Anna Karenina və Konstantin Levin obrazlarının müqayisəli analizi
Lev Tolstoyun "Anna
Karenina” romanında ikiqat paralellərlə kəsişən ehtiras, sevgi və nikah
mövzuları süjet xətləri vasitəsilə təqdim olunan sosial problemlərlə
uyğunlaşır. Anna Karenina ilə Konstantin Levinin əsas qəhrəman olduqları əsərin
süjet xəttində ailə münasibətlərindəki dolaşıqlıq ön plana çəkilir. Hər iki
personaj bir-biri ilə mübarizə aparan iki qüvvə – cəmiyyətin düşüncəsi və
xeyirxahlığın mənəvi qanunu – sayəsində qarışıqlıq və qeyri-müəyyənlik
vəziyyətindədir.
Annanın həyatı yalanla əhatələnmişdir, onun zərif, qəribə və sadiq təbiəti isə Vronskinin sevgisinin gətirdiyi ağrı, işgəncə və əzablarla sarsılır. Anna ona qarşı qısqanclıq və nifrət bəsləyir, bundan başqa hiss edir ki, "onları bağlayan sevgi ilə həmahəng, aralarında həm də hansısa mübarizənin nə onun, nə də özünün qəlbindən çıxara bilmədiyi qəddar ruhu yaranıb”. Anna qəlbində "qeyri-müəyyən qəzəb və qisas” doğulduğunu hiss edir, sonra isə öz ölümü haqqında düşüncələrə dalır: "Ölüm də onun qəlbində qadına qarşı sevgini bərpa edən, onu cəzalandıran və qadının qəlbində məskən salan qəddar ruhla apardığı mübarizədə qalib gəldiyi yeganə vasitədir”. Annanın faciəsi insan təbiətinə xas fiziki və mənəvi iki başlanğıcın qarşıdurmasının nəticəsidir.
Semyon Nikonov
Mənbə: moluch.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
Addımladıqları həyat
yolunda seçim arasında qalan qəhrəmanlar ya mənəvi dalana dirənirlər (Anna), ya
da mənəvi yüksəlişə (Levin) doğru gedirlər. Məşhur ədəbiyyatçı E.Babayevin
(Eduard Qriqoryeviç Babayev – 1927-1995. Sovet və rus ədəbiyyatçısı,
tolstoyşünas, şair – X.N.) fikrincə, romanın bütün bu ideyasını L.N.Tolstoyun
özünün yaratdığı, romana "geniş nəfəs” bəxş edən "ailə düşüncəsi” termini ilə
eyniləşdirmək olar. Anna və Levin
bir-birini tanımasalar da, bir çox məsələlərdə – ictimai vəziyyətlərinə,
mühitlərinə olan münasibətdə və ümumi dünyagörüşlərində – bir-birinə
uyğundurlar. Hər iki qəhrəman rus mülkədarlığının münaqişəli münasibətdə
olduqları mədəni qatına aiddir. Annanı cəmiyyətdə hər şeydən əvvəl insan
münasibətlərində rast gəldiyi, təbiətinə yad olan yalan çəkindirir: "ağıl,
zəriflik, gözəllikdən əlavə ona həm də doğruluq xas idi”. Qrafinya Lidiya
İvanovnanın Peterburqdakı çevrəsi Anna üçün (Moskvaya səfərindən sonra)
dözülməzdir: "Ona elə gəlirdi ki, onlar hamısı riyakarlıq edirlər. Hətta bu
cəmiyyətdə o qədər darıxırdı ki, artıq qrafinya Lidiya İvanovnanın
ziyarətlərinin sayını azaltdı”.
Levin də yaşadığı
cəmiyyətdə insan münasibətlərindəki qeyri-dürüstlüyün şahidi olur və bundan
narazıdır. Sosial münasibətlərdəki nizamsızlıq Levin üçün ilk sırada dayanan
ictimai işdə əngələ çevrilir. Hətta kəndlilərin sevgisi də onu qane etmir,
bilir ki, onların marağı "yad və anlaşıqsız olmaqla bərabər, həm də fatal
cəhətdən ən haqlı maraqları da bir-birinə ziddir”. Levinin düşüncələri onun
ətrafı ilə münaqişədədir: "O, öz-özü ilə əzablı ixtilafda idi və vəziyyətdən
çıxmaq üçün bütün daxili qüvvəsini sərf edirdi”.
