• şənbə, 20 Aprel, 04:15
  • Baku Bakı 15°C

Ankarada Naxçıvanın 90 illiyinə həsr olunan konfrans keçirilib

23.10.14 15:32 1142
Ankarada Naxçıvanın 90 illiyinə həsr olunan konfrans keçirilib
Ankara Universiteti və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Tarixdə və günümüzdə Naxçıvan” mövzusunda konfrans keçirilib. Tədbirdə, səfirliyin əməkdaşları, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, çox sayda elm adamları və Ankarada təhsil alan tələbələrimiz iştirak ediblər. Səfirlikdən “Kaspi”yə daxil olan məlumatda bildirilir, konfransın açılışında çıxış edən sfir Faiq Bağırov və universitetin prorektoru, professor Berahitdin Albayrak, Naxçıvanın muxtariyyət statusu almasının tarixi, keçmiş SSRİ dövründə onun ictimai-siyasi, sosial-iqtisadi həyatındakı keyfiyyət dəyişiklikləri, Sovet İttifaqının süqutu ərəfəsindən başlayaraq yenidən qarşılaşdığı işğal təhlükəsi, ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası sayəsində mövcud təhlükələrin aradan qaldırılması və müasir inkişaf vəziyyətindən bəhs edirlər.
Daha sonra konfrans Azərbaycan və Türkiyədən olan elm adamlarının məruzələri ilə davam edib. Atatürk Universitetinin professoru İbrahim Ethem Atnurun sədrliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin əməkdaşı Emin Şıxəliyevin “Böyük dövlətlərin geosiyasi maraqlarında Naxçıvanın yeri və “Türk qapısı”na gedən yol”, Naxçıvan Dövlət Universitetinin dosenti Elçin Zamanovun “XX əsrin əvvəllərində Naxçıvanın qurtuluşu uğrunda mübarizə və mövcud vəziyyət”, Ankara Universitetinin dosenti Məmməd Rıza Heyətin “Türk dünyasında Naxçıvanın mədəniyyəti və tarixi şəxsiyyətləri” və Türkiyənin Qazi Universitetinin doktorantı İlhan Aslanın “Sovetlər birilliyinin süqutundan başlayaraq Qafqazdakı çəkişmələrin Naxçıvana sirayəti” mövzusunda çıxış ediblər.
Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük insanların həyatı” adlı kitablar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsəri, Naxçıvanın tarixi, mədəniyyəti, müasir inkişaf göstəriciləri ilə bağlı nəşrlər sərgilənib və konfrans iştirakçılarına paylanılıb.
Tədbirin sonunda, panelin işinə verdikləri dəstək və töhfəyə görə, çıxışçılara səfirlik adından təşəkkür edilib və plaketlər təqdim olunub.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər