• şənbə, 20 Aprel, 18:32
  • Baku Bakı 24°C

Ankaranın ilk tarixi muzeyi

04.09.14 10:56 1995
Ankaranın ilk tarixi muzeyi
Anadolu Mədəniyyətləri Muzeyi. Ankaranın ilk tarixi muzeyi sayılan bu məkanı ziyarət etməyə hər il minlərlə turist gəlir. Türkiyənin ayrı-ayrı bölgələrindən, Avropadan, Asiyadan, Amerikadan, Cənubi Qafqaz ölkələrindən bu şəhərə gələnlər öncə bu muzeylə tanışlığa can atırlar. Tarixin qədim və nadir incilərini görmək, haqlarında məlumat əldə etmək hamı üçün maraqlı görünür.
Muzey 1921-ci ildə ölkənin mədəniyyət naziri Mübarək Qalib bəy tərəfindən yaradılıb. Yarandığı tarix o qədər qədim olmasa da, eksponatların tarixi bəşər övladının yarandığı dönəmlərdən söhbət açır. Muzey ilk dəfə Ağ qala kimi məşhur olan qala bürcündə yaradılıb. Hazırkı muzeydən bir qədər yuxarıda yerləşən qalanın nə vaxt inşa edildiyi dəqiq bilinmir. Bizans və Roma imperatorlarının hakimiyyəti dövründə əsas müdafiə qurğularından biri olub, 1073-cü ildə isə səlcuqların əlinə keçib. Qalanın üstündən Ankaranın böyük bir hissəsi ovuc içi kimi görünür. Qalanın ətrafı başdan-başa çarşıdır. Burada satılan nəfis zinət əşyaları, əl işləri, cürbəcür suvenirlər göz oxşayır. Qaladan enib muzeyin yerləşdiyi əraziyə daxil olunca əslində bu tikililərin fərqli üslubda olsa belə bir-birinin davamı olduğunu düşünürsən.
Tikilidə eksponatların sayı zamanla çoxluq təşkil etdiyindən muzey 1943-cü ildə qala bürcündən hazırda yerləşdiyi tarixi əraziyə köçürülüb.
Muzeyin 1464-1471-ci illərdə Fatih Sultan Mehmet dönəminin baş vəzirlərindən Mahmud Paşa tərəfindən tikildiyi təxmin edilir. Kitabəsi yoxdur. Mənbələrdə Ankara sof qumaşlarının buradan paylandığı bildirilir. Tikilinin planı klassik tipdədir. Bura 100 qübbə ilə örtülü qapalı məkandır. Atatürkün dövründə mərkəzdə mədəniyyət muzeyi qurmaq məqsədi ilə digər bölgələrdəki Xett əsərlər də Ankaraya göndərilib və bu muzey daha da zənginləşib. Bu gün nadir kolleksiyaları ilə dünyanın sayılı muzeyləri arasında yer alan Anadolu Mədəniyyətləri Muzeyində Anadolu arxeologiyası, paleolit dövründən başlayaraq günümüzə qədər eksponatlar xronoloji ardıcıllıqla sərgilənib. Muzey 1938-68-ci ilə qədər restovrasiya olunub. Ümumilikdə 58 otaqdan ibarət olan muzeydə araşdırma otaqları, kitabxana, konfrans zalı, laboratoriya və emalatxanalar var.
Nadir kolleksiyaları ilə dünyanın nadir muzeyləri sırasında yer alan Anadolu Mədəniyyətləri Muzeyində sərgilənən arxeoloji tapıntıların tarixi paleolit dövrünə qədər uzanır.
Mağaralardan Bizans dönəminədək
Muzeyin binası çox qədimdir. Bələdçilər gələn ziyarətçilərə tarixləri haqqında həvəslə məlumat verirlər. Bundan əlavə, qulaqlıq taxmaqla və hər bölümdə qoyulan monitorlarda eksponatlar haqqında müxtəlif dillərdə məlumat əldə etmək olur.
Muzey 11 bölümdən ibarətdir. Paleolit, Neolit, Qədim Tunc Dövrü, Asur Ticarət koloniləri bölümü, Xett, Frigiya, Urartu və Roma bölümü, Daş əsərlər salonu, Klassik dönəmlər və Ankara bölümləri demək olar ki, Anadolu tarixinin bütün qatlarını özündə əks etdirir.
Muzeydə əsasən arxeoloji əsərlər sərgilənir. Muzeyin arxeoloqu Nuray Dəmirtaş eksponatlar barədə izah verərək “Neolit, qədim tunc və digər dövrlərə aid eksponatlar ziyarətçilərin böyük marağına səbəb olur.
Anadoluda insan övladının mağaralarda yaşadığı dönəmdən Bizans və Osmanlı dönəminə qədər əsərlər bu muzeydə sərgilənir. Ankaraya gələn bütün turistlər mütləq bu muzeyi ziyarət edirlər. Hər il minlərlə insan muzeyə gəlir. Onlar türk insanının bütün həyatını burada öyrənirlər. Bura protokol muzeyi olduğu üçün dövlət rəsmiləri də mütləq bu muzeyi ziyarət edirlər». Arxeoloqun söylədiyinə görə, sonuncu dəfə 3 il bundan əvvəl muzey restovrasiya olunub. Hazırda muzeydə 20 minə yaxın əsər sərgilənir. Ümumilikdə isə muzeyin 200 minə yaxın eksponatı var. Onlar muzeyin fondunda saxlanılır. Əsərlərə muzeyin laboratoriyasında nəzarət edilir və onlar korlandıqda restovrasiya olunur. Muzey bələdçisi bildirdi ki, Türkiyənin hər vilayətində bu cür muzeylər fəaliyyət göstərir və həmin bölgənin yaşayışını, tarixini əks etdirmək baxımından çox əhəmiyyətlidir. “Anadolu muzeyində bölgənin bəylik və krallıq dövrlərini də əhatə edən 200 illik bir dönəmlə bağlı əşyalar var. Xettlər, urartular dövrü məhz bura aiddir”.
Muzeyin otaqlarını gəzərkən bələdçi ilk növbədə paleolit dövründəki eksponatlarla tanış olmağı məsləhət gördü. Anadolu tarixinin böyük bir bölümünü sərgiləyən bu dövr eyni zamanda, ilk insan övladının dünyaya gəlişini və ilk alətlərdən istifadə yolu ilə onların məskunlaşmasını təmsil edir. “O dövrün insanları yaşam meydanı olaraq təbii mağaraları, qaya sığınacaqları özlərinə məskən seçərək ağac və daş alətlərdən istifadə etmişlər. Bu dövr muzeydə Karain Mağarası, Dursunlu, Yarımburğaz mağarası, Qaziantep çevrəsi, Nizip, Dülük, Hatay çevrəsi, Etiyoxuşu, Gavurqala, Üçağızlı mağarası və s. eksponatlarla təmsil edilir.
Neolit dövrü ilk kənd mədəniyyətinin formalaşdığı dövr kimi muzeydə təqdim edilir. O dövrdə əldə edilən alətlər, heykəllər həmin dönəmi dolğun əks etdirir. O dövrdə əkinçilik və heyvandarlıqla bərabər ticarət də meydana gəlib. İnsan və heyvan fİqurları, çaxmaq daşı və müxtəlif alətlər o dövrün yaşam tərzini və özəlliklərini göstərir. Neolit dövrünü əks etdirən və bişmiş torpaqdan hazırlanan Ana Tanrı heykəlciyi maraq doğurur. O dövr muzeydə Göbəklitəpə, Çatalhöyük və Hacılara aid tapıntılarla təmsil edilir.
Muzeyin Kalkolitik dönəmi kimi təqdim olunan bölümündə əkinçilik və heyvandarlığa dair yaşam və kənd həyatını özündə əks etdirən müxtəlif qablar, məişət əşyaları sərgilənir.
Qədim tunc dövründə isə Anadoluda yaşayan insanların tunc mədənlərindən istifadələri ilə bağlı eksponatlar yer alıb. Bu, Anadoluda ilk kənd mədəniyyətinin yarandığı dövrdür. Tuncun yerləşdiyi bütün mədənlərdə əldə edilən materiallardan ustalıqla düzəldilən alətlər sərgilənir. Alaçahöyük kral məzarlarından ələ keçən və qiymətli mədənlərdən hazırlanan əşyalar böyük bir tarixi özündə əks etdirir. Bu sırada Hasanoğlan, Mahmatlar, Eskeyyapar, Horostəpə, Karaoğlan, Ahlatibel, Bolu, Karataşdan tapılan əşyalar qədim tunc dövrünün kolleksiyası kimi sərgilənir. Muzeydə Asur ticarət dönəmi, Hitilər, Firiqlər, Urartular dönəmi ilə bağlı da qədim əşyalar nümayiş olunur. Həmin dövrlərin ən gözəl sənət nümunələrini burada görmək mümkündür. Nadir qablar, qızıl və gümüş sikkələr və məişət əşyaları zaman-zaman arxeoloqlar, tarixçilər, araşdırmaçılar tərəfindən əldə edilərək muzeyə gətirilib. Arxeoloqun dediyinə görə, Anadolunun qədim dönəmləri ilə bağlı araşdırmalar davam edir və gələcəkdə muzeyin eksponatlarının daha da zənginləşəcəyi istiqamətində işlər aparılır: “Məqsəd təkcə muzeyi zənginləşdirmək deyil. Həm də hər tapılan əşya müəyyən bir dönəm haqqında bilgi verir, tariximizi zənginləşdirir”.
İlin muzeyi
Muzeydə həmçinin eramızın birinci minilliyindən başlayaraq əsrlər boyu davam edən Yunan, Roma və Bizans dövrlərinə aid qızıl, gümüş, bürünc, mərmər eksponatlar da diqqət çəkir. O dövrlərdə işlədilən pullarla bağlı kolleksiya da ən qədim eksponatlar kimi təqdim olunur.
Muzeyin orta salonunda daş əsərlər sərgilənir. Hər bir daş özündə türkün qədim tarixinin bir parçasını yaşadır.
Muzeyin bölümlərini ziyarət edən əcnəbilər türkün tarixi hopan əşyalara maraqla baxır, icazə verilən bölümlərdə fotolar çəkir, qeydlər aparırlar. Hər bölümə nəzarət edən mühafizəçilərdən biri ilə söhbət isə ən yaddaqalan məqamlardan oldu. Mühafizəçi ölkəsinin qədim tarixi haqqında bəlkə də hələm-hələm tarixçilərin bilmədiyi bilgiləri verir, mənbələri oxumağı məsləhət görürdü.
Əcnəbilər onlarla ingilis dilində danışan mühafizəçinin fotosunun da kameranın yaddaşına almağı unutmurdular.
“Bu muzey tələbələrin və məktəblilərin türkün tarixi ilə yaxından təması üçün gözəl məkandır. Onlar tarix dərsliklərindən oxuduqlarını reallıqda burda görürlər. Öz tarixlərinə inanmaları və keçmişlərini sevmələri üçün bu, çox önəmlidir”- deyə mühafizəçi bildirdi. Daha bir maraqlı məqam isə muzeyi valideynləri ilə ziyarətə gələn uşaqlarla bağlıdır. Onlar sanki sehrli bir aləmə düşmüş kimi hər eksponatla bağlı suallar verir, hər şeyi öyrənməyə çalışırlar.
Muzeyin 1-ci mərtəbəsində muzeyin tarixini əks etdirən filmlərə baxmaq mümkündür. Həmçinin muzeyin daxilindəki suvenir dükanında bu tarixi özündə əks etdirən müxtəif dildə broşürlər, kitablar satılır.
Tarixi eksponatlarının köklü keçmişi ilə bugünlərə gələn Anadolu Mədəniyyəti Muzeyi 1997-ci ilin aprelində İsveçrənin Lozanna şəhərində 68 muzey arasında birinci yerə layiq görülərək «İlin muzeyi» adını qazanıb. Ankaralılar üçün qürur mənbəyi, tarixlərinin, keçmişlərinin qiymətli bir parçası olan muzey dünyanın da diqqətindən kənar qalmayıb. Muzeyin həyətinə daxil olanda elə ən diqqəti çəkən məqam “İlin muzeyi” sözləri olursa, çıxışda da bu sözlər ziyarətçilərin yaddaşında silinməyən izlər buraxır.
Təranə Məhərrəmova
Ankara

banner

Oxşar Xəbərlər