• cümə axşamı, 25 aprel, 02:16
  • Baku Bakı 19°C

Ankara və Bakının Tehrana əvəzolunmaz dəstəyi

05.01.18 16:25 765
Ankara və Bakının Tehrana əvəzolunmaz dəstəyi
Qonşu İran İslam Respublikasında qiymət artımına etiraz əlaməti olaraq baş verən kütləvi iğtişaşlar səngiyib. Birləşmiş Ştatlar və onun müttəfiqlərinin böyük ümid bəslədikləri antihökumət qiyamı reallaşmadı. Düzdür, 2018-ci ilin əvvəlində yaşanan bu hadisə İran hakimiyyət orqanları üçün sözün əsl mənasında qəfil, gözlənilməz oldu. Formal olaraq, bu hadisələrə səbəb qiymətlərin artımından irəli gələn narazılıq olsa da, sonradan iqtisadi tələblər siyasi xarakter almağa başladı.
2017-ci il dekabrın 28-də küçələrə çıxan insanlar hərbi və polis obyektlərini ələ keçirməyə başladılar. Vəziyyət yanvarın 2-də pik həddə çatdı - Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Tehran, Məşhəd, Rəşt və İsfahan kimi iri şəhərlərdə baş verən etiraz aksiyalarına 42 min insan qatılıb.
Etiraz aksiyaların baş verməsini etiraf edən və bunun, insanların hüququ olduğunu, hətta səslənən tələblərin bir qismini haqlı sayan İran hökuməti vəziyyətin gərginləşməsində Birləşmiş Ştatlar və onun müttəfiqlərini - Səudiyyə Ərəbistanı və İsraili ittiham etməyə başladı. Rəsmi Tehran bu bəyanatın ardınca nümayişləri yatırmaq qərarı verdi və hazırda 500-ə yaxın insan saxlanılıb. Nüfuzlu "Vestnik Kafkaza” nəşri İran İslam Respublikasında baş verən hadisələrin analizini apararaq, xüsusən etnik azərbaycanlıların yaşadığı əyalətlərinin özlərini necə aparmalarına diqqət çəkib. Qeyd edilir ki, əgər azərbaycanlılar aksiyaları dəstəkləsəydilər, (onlar ölkə əhalisinin 40 faizini təşkil edirlər) onda Tehran rəhbərliyi bunun qarşısında aciz qalardı. Azərbaycanlıların üstünlük təşkil etdiyi ərazilərdə həyat şəraitinin aşağı olmasına, sosial problemlərin, xüsusən də işsizliyin yüksək həddə olmasına baxmayaraq, soydaşlarımız qərbyönlü təxribata getməməyə üstünlük verdilər. Onlar anladılar ki, aksiyaçıların böyük bir qismi "dünyəvi” millətçilərdən ibarətdir. Və onlar müvəffəqiyyət qazanacaqları təqdirdə, daha sərt türkofoba çevriləcəklər. Etiraz aksiyasını "İrana qarşı türk qəsdi” kimi qələmə verməyə çalışan millətçi qruplar, baş verənlərdə Türkiyənin barmağının olduğunu iddia etməyə çalışdılar. Lakin ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara aksiya iştirakçılarını dəstəkləməkdən imtina etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, İrandakı indiki rejim çatışmayan cəhətlərinə baxmayaraq, regionda sabitlik faktorudur və onun yerini qərbyönlü avantürist qüvvələr tuta bilər. Bu isə İranı vətəndaş müharibəsinə sürükləyə, gələcəkdə daha da irəli gedərək Suriya ssenarisinin təkrarlanmasına gətirib çıxara bilər. Aksiyaların baş verdiyi günlərdə Türkiyə və İran prezidentlərinin telefon danışıqları baş tutdu və bu danışıqlarda Ərdoğan Həsən Ruhanini dəstəklədiyini, dinc aksiyaların keçirilməsi hüququnun pozulmasının yolverilməz olduğunu bildirdi. İran prezidenti də bu sözlərə görə türkiyəli həmkarına təşəkkürünü bildirdi.
Qiyamçıları dəstəkləməkdən Azərbaycan da imtina etdi. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, rəsmi Bakı hadisələrin İran qanunvericiliyinə uyğun olaraq dinc yola inkişafını dəstəkləyir. Türkiyə və Azərbaycanın belə bir mövqe nümayiş etdirməsindən və qanuni hakimiyyəti müdafiə etməsindən sonra İranın güc strukturları ölkəni xaos və davamlı vətəndaş müharibəsinə aparıb çıxaracaq hadisələrin qarşısını almağa müvəffəq oldu.
Nəticədə, İran İslam Respublikası İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri qarışıqlığa son qoyulduğunu bəyan etdi. İranda sülh və əmin-amanlığın bərqərar olmasında Türkiyə və Azərbaycanın, eləcə də, qanunpərəst İran azərbaycanlılarının əvəzsiz rolu oldu. Cavab addımı İran rəhbərliyinindir. Və inanmaq istərdik ki, yaddaşlarda hələ təzə olan bu hadisələrdən nəticə çıxarmaq, kimin dost, kimin düşmən olduğunu anlamaq mümkündür.

Azər
banner

Oxşar Xəbərlər