Ankara sərhəd müharibəsinə geniş baxır
Türkiyənin müxtəlif televiziya
kanallarında Tovuz istiqamətində döyüşlərlə bağlı müzakirələr günlərlə davam
etdi. Türkiyənin tanınmış ekspertlərinin müzakirlərindən bir neçə qənaətə
gəlmək mümkündür.
Birincisi, türkiyəli ekspertlər hesab
edirlər ki, son insident Rusiyanın planıdır. Rusiyanın Liviyadakı mövqeləri
zəiflədiyindən və Türkiyə Liviyada gücləndiyindən Kreml bunun əvəzini
Türkiyənin Qafqazdakı stareji müttəfiqi Azərbaycana Ermənistan üzərindən zərbə
endirməklə çıxmağa çalışıb və bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərib.
İkincisi, türkiyəli ekspertlər hesab
edirlər ki, Azərbaycanı zəiflətmək Türkiyəni zəiflətmək deməkdir. Ona görə də
Türkiyə necə ki, İraqda, Suriyada və Liviyada hərbi yolla öz maraqlarını
müdafiə edir, Mehmetciyin Azərbaycana yardıma getməsi mümkün variantlardan
biridir. Bu sırada Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əlaqələrin
daha üst səviyyəyə qaldırılması gündəmə gətirilir.
Üçüncüsü, türkiyəli ekspertlər hesab
edirlər ki, Fransa da Tovuzdakı insidentdə maraqlı olub. Çünki, Fransa Liviyada
Türkiyəyə məğlub olub. Fransa üçün Liviyanın
itirlıməsi illərdir sərvətlərini xortumladığı orta Afrika ölkələrinə
çıxış imkanlarını məhdudlaşdırır. Ona görə də dünyada say etibarilə ermənilərin
ikinci böyük lobbisi olan Fransa Qafqazda Türkiyənin maraqlarının zəiflədilməsinə
çalışır.
Dördüncüsü, türkiyəli siyasi
ekspertlər hesab edirlər ki, Tovuzun yaxınlığından keçən neft və qaz boru
xətlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna ciddi təhlükə var. Bu isə
birbaşa Türkiyənin təhdid edilməsi deməkdir.
Beləliklə, türkiyəli ekspertlər
Tovuzdakı insidentə geniş apsketdən yanaşırlar. Elə Türkiyə Cumhurbaşqanı Rəcəb
Təyyub Ərdoğanın ermənilərin təxribatına "Bu hücum Ermənistanın səviyyəsini
aşan hadisədir” açıqlaması da arxa planda başqa güclərin olduğuna işarədir.
Dağlıq Qarabağda 1990-cı
illərin əvvəllərindəki müharibədən sonra Azərbaycanla Türkiyə arasındakı
strateji əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Türkiyə 1990-cı illərdəki
durumundan fərqli olaraq hazırda regional gücə çevrilib və Azərbaycana qarşı
təxribatlara seyrçi qalmayacaq. Ankarada Azərbaycanın təhlükəsizlik maraqları
Türkiyənin təhlükəsizlik maraqları ilə eyni tutulur. Odur ki, əgər xarici
güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edirlərsə, Ankarada
artıq bunu Türkiyəyə hücum kimi dəyənləndirirlər. Ona görə də Türkiyə necə ki,
öz maraqlarını ətraf ölkələrdə qoruyur, eyni maraqlarını bir nömrəli strateji
müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır.
Elxan ŞAHİNOĞLU
"Atlas” Araşdırmalar Mərkəzi