Hər iki personaj
axtarışdadır. Anna əri Aleksey Kareninlə ortaq həyatlarında çatışmayan həqiqi
sevgi axtarışındadır, Levin isə ruhunun harmoniyası üçün sosial münasibətlərdə
həqiqət axtarır. Annanın sevgisi ehtirasın təhlükəli, qəddar və kontroldan
çıxmış ünsürü qismində meydana çıxır. Annaya doğru gələn Boloqomdakı "təhlükəli
fırtına” – Vronskiyə duyduğu hər şeyi unutduran hiss ona olduqca gözəl görünür,
amma "qəlbinin arzuladığı bu məntiqli duyğu onu qorxudur”.
Annanın Vronskiyə
sevgisi qəfildən yemək təqdim edilən ac insanın duyğularına bənzəyir. Onu
"sevgisi həyatdakı bütün nemətlərə üstün gələn qadın kimi” sevirdi. Onun
üzərində qüvvətli, vəhşi və hər şeyə üstün gələn, onu həmin dövrün qanunları,
dini və ictimai rəyi ilə eyni həddə məhv edən hiss hakimlik edir. Annanın həyatı yalanla əhatələnmişdir, onun zərif, qəribə və sadiq təbiəti isə Vronskinin sevgisinin gətirdiyi ağrı, işgəncə və əzablarla sarsılır. Anna ona qarşı qısqanclıq və nifrət bəsləyir, bundan başqa hiss edir ki, "onları bağlayan sevgi ilə həmahəng, aralarında həm də hansısa mübarizənin nə onun, nə də özünün qəlbindən çıxara bilmədiyi qəddar ruhu yaranıb”. Anna qəlbində "qeyri-müəyyən qəzəb və qisas” doğulduğunu hiss edir, sonra isə öz ölümü haqqında düşüncələrə dalır: "Ölüm də onun qəlbində qadına qarşı sevgini bərpa edən, onu cəzalandıran və qadının qəlbində məskən salan qəddar ruhla apardığı mübarizədə qalib gəldiyi yeganə vasitədir”. Annanın faciəsi insan təbiətinə xas fiziki və mənəvi iki başlanğıcın qarşıdurmasının nəticəsidir.
Qəhrəmanımız fiziki
başlanğıcın ortaya çıxmasına şərait yaradaraq öz vicdan və rüsvayçılıq hissini,
mənəviyyatını boğur. Anna ilə Levinin rastlaşdıqları situasiyalar faciəyə
aparır, amma əgər Anna daxili mübarizəsində məğlubiyyətə tuş gəlirsə, Levin
özünə qalib gələrək yüksəliş dövrünü yaşayır. Levin mülkədar surətində ev
təsərrüfatı ilə məşğul olarkən özünü aldatdığını dərk edir: "İdarə etdiyi
təsərrüfat ona həm maraqsız, həm də çirkin göründü və o artıq bu işlə məşğul
ola bilməzdi”. Kiti Şerbatski ilə bəxtəvərcəsinə sürən şəxsi həyatına
baxmayaraq, onu da intiharla bağlı düşüncələr izləyir: ayaqqabı bağını
gizləyirdi ki, özünü onunla asmasın və silahla gəzməyə də qorxurdu ki, özünü
güllələməsin. Levindəki dəyişiklik qulluqçusu Fyodrla adi məişət söhbətindən
sonra baş verir: "mujikin Fokanıçın ruh uğrunda yaşadığı haqqında sözləri
mənşəyi naməlum olsa da sanki hansısa kilidin arxasından çıxaraq eyni məqsədə
hədəflənərək beynində dolaşır, öz işığı ilə onu kor edirdi”.
"O, qəlbində yeni duyduğu, hələ nə olduğu
məlum olmayan hissi ləzzətlə yoxlayırdı” – bu dəyişiklik onun ağlı deyil,
duyğuları sayəsində baş verdi və ona təqdim edilən bu qeyri-adi hiss "qəlbinə
gözəgörünmədən kədərlə gələrək möhkəm şəkildə bərqərar oldu”.
Levin həyatın
mənasını ona ancaq əzab və kədər hissi gətirən ağlının gücü ilə dərk etməyə
çalışdı, amma anlamaq üçün daxili səsini, hisslərini dinləmək gərək idi: "Tanrı
üçün yaşamaq, qəlbin üçün yaşamaqdır”. Levinin şəxsiyyətində mənəvi başlanğıcın
qələbəsi onun yüksəlişinə səbəb olur. Xeyirxahlıq, sevgi və həqiqət qanunları
sadə xalqa, xalqın düşüncəsinə və Tanrıya yaxınlaşması sayəsində ona bəlli
olur. Roman onun sözləri
ilə sona yetir: "...mənim bütün həyatım... hər dəqiqəm... şübhəsiz ki, ona
əlavə etməyə hökmüm çatdığı xeyirxahlıqla doludur”. Uşağın dünyaya gəlişi
anında insan mənəvi məsələni düşünür, öz keçmiş şəxsiyyətini adlayaraq başqa
mənəvi səviyyəyə keçir. Bu hadisəni Kiti oğlan övladı dünyaya gətirdiyi zaman
Levində müşahidə edirik. O, adi sevinc və xoşbəxtlik hisslərini yatıran əzablı
qorxu hiss edir: "bu körpə varlığın onun gözlədiyi olmadığını hiss edir. Əksinə
bu yeni, əzablı qorxu idi... bu köməksiz varlığın kədərlənməməyindən dolayı
yaranan qorxu idi”.
Kiti övladını
dünyaya gətirərkən Levin bir il əvvəl vəfat etmiş qardaşı Nikolayı, onun ölüm
anını xatırlayır və doğuş Levinin
nəzərində Əzəli və Əbədi ilə təmasa və ölümə bərabər olur. Doğuş sirri ilə ölüm
sirri arasında xüsusi əlaqə var: "Xeyirlə şər qardaşdır”. Romanda ölüm yeni
həyata doğum etmək kimi təqdim edilir və L.N.Tolstoyun həyat və ölüm konsepti
də burada bitir.
Digər mühüm məqam
onun insanın mənəvi məsələsinə görə narahat olması və əvvəlki şəxsi həyatının
üstündən keçərək nikah kəsdirməyə hazırlaşmasıdır. Lev Nikolayeviç Tolstoy üçün
nikah səmada baş verən, Tanrı hüzurunda and içilən, həyatın ən vacib, müdrik və
ən çətin anıdır. Levin götür-qoy edir: "Mən heç nəyi kəşf etmədim. Bircə nədən
xəbərdar olduğumu dəqiqləşdirdim. Həyatın mənə verdiyi həmin qüvvəni anladım.
Mən yalandan xilas oldum, sahibi tanıdım”. Levin "sahib” dedikdə Tanrını
nəzərdə tutur. Kişi ilə qadın arasında illər ərzində möhkəmlənən mənəvi
bağlılıq cütlükləri bir-birindən uzaqlaşmağa qoymur, bunu Annanın övladını
dünyaya gətirdikdən sonra bir əli ilə Kareninin əlini tutduğu, digər əli ilə
isə onu özündən uzaqlaşdırdığı səhnədə aydın görmək olar.
Yazıçı göstərir ki,
Levin ailəsindəki harmoniya sayəsində bir çox əngəl və çətinliklərin öhdəsindən
gəlməyə nail olur. Xüsusilə də ilk zamanlar Levin haqqında "O, xoşbəxt idi,
amma gözlədiyi kimi yox... o, hər addımda görürdü ki, bu, onun təsvir etdiyi
deyil... o, göldə qayığa əyləşərək rahatlıqla, xoşbəxtcəsinə üzən insanın
hisslərini yaşayırdı” deyilir.
Amma mənəvi
əngəlləri və məişət çətinliklərini aşmaq Kiti ilə ruh qohumluğuna gətirib
çıxarır – "o, qadının ona təkcə yaxın olmaqla qalmadığını, eyni zamanda onun və
özünün başlanğıcının və sonunun naməlum olduğunu anladı...”. Yazıçının
Levinlərin ailəsində təsvir etdiyi idilliya qəhrəmanın sınaqlardan keçərək ona
gəlib çatan ruhi yüksəlişinin nəticəsidir: övladının doğulması, yaxın qohumunun
vəfatı (qardaşı Nikolay Levinin) və Kiti ilə nigahı.
İnsanın doğumu, nikahı
və ölümü ilə rastlaşdığı bu mərhələlər onu mənəvi işin çətinliyini sınamağa,
həyatını yenidən dərk etməyə, Tanrıya və
həqiqi həyata yaxınlaşdıran mənəvi gücü özündə duymağa məcbur edir. Lev Tolstoy
tərəfindən istifadə edilən antitez onun fəlsəfəsi və avtobioqrafik başlanğıcı
ilə həmahəng olaraq romanda obrazların və süjet dönüşlərinin qurulmasının
əsasını təşkil edir.İki süjet xətti
yaşayan, hiss edən və müxtəlif cür sevən insan təbiətindəki ziddiyyətləri
göstərir. Hadisələrin əvvəlində uyğun şəkildə baş verən qarışıq vəziyyətə
baxmayaraq, qəhrəmanlar öz sonlarına çata bilirlər: Anna fiziki ölümünə, Levin
isə mənəvi dəyişiminə. Beləliklə L.N.Tolstoy öz romanında mənəvi birlikdən
məhrum qalmış, xeyirlə şərin, həyatla ölümün, mənəvi və fiziki nəsnələrin
xaosunun hökm sürdüyü parçalanmış dünyanı təsvir edir.
Semyon Nikonov
Mənbə: moluch.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül