• cümə, 29 Mart, 15:27
  • Baku Bakı 14°C

Ankara ilə Vaşinqton arasında viza böhranı

10.10.17 09:00 1310
Ankara ilə Vaşinqton arasında viza böhranı
Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin mərhələyə qədəm qoyub. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Vaşinqtonda qəbul edib onu "dostum” adlandıran ABŞ prezidenti Donald Tramp indi qardaş ölkənin vətəndaşlarına viza rejiminin dayandırılmasına göstəriş verir. ABŞ-ın bu ölkədəki səfirliyi yaydığı açıqlamada bəyan edib ki, Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırıblar. "Son vaxtlar baş verən olaylar ABŞ hökumətini ölkədəki türk rəsmilərin taleyi haqda fikirləşməyə məcbur edib. Buna görə də Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi müvəqqəti olaraq dayandırırıq”, - açıqlamada deyilir. Rəsmi Ankara da bu qadağanı cavabsız qoymayıb. Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq, öz ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Bildirilir ki, səfirlik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb. Türkiyənin Vaşinqtondakı səfirliyi verdiyi bəyanatda bildirib: "Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi”. "Bu qiymətləndirmə davam edərkən, ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərini dərhal dayandırdıq”, - deyə bəyanatda bildirilir. Bu tədbirin stiker vizaları, eləcə də e-viza və sərhəd vizalarına tətbiq olunacağı da deyilir. Türkiyənin bəyanatı ABŞ-ın bəyanatı ilə eynidir, yalnız ölkənin adı dəyişdirilib.
Qeyd edək ki, viza verilməsinin dayandırılmasına səbəb ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşının FETÖ ittihamı ilə həbs edilməsidir. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı deyilir. Xatırladaq ki, FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində barələrində cinayət işi başladılan keçmiş polis əməkdaşları Yakup Sayğılı, Nazmi Ardıç, Mahir Çakallı, Mehmet Akif Üner və keçmiş prokuror, Türkiyədən qaçdığı üçün hazırda axtarışda olan Zəkəriyyə Özlə işbirliyində olduğu güman edilən ABŞ Baş konsulluğunun əməkdaşı Metin Topuz barəsində həbs qərarı verilib. O, Konstitusiya qaydalarını pozmaqda, dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini devirmək təşəbbüsündə təqsirli bilinir. "Yeni Şafak”qəzetinin xəbərinə görə isə Topuzun FETÖ-çü polis şefləri ilə birlikdə ABŞ-a səfər etdiyi ortaya çıxıb.Topuzun başqasının adına qeydiyyatda olan telefon xətti ilə saxta dəlil və səs qeydlərinin ölkə xaricinə çıxarılması işində FETÖ-çülərlə əlaqəli olduğu müəyyən edilib. Ardınca da ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsi müzakirə olunub. Müvəqqəti işlər vəkilindən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.
Öz növbəsində, xarici işlər naziri Mövlud Çavuşoğlu mövzunu dəyərləndirərək deyib ki, Birləşmiş Ştatların İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz barəsində hökm verəcək siyasi xadimlər mən, yaxud da ABŞ Dövlət Departamenti deyil, müstəqil məhkəmədir. Ciddi ittihamlar və dəlillər var. Diplomatik vəzifədə olduğundan məlumatlandırıldım, mənim özüm də İstanbuldakı məhkəmə səlahiyyətlilərinə sordum. Onlar da ciddi məlumatlar və sübutlar olduğunu söylədilər”. Prezident Ərdoğanın lideri olduğu AKPdə Vaşinqtonla yaşanan viza gərginliyinə rəsmi reaksiya verib. Partiya sözçüsü Mahir Ünal Xarici İşlər Nazirliyi tərəfindən məsələyə aydınlıq gətiriləcəyini deyib: "Cənab prezident Ərdoğan gərəkli açıqlama verəcək. Bəli, ABŞ səfirliyi açıqlama yaydı, bizim də ABŞ-dakı səfirliyimiz eyni addımı atdı. Prosesi yaxından izləyirik. Son dərəcə diqqətli və beynəlxalq hüquqda haqlı olduğumuzun arxasında duraraq, bərabər şəkildə varlığımızı göstəririk. Türkiyəyə qarşı hər hansı bir sanksiyaya səssiz qalmayacağıq”. Mahir Ünal ABŞ-la müttəfiq olduqlarını da xatırladıb:"Hər şeydən əvvəl NATO-damüttəfiqik. O üzdən münasibətlərimizə son dərəcə diqqət edirik”.
Son məlumatlara görə, dünən Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib. Türkiyə KİV xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur. Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb. İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı "Bank Asya”ya pul yatırıb. "Bank Asiya” isə FETÖ-nün nəzarətində olub və bağlanıb. O da bəlli olub ki, rəsmi Ankara başqa sərt cavab tədbirlərinə hazırlaşır. Belə ki, Türkiyə "İncirlik” hərbi-hava qüvvətləri bazasını ABŞ HHQ üçün bağlaya bilər. Bu məlumatı Türkiyənin "Hürriyet” qəzeti yayıb. Gərginlik maliyyə bazarlarına da təsir edib. Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. "Bloomberg” xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir. Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyəyə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb.
Azər
banner

Oxşar Xəbərlər