• şənbə, 20 Aprel, 13:59
  • Baku Bakı 23°C

Ankara ilə Berlin arasında qalmaqal

04.03.17 10:00 984
Ankara ilə Berlin arasında qalmaqal
Türkiyə ilə Almaniya arasında münasibətlər yenidən gərginləşib. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə Almaniyada yaşayan türklərlə görüşün ləğv edilməsi iki ölkə arasında ciddi diplomatik qalmaqal yaradıb. Bu barədə Fransada açıqlama verən nazir Bəkir Bozdağ bildirib ki, Almaniya görüşə az qalmış gözlənilmədən toplantıya icazə verilməyib. Səbəb isə çox bəsit göstərilib:"Toplantının keçiriləcəyi məkanda yeraltı qaraj yoxdur”.
Ankara isə bunu bəhanə adlandırıb və Almaniyanın birmənalı şəkildə Türkiyəyə qarşı addım atdığını bəyan edib. Nazir 15 iyuldakı çevriliş cəhdində iştirak edən, Cümburbaşqanlığı İqamətgahını bombalayan, vətəndaşları şəhid edən, dövlətə zərər verən, dövlət başçısının canına qəsd edənlərin Qərb dünyasında himayə edildiyini və bu kəslərə sığınacaq haqqı verilməyə cəhd göstərildiyini qeyd edərək, bu mövqeyin demokratiya və hüquq dövləti anlayışı ilə üst-üstə düşmədiyini vurğulayıb.
Terror təşkilatı PKK-nın da Avropada himayə edildiyini dilə gətirən nazir deyib ki, "PKK-nın terror təşkilatı olduğunu Avropa Şurası və Avropa ölkələrinin hamısı qəbul edir. Amma buna baxmayaraq, hər gün qadın, uşaq fərqi qoymadan günahsız insanları öldürən PKK-nın Brüsseldə sərgi açmasına icazə verilir”. Bozdağ "İŞİD, yaxud da başqa terror təşkilatı Avropada sərgi aça bilərmi? Təbliğat apara bilərmi?” - deyərək terror təşkilatları arasında ayrı-seçkilik edən Qərb ölkələrinə sərt etiraz edib.
Qeyd edək ki, Almaniyada yaşayan 3 milyon türkdən 1,4 milyonunun Türkiyə səsvermələrində iştirak etmək hüququ var.
Yeri gəlmişkən, ədliyyə naziri ilə yanaşı, iqtisadiyyat naziri Nihat Zeybekçinin də Almaniyada keçirməyi planlaşdırdığı toplantının ləğv edilməsindən sonra Almaniyanın Türkiyədəki səfiri Martin Erdmann Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik rəsmisi Mehmet Kemal Bozay tərəfindən qəbul edilən Martin Erdmanna Türkiyənin keçirdiyi narahatlıqçatdırılıb.
İki nazirin keçirəcəyi toplantıya icazə verilməməsinin demokratik və hüquqi dövlət prinsiplərinə uyğun gəlməyən fakt kimi ifadə azadlığına zidd bir davranış olduğu bildirilib.
Avropa ittifaqı naziri Ömər Çəlik də sosial media vasitəsilə göstərdiyi reaksiyada bildirib ki, "Almaniya ilə demokratiya, hüquq dövləti kimi ortaq dəyərləri bölüşürük. Bu dəyərlərə hörmətlə yanaşılmasını gözləyirik. Vətəndaşların məlumatlandırılması demokratik haqdır, buna mane olunması qəbul və izah edilə bilməz. Almaniya hökuməti bu addımı atmaqla demokratlar arasındakı körpüləri zədələyir. İnsanları biri-birindən qopararaq, ideoloji Berlin divarları inşa edir”.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da Almaniyanın davranışını pisləyib: "Bu qalmaqallı qərarın PKK və FETÖ kimi təşkilatlara qucaq açan bir ölkədə qəbul edilməsi Avropanın gələcəyi üçün olduqca narahatlıq doğurur”. Öz növbəsində CHP lideri Kamal Kılıçdaroğlu da Almaniyanın Ədliyyə Nazirliyinin Bəkir Bozdağın toplantısını ləğv etməsinə münasibət bildirib. İstanbulda qatıldığı bir tədbirdə mövzuya toxunan Kılıçdaroğlu Almaniyanın yanlış qərar verdiyini bildirib: "Ədalət və İnkişaf Partiyasından 2 millət vəkili Almaniyada danışacaqdı, danışmaları ləğv edilib. Əsla doğru deyil. Həm dünyaya demokratiya dərsi verirsiniz, həm də bir partiyanın 2 naziri danışmaq istəyərkən bunu hansısa bir səbəblə qadağan edirsiniz. Qəti şəkildə birmənalı qarşılamırıq. Onlar da çıxış etməli, öz fikirlərini bildirməlidirlər. Hər kəs öz fikrini azad ifadə etməlidir”.
Ekspertlər diqqəti ona yönəldirlər ki, bundan əvvəl Türkiyədə almaniyalı jurnalist həbs edilib. Onların qənaətincə, nazirə qadağa qoyulması da bununla bağlıdır. Özü də bu həbslə əlaqədar Almaniyanın bir çox siyasətçiləri Merkel hökumətini Türkiyəyə təzyiqləri artırmağa çağırmışdılar. "Die Welt” qəzetinin müxbiri Dəniz Yücel "terrorçu təbliğatda və Türkiyə hökumətini gözdən salmaqda” ittiham edilərək həbs olunub.
Ədliyyə naziri B.Bozdağ Dəniz Yücelinhəbs olunmasına dair siyasi olmayan qərarımüstəqil türk məhkəməsinin qəbul etdiyini söyləyib.
Britaniyanın "The Teleqraf” qəzetinin yazdığına görə, jurnalistin həbsi onun kürdlərin terrorçu təşkilatı – PKK komandanından müsahibəsi, həm də Türkiyənin enerji nazirinin elektron məktublarına (e-mail) haker hücumları haqda xəbəriylə bağlı ola bilər. Enerji və təbii ehtiyatlar naziri Berat Albayrak həm də Türkiyə prezidentin kürəkənidir. Hakerlər onun e-mail-lərindən bəzilərini "Wikileaks”ə ötürüblər. Mətbuatın yazdığına görə, D.Yüceli dindirərkən onun hakerlərlə əlaqəsi olub-olmadığını soruşublar. Jurnalisti həmçinin, Türkiyənin kürd siyasəti, PKK komandanı Cemil Bayıkla bağlı sorğu-sual ediblər. D.Yücel C.Bayıkdan müsahibəni iki il əvvəl alıb.
Azər
banner

Oxşar Xəbərlər