• çərşənbə, 24 Aprel, 21:28
  • Baku Bakı 23°C

Ankara “C-400”- raketlərini “Patriot”la əvəzləyir?

16.11.18 18:08 654
Ankara “C-400”- raketlərini “Patriot”la əvəzləyir?
Rusiya prezidenti Vladimir Putinin gələn həftənin birinci günü Türkiyəyə edəcəyi səfər və müzakirə olunacaq kritik məsələlər diqqət mərkəzindədir. Lakin səfər ərəfəsində bir sıra problemlər üzə çıxıb. Məsələ ondadır ki, Kreml hesab edir ki, Rusiyanın hərbi-siyasi və geosiyasi maraqları təhlükə altına düşə bilər. Söhbət Suriya prezidenti Bəşər Əsədlə müxalifət qüvvələri arasında İdlibdə hərbi əməliyyatların qızışmasından, ən əsası, Ankaranın Moskvadan C-400 zenit-raket qurğularını almaq barədə qərarını dəyişə bilməsindən gedir. Faktiki olaraq, Ankara və Moskvanın iştirakı ilə İdlibdə yaradılan barışıq pozulub. Suriyada tərəfləri barışdırmaq üçün yaradılan barışıq mərkəzinin gündəlik hesabatları, eləcə də, ərəb və Türkiyə mətbuatının yaydıqları məlumatlar da bunu təsdiq edir. Sentyabrın 17-də Soçidə Rusiya və Türkiyə prezidentləri tərəfindən imzalanan Rusiya-Türkiyə memorandumuna görə, İdlibdə oktyabrın 18-nə qədər 15-20 km-lik silahsızlaşdırılmış zona yaradılmalı idi. Lakin Ankara İdlibdə birgə patrul xidməti həyata keçirilməsi üçün ona vaxt verilməsi xahişi ilə çıxış etdikdən sonra bu proses bir qədər təxirə salındı. Görünür, vəziyyət heç zaman nizamlanmayacaq. Suriyadan gələn xəbərlərə görə, İdlibdəki yaraqlılar hökumət qoşunlarına qarşı daha ciddi müqavimət göstərmək niyyətindədirlər. Rusiya mediası iddia edir ki, Türkiyə neytrallığı qoruyub saxladığını bəyan etsə də, bu ölkədən yaraqlıların bölgəyə axını davam edir. Lakin əlavə edilir ki, Moskvanı narahat edən əsas bu yox, Türkiyə rəhbərliyinin Birləşmiş Ştatlarla münasibətləri normallaşdırmaq barədə atdığı addımlardır. Bu günlərdə Türkiyə hakimiyyətinə yaxın kütləvi informasiya vasitələrində, Ankaranın, C-400-lərinin əvəzinə "Patrirot” zenit raket qurğuları alacağı barədə məlumat yayılıb. Məsələn, "Anadolu” agentliyi yazır ki, "Türkiyə hakimiyyət orqanları Pentaqonun ABŞ Konqres qarşısında "Patriot”ların çatdırılması ilə bağlı ona əlavə səlahiyyətlərin verilməsi tələbini qoymasını gözləyir. ABŞ Müdafiə Nazirliyi həmçinin, Türkiyəyə bu sistemlərin verilməsindən sonra onlara xidmət göstərilməsinə də məsul olacaq. Nəzərdə tutulub ki, Konqres Pentaqona belə bir səlahiyyəti dekabrın sonlarına kimi təqdim edə bilər. Rusiya mediası dərhal bu xəbəri ciddi reaksiya ilə şərh edib. Bəyan edilib ki, bu addım gözlənilməzdir, axı Türkiyə və Rusiya hələ keçən ilin dekabrında ümumi dəyəri 2,5 mlrd. dollarlıq C-400-lərin alınması barədə sənədə imza atıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərindən belə çıxmışdı ki, Ankara bu vəsaitin artıq yarısını ödəyib. Və bu anlaşmadan bir il sonra Ankara raket kompleksinin birinci hissəsini almalı idi. "Ancaq alacaqmı?”- deyə Rusiyanın "Nezavisimaya qazeta” nəşri sualla çıxış edib. Yenə də "Anadolu” agentliyi məlumat verir ki, Vaşinqton növbəti dəfə Ankaranı xəbərdar edib. Moskvadan C-400 raketləri alınacağı təqdirdə, Türkiyəyə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini satmaqdan imtina edə bilər. "Dəqiq deyə bilmərəm – Ankaraya C-400-lərin satılmasından sonra sanksiyalar tətbiq olunacaq, ya yox, amma belə bir ehtimal var. ABŞ administrasiyası bu məsələ ilə bağlı optimizmi bölüşmür. C-400-lər F-35-lərin uçuşlar təşkil edəcəyi rayonlarda yerləşdiriləcək və bu da təhlükədir”, - deyə agentliyin mənbəsi bildirib. Bütün bunlara baxmayaraq, Türkiyə suveren dövlətdir və istənilən ölkədən istənilən silahı almaq hüququna malikdir. Lakin əlavə edilir ki, NATO-ya inteqrasiya nöqteyi-nəzərindən Rusiyanın raket sistemləri problemlidir. Hər halda, Vaşinqton və Ankara arasında danışıqlar davam edir. O da bildirilir ki, artıq Türkiyə və ABŞ arasında "Patriot” raketlərinin alınması barədə danışıqlarda pozitiv tendensiyalar hiss olunmağa başlayıb. Beləliklə, Ankara Moskva üçün əlverişli olmayan bir qərar qəbul edə, yəni C-400-ləri almaqdan imtina edə bilər.
Bəlli olduğu kimi, Türkiyə ilə ABŞ arasında münasibətlərin normallaşması amerikalı keşiş Endrü Bransonun həbsdən azad edilməsi ilə normallaşmağa doğru istiqamət götürüb. Keşiş FETO ilə əlaqədə şübhəli bilinərək iki il ev dustağı vəziyyətində saxlanılıb. Keşişin azad edilməsindən sonra ABŞ PKK separatçı terror təşkilatının liderlərinin həbsi məsələsini gündəmə gətirdi, onların başına qoyulan mükafat fondunu da qaldırdı. Pentaqon isə türk hərbçiləri ilə birlikdə Suriyanın Mənbic rayonunda birgə patrul fəaliyyətinə başlayıb. Vaşinqton tərəfindən digər preferenslər də gözlənilir və bu addımlar Suriyanın şimalında aktiv fəaliyyət göstərməyə gətirib çıxaracaq. Moskvanın buna qarşı çıxacağını söyləmək çətindir. Axı qarşıda "Türk axını” var, rəsmi Moskva bu səbəbdən də Afrində kürd anklavına qarşı əməliyyat keçirmək üçün Türkiyəyə hər hansı bir maneçilik törətmədi. Bundan əlavə, Rusiya İdlibdə də hərbi əməliyyat keçirməyəcəyini bəyan etdi. O zaman Əsəd hökuməti Moskvanın bu addımından narazı qalmışdı. Ərəb KİV-lərinin yaydıqları xəbərə görə, hökumət qoşunları hazırda İdlib yaxınlığında yerləşiblər və silahlılara qarşı yeni hərbi əməliyyata hazırlaşırlar. Moskvanın İdlibdəki yaraqlıları məhv etmək üçün keçiriləcək əməliyyatda onlara yardım edəcəyi bəlli deyil. İran bu məsələdə Dəməşqin real müttəfiqi olaraq qalır və bu tək Türkiyəni deyil, ABŞ və İsraili özündən çıxarır. Bu səbəbdən də, Vaşinqton Ankaranın Tehrandan iqtisadi asılılığını maksimum dərəcədə azaltmaq, o cümlədən Türkiyənin İrandan neft almasını azaltmaq istiqamətində planlar üzərində çalışır. Bəzi təsdiq olunmamış xəbərlərə görə, ABŞ heyəti bu yaxınlarda Ankarada səfərdə olub və məqsəd də Türkiyənin İrandan neft almasını azaltmaq olub. Türkiyəyə, bu boşluğu İraq Kürdüstanından neft və qaz almaqla doldurmağı təklif edib. Lakin görünür, Ankara buna hələ hazır deyil. Məsələ ondadır ki, orada neft biznesi ilə Rusiya strukturları məşğul olur. Bütün bu məsələlərə isə böyük ehtimalla, Putinin Ərdoğanla danışıqlarında aydınlıq gətiriləcək.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər