• cümə, 29 Mart, 11:49
  • Baku Bakı 5°C

ANS bunu gözəl bilir… Cavab

11.07.13 15:12 2370
ANS bunu gözəl bilir… Cavab
Bir neçə gün bundan öncə, konkret olaraq 05.07.2013-cü il tarixdə «ANS» telekanalının efirində saat 22:00-da yayımlanmış «Baş xəbər» verilişində “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə birgə həyata keçirdiyi monitorinq nəticələri üzrə hesabat müzakirə edilmişdir. Müzakirədə ekspert qismində telejurnalist Qulu Məhərrəmli və ANS TV-nin baş direktoru Mirşahin Ağayev iştirak etmişlər. Verilişin efirə getməsindən müəyyən qədər vaxt keçsə də, orada ifadə edilmiş bəzi fikirlərə münasibət bildirməyi məqsədəuyğun hesab edirik. Əslində məsələyə dərhal da reaksiya verilə bilərdi, lakin bunun bir müddət sonraya saxlanması soyuqqanlılığı pozmamaq niyyətindən irəli gəlir.
Şübhə yoxdur ki, müstəqil telekanal olaraq ANS-in qanunvericiliyin tələblərini pozmadan istənilən mövzunun müzakirəsini keçirmək hüququ vardır. Lakin telekanalın efirində təşkil olunmuş müzakirənin formatı, mövzusu, xarakteri, tonu, məqsədi, niyyəti və hədəfi bir qədər fərqli təsir bağışladı. Veriliş başlayan andan açıq-aşkar hiss olundu ki, telekanal əlində olan efir imkanından, onun kütləviliyindən sui-istifadə edərək, obrazlı desək, həqiqətin gözünə kül üfürməyə çalışırdı. Eyni zamanda verilişdə Mirşahin Ağayevin timsalında bir növ cığallıq, özünəvurğunluq elementləri açıq-aşkar özünü büruzə verirdi.
Qısası həmin verilişdə ANS MTRŞ-nin Dilçilik İnstitutunun mütəxəssisləri ilə birgə həyata keçirdiyi monitorinqlər və onların nəticələrini şübhə altına almağa cəhd göstərdi.
Verilişi təhlil etməzdən öncə sözügedən monitorinq və onun aparılma metodologiyası barəsində qısa məlumat vermək istərdik. Əvvəla onu vurğulamaq lazımdır ki, göründüyü kimi, efirdə ədəbi dillə bağlı monitorinqi Şura öz əməkdaşları tərəfindən deyil, ölkənin bu sahə üzrə bir nömrəli elm ocağı olan Dilçilik İnstitutunun alimləri tərəfindən həyata keçirmişdir. Çünki bu məsələ çox həssas və xüsusi peşəkarlıq tələb edən mövzudur.
Şura öz monitorinq qrupu tərəfindən də efirdə dillə bağlı qanunvericilikdə göstərilmiş konkret müddəalar əsasında monitorinqlər həyata keçirir. Məsələn, teleradio yayımı haqqında qanunun 32-ci maddəsində göstərilib ki, proqramlarda dövlət dilindən istifadə təmin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar və onun konkret müddəaları vardır ki, Şura əməkdaşları onların əsasında efirin izlənilməsini həyata keçirir və kənara çıxma hallarını qeydə alır. Bu, dövlət dili ilə bağlı ümumi halların aşkara çıxarılması prosesidir ki, daimi olaraq həyata keçirilir. Yuxarıda haqqında söhbət gedən monitorinq isə daimi deyil, konkret dövrü əhatə etməklə, göründüyü kimi, kənardan dəvət olunmuş sahə peşəkarları tərəfindən və müəyyən layihə əsasında həyata keçirilir. Bu monitorinq ilə Şuranın daimi həyata keçirdiyi dil monitorinqi arasında fərq vardır.
Son monitorinqlərdə məsələyə dilçilik baxımından daha dərin və elmi metodoloji yanaşma tətbiq edilmişdir. Bu, həmin hesabatla tanış olan hər bir kəsə aydındır. O da məlumdur ki, həmin hesabatda efir dilinə dilçiliyin, xüsusilə şifahi nitqin tələbləri baxımından konkret linqvistiq qanunauyğunluqlar aspektindən yanaşılmışdır. Monitorinqlər zamanı efir dili ilə bağlı müxtəlif alim və mütəxəssislərin yanaşmalarına, fikirlərinə istinadlar edilmişdir. Monitorinqlər ANS, ATV, İTV, XƏZƏR, SPACE və LİDER kanallarında yayımlanmış informasiya, musiqili-əyləncəli verilişlər, şou, tok-şouların dili üzərində aparılmışdır. Monitorinqlər 3 istiqamətdə həyata keçirilmişdir: fonetik, leksik və qrammatik normanın pozulması. Monitorinq nəticələrinə görə hər bir telekanalın efirində bu və ya digər dərəcədə nöqsanlar aşkara çıxarılmışdır.
Əgər efirdə baş verən hallar mövcud norma və elmi qanunauyğunluqlardan kənara çıxırsa, buna istənilən halda haqq qazandırmaq yolverilməzdir. Hər bir sahəni öyrənən müəyyən bir elm vardır və həmin elm o sahədə olan bu və ya digər məsələlərin, proseslərin ümumi qanunauyğunluqlarının məcmusudur. Dilçilik elmi də məhz bizim ünsiyyət vasitəmiz olan dilimizin normalarını, qaydalarını müəyyən edir. Bu mənada xüsusilə kütlə qarşısında olan televiziya dili dövlət dilinin qayda və normaları çərçivəsindən kənara çıxmamalıdır. Aydındır ki, KİV-də daha çox publisistik üslubdan istifadə olunur.
Bunlar öz yerində.
Digər tərəfdən həmin monitorinq nəticələrinə istinadən hər hansısa cəza tədbiri nəzərdə tutulmamışdır. Göründüyü kimi, burada əsas niyyət Azərbaycan dilinin təmizliyinin, efir dilinin kübarlığının qorunmasına çalışmaq və bu işə ictimaiyyətin, vətəndaş cəmiyyətinin diqqətini cəlb etmək olmuşdur. Hesab edirik ki, hər bir azərbaycanlı ana dilinin qorunması, təmizlənməsi istiqamətində atılan addımlara anlayışla yanaşmalıdır.
Dilçi alimlərin dedikləri və hər bir savadlı azərbaycanlının müşahidələri göstərir ki, ana dilimiz istənilən fikri istənilən formada ifadə etmək üçün bütün imkanlara malikdir. Yəni istər fikir rəsmi üslubda, istər publisistik üslubda olsun, bunu auditoriyaya çatdırmaq üçün o, geniş imkanlara malikdir. Bunu etmək üçün dilin qaydalarını, normalarını pozmağa, yeri gəldi-gəlmədi dialekt ifadələrdən, söyüşlərdən və s. efirdə istifadə etməyə ehtiyac yoxdur. Hansı ki, belə hallara tez-tez rast gəlinir. Bu isə məsələyə peşəkarların müdaxiləsini zəruri edirdi.
Yenidən ANS telekanalının efirində yer almış müzakirələrə qayıtmaq istərdik. Əvvəla qeyd etmək lazımdır ki, adətən debat şəklində olan verilişdə ən azından iki fərqli mövqeyə malik tərəflər iştirak edir. ANS-in «Baş xəbər»indəki tərəflər isə bir-birinin fikrinə yalnız amin deməklə məşğul idilər. Bunu kanalın yaradıcılıq keyfiyyətinin göstəricisi kimi qiymətləndirərək keçirik orada monitorinqlərlə bağlı səsləndirilmiş birtərəfli fikirlərə. Yazının bu hissəsini biz həm telejurnalist Qulu Məhərrəmlinin və həm də ANS kanalının rəhbəri, peşəkar jurnalist, ana dilimizin imkanlarına yaxşı bələd olan Mirşahinin səsləndirdiyi bəzi konkret fikirlərə münasibət formasında qurmaq istərdik.
Verilişdə ilk olaraq Qulu Məhərrəmli belə bir fikir səsləndirdi ki, bu hesabata ciddi əhəmiyyət verilməməlidir.
Xatırladaq ki, Qulu müəllim veriliş başlayarkən bildirdi ki, hesabatla ciddi tanış olmayıb. Ciddi tanış olmadığı bir materialla bağlı Qulu Məhərrəmlinin belə bir fikir səsləndirməsi ən azından təəccüb doğurur.
Digər tərəfdən o, belə bir fikir səsləndirdi ki, teleradio yayımı haqqında qanunun dövlət dili ilə bağlı konkret müddəaları vardır. MTRŞ məhz onlara riayət olunmasına nəzarət etməlidir.
Hesab edirik ki, yazının əvvəlində Qulu müəllimin bu fikrinə kifayət qədər geniş şəkildə aydınlıq gətirilibdir.
Onun ardınca Mirşahin Ağayev ironik tonda bildirdi ki, bu hesabat mənim yadıma 4-cü sinifdə yazdığım kontrol işini saldı.
Mirşahin müəllimə ən azından o xatırladılmalıdır ki, həmin kontrol işini orta məktəbdə məhz ona görə yazdırırdılar ki, gələcəkdə televiziyada aparıcılıq edənlər ana dilinin qaydalarını indiki şəkildə pozmasınlar. Görünür, ANS-in efirində dilin qayda-qanunlarını pozan, efirdə söyüş söyən, hansısa ləhcədə danışan, fit çalan aparıcılar orta məktəbdə kontrol işindən «2» qiymət alanlardır.
Verilişdə növbəti «mühüm» fikri isə yenə də Qulu müəllim səsləndirdi. O bildirdi ki, «MıTıRıŞı qısaltması doğru səslənmir. Amma neyləyək ki, bu qısaltma belədir».
Qulu müəllim dilçilik üzrə elmlər doktoru, professordur. Bu mənada əslində ona xatırlatmağa ehtiyac da yoxdur ki, MTRŞ abreviaturası onun səsləndirdiyi kimi, «Mı-Tı-Rı-Şı» olaraq ifadə olunmur. Yəqin ki, o bilməmiş deyil ki, Azərbaycan dilində «mı», «tı», «rı», «şı» yox, müvafiq olaraq «em», «te», «er», «şe» səsləri vardır.
Verilişdə Mirşahin Ağayevin aşağıdakı fikri isə xüsusilə diqqəti cəlb edir. O deyir: «Bu gün dünyada başqa proseslər gedir. İnsanlar «Ayfon»lar yaradırlar, onun vasitəsilə zəng etmək istədiyimiz insanın əhval-ruhiyyəsini müəyyənləşdirmək mümkündür. İnsanlar Marsdan informasiyalar, fraqmentlər gətirirlər. Bunun fonunda, MTRŞ-dəki dostlarımız bizdən inciməsin, belə araşdırmalar qeyri-ciddi görünür. Biz daha ciddi işlərlə məşğul olmalıyıq. İş nəticəsi olan gücdür. Biz əgər gündə gedib 8-9 saat Qız qalasını itələyib evə gəliriksə və evdəkilərə deyiriksə ki, uşaqlar səs salmasınlar, işləmişəm, yorulmuşam, adama gülərlər(!). Ona görə ki, işin nəticəsi yoxdur.
Fikrimcə, elə məsələlər var ki, MTRŞ kimi ciddi bir qurumda onların bu şəkildə «ciddiyyətlə» tətbiq olunmasına zərurət yoxdur.
Mən bu hadisəni Azərbaycan teledilində olan demokratiyaya qarşı putça hesab edirəm. Bu, mühafizəkarların işidir. Hesab edirəm ki, Nuşirəvan müəllim özü bu proseslərin qarşısını almaqda bizə yardımçı olacaq».
Bu fikirləri ilə Mirşahin Ağayev xırda-para deyil, böyük ideallarla yaşamağın, iş görməyin tərəfdarı olduğunu göstərməyə çalışdı. Lakin ona bir şey xatırladılmalıdır ki, dünyada «Ayfon»u yaradanlar, Marsa gedib-gələnlər öz dillərinə hörmətsizlik edərəkmi bunları edirlər? Həmin böyük işlərlə məşğul olanlar öz dillərini bütün dünya insanını öyrənməyə məcbur edənlər deyilmi?
Digər tərəfdən Mirşahin müəllim bilməlidir ki, hərənin üzərinə bir vəzifə düşür. Və hər kəs də çalışmalıdır ki, böyük-kiçikliyindən asılı olmayaraq öz üzərinə düşən və ya ona həvalə edilmiş vəzifəsinin öhdəsindən layiqincə gəlsin. Bu mənada MTRŞ-nin «Marsa gedib-gəlməsi» milli efirin tənzimləməsi sahəsində gördüyü işlərdən ibarət ola bilər.
ANS-in «Marsa gedib-gəlməsi» isə efirində normal baxımlı proqramlar hazırlamaq, dövlət dilinin tələblərinə riayət etmək, canlı efirdə söyüş söyməmək, parnoqrafik materallar yaymamaq, milli-mənəvi dəyərlərə hörmətsizlik etməmək və s.-dən ibarət olmalıdır. Əks təqdirdə ona nəinki gülərlər(!), hətta onu yaxşıca cəzalandırarlar.
Son dövrlər aparılmış monitorinqlər əsasında demək olar ki, həqiqətən də qanunvericiliyin xüsusilə vacib tələblərini ANS qədər pozan digər yayımçı yoxdur. Bu fikri sübut etmək üçün kifayət qədər faktlar vardır. Sadəcə olaraq Şura həmin problemləri ictimailəşdirmədən aradan qaldırmağa üstünlük verib. Bunun müqabilində ANS-in Şuranın təşkilatçılığı ilə Dilçilik İnstitutunun ekspertlərinin keçirmiş olduğu monitorinqin nəticələrinə nümayişkaranə şəkildə belə aqressiv reaksiya verməsi təəssüf doğurur. Əgər Şuranın niyyəti ANS-i “qaralamaq” olsaydı, onun dil qüsurlarından daha böyük qəbahətlərini ictimailəşdirməklə bunu edə bilərdi. Bunu ANS-də də gözəl bilirlər...
Təvəkkül Dadaşov
MTRŞ Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri

banner

Oxşar Xəbərlər