçinin insanda sidik yollarının iltihabı, qastritə kimi gətirib çıxara bilir. Kokaski çox təhlükəli virus olduğu üçün belə məqamlarda maksimum diqqətli olmaq lazımdır. Qonşu ölkədə belə bir virus yayılıbsa, onun Azərbaycanda yayılma riski də çox yüksəkdir. Ona görə də ölkəyə gələn turistlər yoxlanmalı, təhlükəli şəxslər mütləq nəzarətdə saxlanılmalıdır”.
Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı deyir ki, koksaki virusları insandan insana həm hava-damcı, həm də həzm sistemi vasitəsilə yayıla bilir: "Bu, digər viruslara nisbətən daha təhlükəlidir. Çünki, virus digər bir şəxsə iki yolla yayıla bilir. Ona görə də virusun yayılma ehtimalı və arealı digərləri ilə müqayisədə daha böyükdür. Xəstənin virusa yoluxduğu zaman klinik gedişat və inkubasiya dövrü müəyyən müddət çəkə bilir. Bu müddət bəzən bir həftə də davam edə bilir. Lakin simptomlar inkubasiya dövründən sonra da aşkarlana bilir. Adətən sıxlıq olan yerlərdə virusun yayılma ehtimalı daha çoxdur. Turistlərin getdiyi yerlərdə isə təbii olaraq bu risk daha da artır. Qeyd edim ki, koksaki virusundan heç kim sığortalanmayıb. Xəstəliyə yoluxan şəxsdə həm yuxarı tənəffüs yolları xəstəliyi, temperaturun qalxması, mədə-bağırsaq sisteminin pozulması, ishal və s. kimi hallar olur. Digər viruslarda olduğu kimi oksaki virusuna yoluxan xəstələrdə də ilkin olaraq bu simptomlar özünü büruzə verəcək. Ailədə, kollektivdə, ofisdə, ictimai nəqliyyat vasitələrində, yəni insanların sıx olduğu yerlərdə virusun yayılma ehtimalı çoxdur. Ağırlaşmalar olduğu zaman ciddi fəsadlara yola aça bilir. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər