Ankaranın Qarabağ planı nədir?
Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla
danışdılar. İki ölkənin prezidenti il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində
əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirlər. Bu dəfə belə olmadı.
Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, Azərbaycan-Ermənistan
qarşıdurmasını detallı şəkildə müzakirə etdilər.
Bu baxımdan bu dəfə telefon danışığının təşəbbüskarının
hansı prezidentin olduğu maraq doğururdu. Çünki, telefon danışığının kimin təşəbbüskar
olmasından məhz hansı prezidentin həmkarı ilə Azərbaycan-Ermənistan
qarşıdurmasını müzakirəsinə marağı ortaya çıxacaqdı. Xəbərlərdə telefon
danışğının təşəbbüskarı haqqında məlumat yox idi, sadəcə yazılırdı ki,
"prezidentlər arasında telefon danışığı olub”.
"Atlas” Araşdırmalar Mərkəzinin məlumatına görə
telefon danışığının təşəbbüskarı Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan
olub. Demək məhz Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Azərbaycan-Ermənistan
qarşıdurmasını müzakirə etmək istəyib.
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ
münaqişəsinin həllinə heç vaxt maraq göstərməyib. Buna dair sadəcə iki misal
göstərmək olar.
Birinci misal. Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl
Moskvada geniş mətbuat konftransı keçirirdi. Mətbuat konfransında iştirak edən
azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya prezidentinə israrla sual
vermək istəyirdi. Mətbuat konfransı bitdikdə ayağa qalxan Putin azərbaycanlı
jurnalistin israrını müşahidə edərək ayaqüstü ona kinayəli şəkildə belə cavab
vermişdi: "... yəqin yenə Qarabağdan sual verəcəksiniz”. Bu cavabın özü Qarabağ
mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi.
İkinci misal. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bir neçə
il əvvəl rusiyalı həmkarıyla görüşdükdə müxtəlif mövzularla yanaşı Qarabağ
mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə cavab vermişdi: "Bu çox mürəkkəb məsələdir”. Putin
bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi
Qafqazdakı əsas problemi Səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə
Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul
etmirdi.
Ancaq indi durum fərqlidir. Moskva istəməsə belə
Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun bir səbəbi Azərbaycanla
Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın
iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə
uzanmasıdır. Yəni Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik
maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan
sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda
qala bilməz və qalmayacaq. Bu səbədən Tovuz istiqamətindəki döyüşlərə ən sərt
reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər
fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə
hazırdılar. Bu mesaj işğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj idi.
Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı
proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil.
Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl
vacib strateji gediş etdi, Türkəyinin ordu birlikləri Naxçıvana daxil oldu və
bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa Türkiyə Azərbaycanla birgə
ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi
bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir
Putin Rəcəb Təyyub Ərdoğanla Azərbaycan-Ermənistan qarşdurmasını geniş şəkildə
müzakirə etməyə bilməzdi.
Aydındır ki, Ankaranın Azərbaycanla bağlı strateji
planı Kremli narahat edir. Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin
eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini
qeyd edib. Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində
danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların
azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların
reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə Putin Ərdoğanla
söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə
çalışıb. Məsələn telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var: "Hər iki tərəf münaqişəli vəziyyətin
istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Liderər tərəfindən
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və
Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla
nizamlanmasının alternativsizliyi qeyd olunub”.
Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu
qəbul edib. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində
Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını
da müzakirə etmək məcburiyyətindədir. Rusiya informasiya agentliklərinin
prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə "regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq
vurğulanıb” cümləsi də bundan verir. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol
aça bilər.
Türkiyənin və Azərbaycanın Qarabağ planı sadədir:
1.
Ermənistan
işğal altındakı Azərbaycan ərazilərini boşaldır;
2.
Azərbaycanlılar
geri qayıdırlar;
3.
Dağlıq
Qarabağa geniş müxtariyyət və təhlükəsizlik təminatı verilir.
4.
Azərbaycan
və Türkiyə Errmənistanla kommunikasiya xətlərini açırlar və beləcə regional əməkdaşlığa
Ermənistanın da qoşulması imkanları açılır.
Ermənistan bu təklifləri əvvəlkitək rədd edib
danışıqların uzanmasına çalışarsa, gərginliyin artmasına və bundan doğan nəticələrlə
barışmalı olacaq.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi