AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Anomal istilər hansı xəstəliklər yaradır?

Anomal istilər hansı xəstəliklər yaradır?

Təfsilat
08 Fevral 2013, 10:07 1318
Bu qış havalar heç də soyuq keçmir. Dekabrın sonlarından başlayaraq ölkədə anomal istilər müşahidə olunur. Belə hava fevral ayı üçün xarakterik olmadığından sağlamlığımıza və psixikamıza təsirsiz ötüşmür. Yəqin ki, ailədə və digər insanlarla münasibətdə kiminsə özünü aqressiv aparmasının şahidi olmusunuz. Bəziləri isə halsızlıqdan şikayət edir.
Psixoloq Dəyanət Rzayev bu halları kəskin hava dəyişikliyi ilə əlaqələndirir. Onun sözlərinə görə, fizioloji faktorlar, insanın biokimyəvi strukturu, biokimyəvi statusu, endoklinik sistemi və s. psixikaya təsir edir. İnsan əvvəlcə müəyyən hava rejiminə adaptasiya olur. Bunun qəflətən dəyişməsi psixoloji aspektlərlə müşahidə olunur: “Bir fəsildən başqa fəsilə keçəndə orqanizm biokimyəvi stress keçirir. Bunun nəticəsində də adaptasiya olur. Elə orqanizm var ki, yeni şəraitə çətinliklə uyğunlaşır. Belə insanlarda depressiya yaranır. Bu yaz depressiyası, payız depressiyası adı ilə tanınır”.
Psixoloq hazırda müşahidə olunan isti havanın insanlarda düşüncənin zəifləməsinə, beyin yorğunluğuna səbəb olduğunu qeyd etdi: “Bu aylarda temperatur maksimum +5 dərəcə ola bilər. Bu günlərdə isə biz bəzən havanın temperaturunun +13, +18, hətta +20 dərəcə olmasını müşahidə edirik. Belə birdən baş verən dəyişikliklər, anomal istilər insanda depressiv, neqativ hallar yarada bilər”.

D. Rzayevin sözlərinə görə depressiya səhər vaxtları xüsusilə kəskinləşir. Ona görə də, intiharların sayı da çox vaxt səhərə düşür. Səhər saat 5-dən 10-a qədər insanda hormonal aktivlik olur. Havanın birdən dəyişməsi də hormonal aktivliyə gətirib çıxarır.

Psixoloq onu da dedi ki, anomal istilər ən az uşaqlara təsir edir. Çünki adaptasiya prosesi uşaqlarda tez baş verir. Ona görə də onlarda güclü psixoloji fərq duyulmur: “Belə havalar daha çox kişilərə və yaşlı insanlara təsir edir. Yaşlı insanlarda uyğunlaşma həm psixoloji, həm də fizioloji olaraq çətin olur. Kişilərdə isə davamiyyət qadın orqanizminə nisbətən zəifdir. Ona görə də, belə havalar davranış baxımından kişilərə daha çox təsir edir. Kişilərdən fərqli olaraq qadın orqanizmi daha davamlıdır. Çünki qadın ağlayır və rahatlaşır”.

26 saylı şəhər poliklinikasının terapevti Zemfira Qəribova da belə anomal istilərin insan orqanizmi üçün təhlükəli olduğunu söylədi: “İnsan havanın temperaturunun birdən-birə +5 dərəcədən artıq yüksəlməsinə uyğunlaşa bilməz. Bu ən çox ürək-damar xəstələri, tənəffüs sistemi xəstələri, qan-damar dövranı xəstələri üçün daha çox təhlükə törədir. Çünki, qan damarlarında kəskin spazm baş verə bilər”.

Terapevtin fikrincə, birinci növbədə infarktlı xəstələr və hipertoniya xəstələri ehtiyatlı olmalıdırlar. Mütəmadi olaraq dərmanlarını qəbul etməklə yanaşı, həkimə də müraciət etməlidirlər: “Hipertoniya xəstələrində qan damarlarının sıxılması, qan təzyiqinin yüksəlməsi baş verə bilər. Bu isə beynin qan dövranının pozulmasına, hətta, insulta səbəb olur. Belə hava şəraiti tənəffüs sistemi, ağciyər xəstələri, astma və bronxit xəstələri üçün də eyni təhlükəni törədə, tutmalarının tezləşməsinə səbəb ola bilər”. Z.Qəribova xəstələrə belə havada vacib işləri olmadığı hallarda bayıra çıxmamağı tövsiyə etdi. O, həmçinin vurğuladı ki, anomal isti hava şəraiti sağlam insanlarda sinir sisteminin oyanıqlığına, yuxusuzluğa səbəb ola bilər.

Şəfa Tapdıq