• çərşənbə, 08 May, 22:17
  • Baku Bakı 18°C

Anonim etiraz

23.11.16 11:02 1286
Anonim etiraz
Yerevanda hakimiyyətə qarşı "anonim etiraz aksiyası keçirilib”. Ermənilərə məxsus "Epress.am” yazır ki, etiraz aksiyası şəhərin müxtəlif yerlərində divara eyni şüarı yazmaqdan ibarətdir. Şüarda deyilir ki, "oğlum ölüb. Borcumu ödədim. 1000 dram”. Bu aksiya hər işləyən Ermənistan vətəndaşından ayda 1000 dram, yəni təxminən 2 dollar tutulmasına etirazdır. Həmin pullar ölən və əlil olan əsgər və zabitlərə yardım fonduna getməlidir.

"Epress.am” yazır ki, etiraz qraffitisinə mətn də əlavə olunub. Mətn sosial mediada da yayılıb. Həmin mətndə deyilir ki, "bizim hesabımıza varlanırlar. Bizim hesabımıza siyasətlə məşğuldurlar. Bizim hesabımıza bizi idarə edirlər. Və növbəti dəfə bizim hesabımıza "xeyirxah iş” görürlər. Min dramdan qoyun, ona görə yox ki, qırılmayaq, ona görə ki, sakit ölək, Serj, Rusiya və Amerika, ən müxtəlif varlılar və hakimiyyətdə olanlar üçün ölməyimizi bilməyək. Min dram verin ki, onların bizi aldatmağı asan olsun. Müharibənin ölümcül olduğundan uzun müddət danışmaq olar. Müharibəyə tərəfdar olan insan tapmaq çətindir. Müharibə hakimiyyətlərə sərfəlidir. Müharibə qurtarana qədər onlar tox olacaq. Buna görə də onlar müharibəni əbədiləşdirmək, problemi həll etməmək üçün güclərini əsirgəmirlər. Bu, yeni-yeni qurbanlar tələb edən millətçilik xəstəliyidir”.

Mətndə daha sonra deyilir ki, Ermənistanda hakimiyyət etibar olunan heç nə təklif eləmir: "Necə inanmaq olar ki, yığılan pullardan ölən və əlil olanların ailələrinə nəsə düşəcək? Əgər hər 2 dramdan biri Sarkisyanlardan birinin cibinə gedirsə? Necə inanmaq olar ki, zabitlərin əlindən intihar, əlillik və ölüm hallarının hamısı Azərbaycan gülləsinin qurbanı kimi təqdim olunur. Bu ailələrə bir az pul çatacaq ki, ağızlarını kilidləsinlər”. Sosial mediada yayılan mətndə daha sonra deyilir ki, "ordu heç vaxt yaxşı yer olmayıb, yəqin ki, olmayacaq da. Bizim ölkədə adamlar orduya getməmək üçün ölkədən getməyə də hazırdırlar. Onlar orduya getməmək üçün iki illik orta maaşdan da çox pul ödəməyə, damarlarını kəsməyə hazırdırlar. Deyirlər, ordu ölkənin fəxridir. Yox, ordu xalqın dəhşətidir. Deyirlər ki, apreldən sonra milli şüur və milli birlik artıb. Hakimiyyət öz yalanına özü inanmır, basır-bağlayır və gəncləri zorla orduya aparır. Bu min dram da eyni nağıldır, yəni bu, guya orduya lazımdır, ancaq yenə zorla alırlar. Sənin buna imkanın var, ya yox, vermək istəyirsən, ya yox - heç kimi maraqlandırmır. Hətta qarşılıqlı yardım da artıq könüllü deyil. Xalqın iradəsinə bunun dəxli yoxdur, ancaq hakimiyyətin nə qədər çürük olduğunu göstərir”.

Məlumat üçün bildirək ki, qanun Ermənistan parlamentində Müdafiə Nazirliyinin təklifi ilə gündəmə gətirilib. "Ermənistan Respublikasının müdafiəsi zamanı həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında” qanun parlamentdə ciddi narazılıqlarla müşayiət olunub. Qanuna görə, hər bir işləyən vətəndaşın məvacibindən, vergilərdən başqa, ayda 1000 dram pul tutulacaq. Xüsusi fondda toplanan bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və birinci dərəcəli əlil olan hərbçilərin ailələrinə 10 milyon dram (təxminən 21 min dollar) məbləğində birdəfəlik ödəmələr ediləcək, ikinci qrup əlillərin ailələrinə - 5 milyon dram ödənəcək. Bundan başqa, hərbçilər aylıq ödəmələr alacaqlar. 102 deputat sənədin lehinə, 3 nəfərsə əleyhinə səs verib. Bunlar müxalifətdə olan "Ermənistan Milli Konqresi” partiyası fraksiyasının lideri Levon Zurabyan, həmin partiyanın katibi Aram Manukyan və "İrs” partiyasından deputat Zaruhi Postancyandır.

Müxalifət deputatları hökumətin "ordu üçün” vətəndaşlardan hər ay 1000 dram tutmaq təşəbbüsünü kəskin pisləyiblər. Zaruhi Postancyan hökumətin bu addımını vergi yükünün artırılması kimi səciyyələndirib: "İctimaiyyət vergi yükünün 1000 dram artırılması ilə razı deyil. Bəsdir dilənçiliklə məşğul olmaq, xalqımızdan 1000 dram diləmək”. O, bildirib ki, 1000 dram böyük məbləğ olmasa da, ölkə əhalisinin 35 faizi yoxsulluq səviyyəsindən aşağı yaşadığı halda, bir çox ailə üçün bu, az pul deyil. Levon Zurabyanın sözlərinə görə, hökumətin bu addımı "sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında müxtəlif cür əlavə vergilər qoymaqdır”.

Publisist Hranuş Xaratyan hakimiyyətin təşəbbüsünün kökündən qeyri-qanuni olduğunu bildirir. O, deyir ki, hər bir vətəndaşın maaşı onun xüsusi maliyyə mülkiyyətidir və mülkiyyət sahibindən başqa heç kəsin onu sərf etməyə haqqı yoxdur: "Tutulan məbləğin ölçüsü və onun hansı məqsədlə istifadə olunacağından asılı olmayaraq, əgər dövlətin yardıma ehtiyacı varsa, əhaliyə müraciət etsəydi, bu daha məntiqi və anlaşılan olardı. Hökumət isə zor gücünə vətəndaşların xüsusi mülkiyyətini idarə etmək istəyir”.

Öz növbəsində, Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan deyir ki, ordu, zərər çəkən hərbçilərə yardım məsələləri "elə həssas məsələdir ki, bu qanun layihəsinin əleyhinə danışana qarşı böyük bir vətənpərvərlik yürüşü” qalxa bilər, lakin o məsələyə qanunilik nöqteyi-nəzərindən baxmaq lazımdır: "Ermənistan vətəndaşının iki borcu var. Biri - vergi və rüsumları ödəmək, ikincisi - orduda xidmət etmək. Qalanı vətəndaşın şəxsi haqlarıdır. Bu kontekstdə, sözügedən qanun layihəsinin mənası nədir? Ermənistan vətəndaşını xeyriyyəçilik etməyə məcbur etmək? Dövlət vətəndaşı xeyriyyəçilik etməyə məcbur edə bilməz”.

Sosial şəbəkələrdə erməni məmurlarının şəxsi imarətləri və bahalı avtomaşınlarının şəkilləri yerləşdirilib. İnternet istifadəçiləri yazırlar ki, keçmiş və hazırkı məmurların taladığı pullar büdcəyə qaytarılsa, əhalinin boynuna əlavə vergi yükünü qoymaq lazım olmazdı.

Qanunun əleyhinə parlament binası önündə "100 dəfə ayıbdır” şüarı altında etiraz aksiyasında iştirak edən Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesablayıb ki, qeyri-hərbi şəraitdə yaralanan və ölən hərbçilərə yardım üçün ildə təxminən 2 milyard dram gərəkdir. Bu isə hüquq müdafiəçinin sözlərinə görə, Ermənistanda ödənilməmiş vergilərin cüzi hissəsini təşkil edir. "100 dəfə ayıbdır” təşəbbüsünün üzvü Artur Sakunts hesab edir ki, hakimiyyət növbəti dəfə camaatın cibinə girməməkdənsə, sadəcə korrupsiya ilə mübarizəni gücləndirməli və orduya kömək etmək üçün kölgədəki pulları üzə çıxarmalıdır. Müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Nikol Paşinyan qanuna etiraz olaraq yaxın günlərdə irimiqyaslı müzakirələrə başlayacaqlarını bildirib.
Azər

banner

Oxşar Xəbərlər