• çərşənbə axşamı, 19 mart, 09:23
  • Baku Bakı 8°C

Ankara Trampın bəyanatından narazıdır

26.04.17 09:00 1183
Ankara Trampın bəyanatından narazıdır
Gözlənildiyi kimi, Birləşmiş Ştatların prezidenti Donald Tramp da özündən əvvəlki sələfləri kimi ermənilərin qondarma soyqırımı günü "soyqırımı” sözünü dilinə gətirmədi. D.Tramp eks-prezident Barak Obama kimi 1915-ci il hadisələrini sadəcə olaraq "böyük fəlakət” adlandırmaqla kifayətləndi. Qeyd edək ki, 24 apreldən öncə ABŞ Nümayəndələr Palatasının 83 üzvü D.Trampa məktub ünvanlayaraq 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanımasını istəmişdi. Məktubda ABŞ prezidenti Ronald Reyqanın 1981-ci ildə "erməni soyqırımı” ifadəsini işlətdiyi xatırladılıb. Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasından olanların sayı 10-dan az olub. Düzdür, ermənilərin Trampın "soyqırımı”nı tanıyacağına ümidləri yox idi. Lakin nəzərə alaq ki, Tramp qeyri-adekvat bəyanatları və fikirləri ilə tanınır. Erməni lobbisi də ümid edirdi ki, Tramp Reyqan kimi "erməni genosidi” sözünü dilə gətirə bilər.
ABŞ erməniləri Trampın "soyqırımı” ifadəsini işlətməməsindən təəssüf hissi keçirdiklərini bildiriblər. Amerika Erməni Milli Komitəsinin direktoru Aram Ambaryan bununla bağlı yaydığı bəyanatda bildirib ki, Trampın ermənilərin saxta soyqırımını tanımadığı barədə bəyanatı Ankaranı daha da arxayın etmiş olacaq. Onun sözlərinə görə, "soyqırımı” qurbanlarının xatirəsini qeyd etməməklə Traçp faktiki olaraq Ərdoğanın yürütdüyü siyasəti müdafiə etmiş olub.
Ağ evin mətbuat katibi Şon Spayser də Trampın "soyqırımı” ifadəsini işlətməməsini şərh edib. Onun sözlərinə görə, Ağ evin rəhbəri əvvəlki administrasiyaların bəyanatlarını təkrarlayıb: "Siz Buş və Obama dövründə səslənən bəyanatlara nəzər salsanız görərsiniz ki, prezident Tramp bu məsələdə onların bəyanatlarını təkrarlayıb”.
Öz növbəsində ermənipərəst konqresmen Adam Şiff Trampın məlum bəyanatından təəssüf hisi keçirdiyini bəyan edib. "Tramp Türkiyə ilə münaqişəyə girmək istəməyən həm demokrat, həm də respublikaçı prezidentlərdən ibarət siyahıya qoşuldu və ABŞ-ı inkar etmə kampaniyasının bir hissəsinə çevirdi”, - deyə konqresmen Los-Ancelesdə türk konsulluğu qarşısında keçirilən aksiyada bildirib.
Trampın baş verənləri "böyük fəlakət” adlandırması rəsmi Ankaranın narazılığına səbəb olub. Ankara ABŞ prezidentinin bəyanatına reaksiya verib. "Donald Trampın qondarma "erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya əsaslanıb” – deyə Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib. "Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir. Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq”, - deyə məlumatda deyilir.
Türkiyə ABŞ rəhbərliyini erməni diasporunun nifrət ritorikalarına qarşı diqqətli olmağa çağırıb.
Öz növbəsində Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğan 1915-ci il olayları və Türkiyədəki ermənilərin dini rəhbərinin seçilməsi ilə bağlıİstanbuldakı erməni dini liderAram Ateşyana məktub ünvanlayıb: "Birinci Dünya Müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə başsağlığı verirəm.Bölgənin iki qədim toplumu olaraq,türklər vəermənilər min ildir çiyin-çiyinə yaşadıqları bu coğrafiyadaortaqbir tarixvə mədəniyyəti paylaşıbdır. Erməni toplumu istərOsmanlı dövründə, istərsə dəcümhuriyyətimizin yüz ilə yaxınlaşan keçmişində çox qiymətli övladlar yetişdirərək, ölkəmizin inkişafına böyük dəstəkveriblər.Dünən olduğu kimi,bu gün dəermənilər ölkəmizin bərabər və azad vətəndaşları olaraq, sosial, siyasi və ticarət həyatımızın hər sahəsində önəmli rollar almaqdadırlar. Yüz illərləsevincvə kədərdə ortaq olan iki xalqın keçmişin yaralarını sarması və insani bağlarını daha da qüvvətləndirməsi hamımızın ortaq məqsədidir.Bu istiqamətdə 14 ildə bir çox addım atdıq, tarixiislahatlar həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaya yönəlik çalışmalarımızıönümüzdəki zamanda da artırmaqla, davam etdirəcəyik. Bu məqsədlə xüsusi bəyan edirəm:ölkəmizdəki erməni camaatının rahatlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün xüsusi önəm daşıyır. Tək bir erməni vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına, özünü 2-ci sinif hiss etməsinə səbrimiz yoxdur”.
Yeri gəlmişkən, Türkiyə polisi qondarma soyqırımıyla bağlı tədbirlərin keçirilməsinə qadağa qoysa da, kürdlərin Xalqların Demokratik Partiyası (HDP) ermənilərlə həmrəylik nümayiş etdirərək İstanbulda tədbir keçirib. Aksiya zamanı saxta soyqırımıyla bağlı şüarlar da səslənib.
Rəsmi olmayan rəqəmlərə əsasən, təkcə İstanbulda ermənilərin sayı 40-45 min civarındadır. Ötən il Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan ölkədə 100 minə yaxın erməni yaşadığını və onlardan yalnız yarısının Türkiyə vətəndaşı olduğunu bildirib. Sayları 50 minə belə çatmasa da, ermənilər son iki dönəm Türkiyə parlamentində üç deputatla təmsil olunmağı bacarıblar. Markar Eseyan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Selin Doğan əsas müxalifət partiyası olan Respublika Xalq Partiyası (CHP), Qaro Paylan isə kürdpərəst HDP-ni Türkiyə Böyük Millət Məclisində təmsil edirlər.
Qondarma soyqırımı günü İranda yaşayan ermənilər də Tehranda mitinq keçiriblər. Mitinq Türkiyənin İrandakı səfirliyi qarşısında baş tutub. Ermənilər Sərkis kilsəsindən Türkiyə səfirliyinə qədər yürüş təşkil ediblər. Aksiyaya İran təhlükəsizlik qüvvələri heç bir müdaxilə etməyib. "GAMAC.info” saytı bu aksiyada iştirak edənlərin əsasən ASALA və Daşnaksütyun ideologiyasının tərəfdarları olduğunu bildirib. Məşhur iranlı politoloq Sadiq Zibakəlam də "Qanun” qəzetində yazdığı məqalədə ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdiyi aksiyaya toxunub: "Tehranda keçirilən yığıncaq ermənilərə yardım və ya humanist mülahizələrə görə deyil. Bu, Tehranla Ankaranın arasında mövcud olan kin və nifrətlə bağlıdır”. Qeyd edək ki, dünən azərbaycanlı fəallar bəyanat yayaraq, İran hökumətindən aksiyanın qarşısını almasını istəmişdi. Azərbaycanlılar Qarabağ, Xoy, Salmas və Urmiyada ermənilərin törətdikləri cinayətlərin hələ də unudulmadığını və aksiyanın keçirilməsinin milyonlarla türkə təhqir olduğunu açıqlamışdılar. Onlar bu aksiyanın keçiriləcəyi təqdirdə İran hakimiyyəti üçün Azərbaycan vilayətlərində baş ağrısının yaradılacağını bildirmişdilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər